- Ədəbiyyat

Aida QASIMOVA. Xəttatlıq sənəti

Bu yazı “Ərəb ədəbiyyatı, v-xııı əsrlər” kitabımın müvafiq bəhsinin kitabın ikinci nəşri üçün yenidən işlənmiş variantıdır. Yazıda Yaqut əl-Həməvi ər-Rumi, Qazi Əhməd, əl-Qalqaşandi kimi orta əsr müəlliflərinin əsərlərindən, eləcə də A. Schimmel, S. H. Nasr, A. Kaziyev, A. Knış, D. Roxburgh, Q. Yusifi kimi alimlərin tədqiqatlarından istifadə olunub. 

Rəsmlərin, heykəllərin qadağan olunduğu Müsəlman Şərqində digər incəsənət növlərində məharətini sınaya bilməyən sənət adamları bütün istedadlarını yazı sənətinə yönəltdilər ki, bu da kalliqrafiyanın bir incəsənət olaraq çiçəklənməsi ilə nəticələndi. Qeyd edək ki, xəttatlıq sənəti yalnız yazı işləri ilə kifayətlənməyib memarlığa da böyük təsir göstərdi. Ayrıca olaraq  Qur’anın qüdsiyyəti və yazının müqəddəs kəlamla əlaqələndirilməsi yazı ilə yanaşı, yazı alətlərinin də xüsusi önəm kəsb etməsinə gətirib çıxardı.

Məlumdur ki, yazı ərəblərə hələ cahiliyyət dövründən məlum idi. İslamdan əvvəl ərəblər yeddi ən yaxşı qəsidələrini qızıl suyu ilə yazıb Kəbə divarlarından asmışdılar.   Qur’an nazil olarkən artıq həm Məkkədə, həm də Mədinədə professional katiblər var idi. İslamdan öncə Cənubi Ərəbistanda himyər dili himyər yazısı mövcud olub. Musnəd (المسند) adlanan himyər yazısı və digər Cənubi Ərəbistan yazıları Sinay xətt qrupuna daxil idi. Bu yazılar yalnız Yəməndə deyil, bütün Ərəbistan yarımadasında, hətta Mesopotamiya, Bizans və Misirdə də yayılmışdı.  Görünüş etibarilə musnəd yazısı ərəb yazısından daha çox qədim yəhudi yazısını xatırladırdı. Himyərlərin dili və musnəd yazısı təxminən X əsrə qədər mövcud olmuş, sonra şimal ərəblərinin dili və yazısı onu üstələyib aradan çıxarmışdır.

Şimali Ərəbistanda iki xətt növü mövcud olub: Nabati yazısından əxz edilmiş nəsx (النسخ) və Siryani yazısından götürülmüş kufi  (الكوفي)yazıları. Kufi xətti Hirədə yarandığından, ona hiri yazısı  (الحيري)da deyilirdi.

İslam yarandıqdan sonra Qur’anın düzgün qiraəti üçün diakritik işarə və hərəkələrin yaranması ilə xəttatlıq sənəti daha da çiçəkləndi, yazıya, yazı ilə bağlı alətlərə xüsusi önəm verildi. Bunu iki başlıca səbəbi var idi:

 

  • Söz Allah kəlamı olaraq müqəddəs sayılırdı. Allah aləmləri “kun” deməklə yaratmışdır. Buna görə də, sözün vərəq üzərində ifadəsi olan yazı da müqəddəslik kəsb edir.
  • Ərəb-İslam dünyasında heykəltəraşlıq, rəssamlıq qadağan olunduğundan yaradıcı insanlar öz qabiliyyətlərini kalliqrafiyada sınayırdılar.

Ərəb cəmiyyətində yazı sənəti ilə bağlı insanların – katiblərin və xəttatların xüsusi hörməti var idi. Artıq Xəlifə Ömərin vaxtından bir növ dəftərxana rolu oynayan divanlar yarandığından, katiblər bir yandan qeydiyyat işləri aparır, digər tərəfdən isə məktublaşmaları həyata keçirirdilər. Zaman-zaman bu sənət inkişaf edir, mühərrirlər, munşilər (tərtibçilər), katibliyi incəsənət səviyyəsinə qaldıran xəttatlar və s. meydana çıxır.

Abbasilər hakimiyyətinin ilk dövründə müxtəlif yazılarda fərqli xətt növlərindən istifadə olunurdu. Xəttatlıq nümunəsi bəzən o qədər gözəl olurdu ki, qeyri-ərəbləri belə heyrətə gətirirdi. Məsələn, xəlifə əl-Məmun Bizans imperatoruna məktub göndərərkən, imperator həmin məktubun yazı gözəlliyini o qədər bəyənmişdir ki, onu bir incəsənət əsəri kimi divarına vurmuşdur.

Yazı sənətinin təkmilləşməsi, ərəb hərəkələrinin və nöqtələrinin yaranması barədə Qur’anın yazıya alınması bəhsində söhbət açdığımızdan burada əsas diqqəti xəttatlıq sənətinə yönəldəcəyik.

İlk vaxtlar katiblik sənəti ilə bağlı olan yazı işləri zaman keçdikcə incəsənətin bir növünün – xəttatlığın yaranması ilə yeni mərhələyə qədəm qoydu. Xəttatlıq katiblikdən yaranan xüsusi sənət növü olub yazıya estetik gözəllik ünsürləri daxil edir. Hər bir xəttat həm də katib olduğu halda, hər katib xəttat sayılmırdı. Xəttatlıq bir sənət növü kimi Abbasilər dövründə ərəb dünyasında, xüsusilə Bağdadda, sonra isə fars əyalətlərində, xüsusilə İsfahan, Heratda, Azərbaycanın  Təbriz şəhərində inkişaf etmişdi.

Yazı sənətinin inkişafında Əbu Əli Məhəmməd ibn Əli ibn əl-Hüseyn ibn Muqlə əş-Şirazinin  أبو علي محمد بن علي بن الحسين بن مقلة الشيرازي  (885-940) xudməti böyük idi.  O, Abbasi xəlifələri Müqtədirin (h.908-929, ikici dəfə 929-932), əl-Qahirin (h. 929, ikinci dəfə 932-934) və ər-Razinin (h. 934-940)  vəziri olub. Bu, olduqca qeyri-sabit bir dövr idi. Saray çevrilişləri nəticəsində əl-Muqtədir və əl-Qahir iki dəfə hakimiyyətdən salınmış, bir-birilərini taxt-tacda əvəz etmişdilər. Ibn Muqlənın həyatı çətin keçmiş, siyasi intriqaların qaynadığı Abbasilər dönəmində o, təqib və təhdidlərlə üzləşmişdir. İbn Muqlə həbs edilmiş, düşmənləri onun sağ əlini kəsmiş, bundan sonra o, sol əli ilə yazmışdır. İbn Muqlə, görünür, ər-Razinin adamı kimi həbsxanada öldürülmüşdür.

İbn Muqləyə qədər ərəb yazısının əsas xətt növləri nəsxkufi idi. İbn Muqlə  qardaşı Əbu Abdulla Həsənlə (v. 950) birlikdə müxtəlif xətt növlərinin yaranmasına gətirib çıxaran bəzi qaydaların əsasını qoydu. Onlar müxtəlif qələm növləri və xüsusi yonulma üsulları ilə 14 xətt növünün yaranmasına təkan verdilər. İbn  Muqlə Risələt əl-xatt va l-qaləm (رسالة الخطّ والقلم) əsərində xəttatlığı həndəsəyə tabe edib burada düz xətt və dairə elementlərinin işlənməsini tənzimlədi. Onun fikrincə, xəttatlığın əsas şərti hərflərin düzgün şəklə salınması, onların ölçülərində mütənasibliyin gözlənməsidir. Beləliklə, o, yazıya proporsiya (mütənasiblik) gətirmişdir.  Hərflərin ölçüsü – əlif və ləmin uzunluğu, dairə elementlərinin ölçüsü ilə bağlı məsələni də məhz ibn Muqlə gündəmə gətirdi. Ölçü vahidi kimi o, yan-yana düzülən nöqtələrin sayını göstərirdi. Hərflərin bəzi hissələrinin qalın, bəzi hissələrinin nazik yazılması, əlifin ölçüsünün əsas götürülüb digər hərflərin ölçüsünün buna uyğunlaşdırılması, hərflərin yazılma yerini (kürsü) düzgün müəyyənləşdirmək və s. qaydalar yazı işinin incəsənət növünə çevrilməsində böyük rol oynadı.

İbn Muqlənın Risələt əl-xətt va l-qaləm  (رسالة الخط والقلم)əsəri kalliqrafiya məsələlərini əks etdirən dəyərli mənbə rolunu oynadı. O, əsəri mürəkkəbin hazırlanması ilə başlayır, sonra qələmdən bəhs edir və onun yonulması qaydalarını göstərir. O, xəttatlığın on iki mühüm qaydasını müəyyənləşdirdi. Bu qaydalar hərflərin ölçülərini, birləşmə tərzini, ayrl-ayrı elementlərin uzadılmasının tənzimini, sözlər, sətirlər arasındakı məsafəni və s. nəzərdə tuturdu.

İbn Muqlə, eləcə də, müxtəlif yazı növlərində fərqli qələmlərin işlənməsi, yazıya dairə ünsürlərinin daxil edilməsi ilə bağlı məsələləri gündəmə gətirdi. Dairə ünsürünün yaranması yazının ruhi-mistik tutumunu gücləndirdi. Belə ki, qədim insanlar Allahın dünyanı dairəvi şəkildə yaratdığını zənn edirdilər. Ona görə, dairəyə bənzər elementlərə böyük əhəmiyyət verirdilər. İbn Muqlə qələmin yonulması və mürəkkəbin seçilməsi ilə bağlı bir sıra yeniliklər etdi.

Digər görkəmli xəttat ibn əl-Bəvvab (961-1022)  kimi tanınan Əbu l-Həsən Əli ibn Hilal ibn əl-Bəvvab əl-Bağdadi (ابن البواب البغدادي أبو الحسن علي بن هلال)  ibn Muqlənın davamçısı kimi xəttatlıq sənətini daha da inkişaf etdirdi. Atası Buveyhilərin sarayında qapıçı işlədiyindən ibn əl-Bəvvab (Qapıçı oğlu) kimi taınmışdır. Bağdadda dünyaya gələn ibn əl-Bəvvab ərəb dilini və ədəbiyyatını görkəmli dilçi alim ibn Cinnidən   ابن جني -(v. 1002), xəttatlıq sənətini isə o dövrün görkəmli xəttatı ibn Əsəd əl-Xəttatdan  (ابن اسد الخطاط)öyrənmişdi. O, ilk vaxtlar nəqqaşlıq edir, evlərin divarlarını bəzəməklə məşğul olurdu. Zaman-zaman ibn əl-Bəvvab həm xəttat, həm də katib kimi məşhurlaşır.

İbn Muqlədən sonra ibn əl-Bəvvab kalliqrafiyanı inkişaf etdirən bəzi qaydalar yaratdı. O, qələmin ucunun yonulmasına, mürəkkəbin düzgün seçilməsinə xüsusi önəm verirdi. O, sulsi, nəsxruqi yazılarını xeyli yaxşılaşdırdı. İbn əl-Bəvvab hərflərin nöqtə sayı ilə ölçülməsinin müəyyən standartlarını yaratdı. O, qafləmnun kimi hərflərin yarımdairələrinin yazılışını nizama saldı.

İbn əl-Bəvvab müxtəlif xəttatların yazı tərzini mənimsədiyindən köhnə üslubda kitablar yazıb onları qədim xəttatlara məxsus nüsxə kimi qələmə verə bilirdi. Sonra xəttatlıqda bu hal geniş yayılır və xəttatlar köhnə vərəqlərdə məşhur xəttatların üslubunda saxta antik nümunələr yaradırlar. İbn əl-Bəvvabın dilindən Buveyhi hökmdarı Bəha əd-Dövlənin (h. 988-1022) sarayında baş vermiş maraqlı bir hadisə nəql edilir. Bəha əd-Dövlənin saray kitabxanasında Abbasilər dövrünün görkəmli xəttatı ibn Muqlənin köçürdüyü bir Qur’an əlyazması var idi. Əlyazmada Qur’anın ancaq 29 cüzi var idi, 30-cu cüz itmişdi. Bəha əd-Dövlə həmin cüzi tapmağı əmr edir. İbn əl-Bəvvab yazır ki, mən itmiş cüzi tapa bilmədikdə kitabxanaya gedib bütün kağızları gözdən keçirdim. Burada çox gözəl Səmərqənd və  Çin kağızıları var idi. Mən ibn Muqlənin Qur’anının yazıldığı kağız kimi bir kağız tapdım və ibn Muqlənin xətti ilə 30-cu cüzi yazdım, sonra vərəqlərin üzəridə bir az bəzək işləri apardımvə onlara köhnə görkəm verdim. Kitabın cildini açıb bu yeni cüzi də ona əlavə etdim və kitabı yenidən cildlədim. Bəha əd-Dövlə kitaba baxarkən heç bir şey anlamadı və yeni yazılmış cüzün ibn Muqlənin itmiş vərəqləri olduğunu zənn etdi.

İbn əl-Bəvvabın kalliqrafiya ilə bağlı görüşləri “Raiyyə fi l-xətt” qəsidəsində əks olunub.Əsərin tam adı الرائية ابن البواب في الخط والقلم  — dir. Qəsidə bir çox görkəmli İslam alimlərinin, o cümlədən, ibn Xaldunun diqqətini cəlb edib. İbn əl-Bəvvabın əli ilə 90-dan artıq mushəf nüsxəsi yazılsa da, onlardan yalnız biri zəmanəmizədək gəlib çatıb. Bu, Dublində Çester Betti kitabxanasında saxlanılan nüsxədir.

Növbəti iki əsrdə ibn əl-Bəvvabın tələbələrinin sayəsində kalliqrafiya daha da inkişaf etdi. XIII əsrin görkəmli xəttatı Yaqut əl-Mustəsimi (v. 1296) kimi tanınan (جمال الدين أبو المجد ياقوت بن عبد الله الرومي المستعصمي) oldu. Xəttatlıq sənətində onun adı altı xətt növünü inkişaf etdirməsi ilə bağlıdır. Bunlar nəsx, reyhani, sulsi, muhaqqaq, tauqi, riqai (الثلث، والنسخ، والريحان، والمحقّق، والتوقيع، والرقاع) xətləridir. Bu xətt növləri əs-sittə əl-yaqutiyyə kimi tanınır. Yaqut hərflərin ölçü uyğunluğu ilə bağlı özündən əvvəlki xəttatların nəzəriyyəsini daha da inkişaf etdirmişdir.

Yaqut olduqca məhsuldar xəttat idi. O, hər gün iki cüz Qur’an yazır, beləliklə, ayda iki Qur’an tamamlayırmış. O, üzünü köçürdüyü Qur’anların hamısını sıralayırdı. XVI əsr müəllifi Qazi Əhməd onun 364 saylı Qur’anını öz gözü ilə gördüyünü bildirir.

Yaqutun həyatı ağır olub. Əslən rumlu olan Yaqut axırıncı Abbasi xəlifəsi Mustəsim Billahın məvalisi idi. Onun əl-Mustəsimi  adlanması da buradan gəlir. O, uşaqkən kölə kimi alınıb saraya gətirilmiş, burada böyümüşdür. Hülakü xan Bağdadı tutarkən Yaqut qaçıb məscidin minarəsində gizlənir. Özü ilə qələm və mürəkkəb götürür, amma vərəqi olmadığından kətan üzərində yazır. Qazi Əhməd həmin kətan parçasını gördüyünü bildirir.

Hülakü xan İraqın idarəsini Alə əd-Din əl-Cuveyniyə tapşırır. Cuveyni ailəsi ilə yaxşı münasibətdə olan Yaqut təqilərdə yaxa qurtarır. O hətta əl-Mustənsiri kitabxanasına müdir təyin olunur. O, Bağdadın hörmətli əyanlarından biri kimi tanınır. Yaqut bir çox kitablar yazır. Bunlardan biri الرسالة في الخطّ idi.

Yaqut doxsan ilə yaxın uzun ömür sürüb 1296-cı ildə vəfat edib. O, Bağdadda Əhməd ibn Hənbəlin qəbri yanında dəfn edilib.  Yaqut yazı sirlərini ibn əl-Bəvvabdan öyrənsə də ona bəzi yeniliklər gətirir. O, qələmi çəpinə elə yonurdu ki, qələmdən yazı zamanı səs çıxırdı. Bu cür səsli qələmə meyl ola bilsin ki, merac rəvayətlərində Peyğəmbərin Tanrı dərgahına yaxınlaşakən qələm səsi — صريف الاقلام  eşitməsi ilə əlaqəli deyimlə bağlıdır.

Qazi Əhməd Yaqutun altı şagirdi olması bildirir. (Əslində, şagirdlərinin sayı daha çox olub.) Birinci şagirdi Əhməd ibn əs-Suhrəverdi  (أحمد بن السهروردي)sayılır (v. 1321) . O, Şeyxzadə kimi tanınırdı. Onunxətti Yaqutun xəttinə çox bənzəyirdi. Qur’anın üzünü 33 dəfə köçürdüyü söylənilir. Suhrəverdinin üzünü köçürdüyü bir Qur’anı nüsxəsi (1318) Aya Sofiyada saxlanılır. O, Bağdad məscidlərinin birinin divarında əl-Kəhf surəsini yazıb.

Yaqutun ikinci şagirdi Abdulla Ərğun Kamili عبدالله أرغون الكاملي البغدادي  (v. 1343) idi. İranda anadan olsa da, atası ərəb, anası türk olub. Görünür, türk adını – Ərğunu ona anası  vermişdir. O, xüsusilə muhaqqaq xəttinə meylli idi. Qur’anın 29 nüsxəsini köçürmüşdür. Reyhani xəttlə yazdığı bir Qur’an nüsxəsi İran muzeyində saxlanılır. Topqapı sarayında və İstanbul Universitetində onun bəzi yazı nümunələri hifz olunur.

Yaqutun üçüncü tələbəsi Nəsrullah ət-Təbib  (نصر الله الطبيب)həm də həkim idi (v. 740 h).  Onun tam adı məlum deyil. O, Bağdadın bəzi binalarını bəzəmişdir. Qur’anın üzünü 25 dəfə köçürüb.

Yaqutun dördüncü və ən məşhur davamçısı Mübarək-şah Zərrinqələm  (مباركشاه زرين قلم)idi. O, əslən Təbrizdən idi. Rəvayət olunur ki, Uveys Cəlairi (1358-1374) bir gecə yuxusunda Həzrət Əlini görür. Əli ona tapşırır ki, Nəcəfdə tikdirdiyi məscidin divarlarını Mübarək-şaha yazdırsın. Uveys Mübarək-şahı tapdırır. Bundan sonra onun adı Zərrinqələm qalır.

Yaqutun beşinci şagirdi Yusif əl-Məşhədi  (يوسف المشهدي)idi. O, uzun müddət Yaqutun yanında qalıb ona xidmət etmişdir. O, Yaqutun ölümündən sonra Təbrizdə yaşamışdır.Təbrizin məşhur xəttatı Abdulla ibn Mahmud  əs-Seyrafi  (عبد الله الصيرفي)onun tələbəsi olmuşdur (v.1346).

Abdulla Seyrafi ömrünün çox hissəsini Təbrizdə keçirib, burada bir sıra memarlıq abidələrinə naxış vurub. Onun bir müddət də Ədirnədə yaşadığı deyilir. Ona Yəhya ər-Rumi də deyiblər.  Onun muhaqqaq xətti ilə yazdığı Qur’an nüsxəsi Çester Betti kitabxanasında saxlanılır. İstanbulda, Məşhəddə də yazı işləri qalmaqdadır. Xəttatlığa dair fars dilində bir risaləsinin Talib ən-Novruzi əl-Təbrizi tərəfindən köçürülmüş əlyazması Məşhəddə saxlanılır.

Əs-Seyrafi Yaqutun digər tələbəsi Seyyid Heydərlə birlikdə memarlıq abidələrinin bəzədilməsində misilsiz sənətkar idi. Deyilənə görə, o, xəttatlığa o qədər aludə idi ki, yazı prosesində ekstaz halı yaşayirdı.

Ümumiyyətlə, xəttatlar arasında sufilər çox olmuşdur. Mübarək Şah Zərrinqələmin tələbəsi Yəhya sufi olmuşdur. Nəcəfin bir çox binalarında Yəhyanın izləri var. Sufilər arasında ekstaz yaşayanlardan biri də Baba Nurbəxş بابا نوربخش)) idi. Bəzi xəttatlar hürufiliyə meylli olub. Bunlardan biri Mövlanə Məruf (مولانه معروف)  idi. Məlumdur ki,  1427-ci ildə  Heratda Əhməd Lur Şahruxa sui-qəsd edir. Həbs olunanlar arasında Mövlanə Məruf da var idi. Onu altı dəfə dar ağacına qaldırıb asılmaq qorxusu yaşadır, amma asmır, sonda həbsxanaya salırlar.

Məşhur xəttatlardan biri də Ömər əl- Aqta   (عمر الاقطع)idi. Sağ qolu kəsildiyi üçün o, əl-Aqta adlanıb. Əl-Aqta sol əli ilə yazırdı. O, ğubari xəttlə bir üzük qaşına yerləşən bir Qur’an yazıb Teymura aparır. Teymur onun bu işini bəyənmir. Bu zaman o, çox iri bir Qur’an yazır və onu arabaya qoyub Teymura aparır. Teymur saray əyanlarını yığıb Əqtanın qarşısına çıxır və onun işini çox bəyəndiyini bildirir.

Xəttatlıq sənətində Təbriz məktəbi xüsusilə məşhur olub. Nəstəliq xəttinin yaranması bu məktəblə bağlıdır. Mir Əli Təbrizi  – مير علي التبريزي(XIV əsr) nəstəliqi nəsxtəliq xətlərinin sintezindən icad etmişdir. Onun bu xətt növünü yuxuda gördüyü İmam Əlinin göstərişi ilə yaratdığı bildirilir; İmam Əli ona ördəkləri göstərib onlara bənzər bir xətt yaratmağı tapşırır. Nəticədə nəstəliq  نسخ تعليق) -نستعليق   ) xətti yaranır.

XƏTT NÖVLƏRİ

Yuxarıda qeyd etdiyimiz kimi, görkəmli ərəb kalliqrafları müxtəlif xətt növləri yaratmışdılar. Bu xəttlər arasında ölçü, işlənmə məqsədləri, hərflərin həndəsi elementləri ilə bağlı fərqlər mövcud idi. Bəzi xətlər yalnız yazı üçün deyil, memarlıq naxışları üçün də yaralı sayılırdı. Dairə və iti bucaqlı düz xətlər, “gözlü hərflərdə (fə, qaf, vav) yazılış fərqləri, əlif, ləm, ta, za kimi hərflərdə vertikal hissələrin uzunluğu,  hərflərin fərqli qalınlığı və s. bu fərqləri müəyyənləşdirirdi. Müxtəlif məqsədlə yazılan sənədlərdə, kitab və məktublarda fərqli xətlərdən istifadə edilirdi.

Ölçü vahidi, əsasən,nöqtə sayına görə müəyyən edilirdi. Məs. əlifin nöqtə sayı, adətən,  muhaqqaqda 8, sulsda 7, tauqidə 6 olurdu. Bə-nin nöqtə sayı muhaqqaqda 7, sulsda 6, tauqidə 5 idi. Bəzi xətlərdə əlif “kəkillə”, bəzilərində isə adi qaydada yazılırdı.

İlkin  İslam dövründə iki xətt növündən istifadə olunurdu: bunlar kufinəsx xətləri idi. Nəsx xətti məktublaşmalarda, kufi isə Qur’an nüsxələrində istifadə olunub.. Zaman-zaman xətt növləri artıb çoxaldı. Xəttatlıq incəsənət növünə çevrildikcə yazı da gözəlləşib göz oxşadı.

Kufi yazısı uzun müddət həm Qur’an yazısı kimi işlənib, həm də dekorativ məqsədlərlə memarlıqda istifadə olunub. Kufi itibucaqlı xətt idi. Sonradan bir çox başqa xətlər yaransa da, daş oymaları kufi xətti ilə işlənirdi. Bu yazıda düz xətlərdən istifadə onu nəqqaşlıq üçün  yararlı edirdi. Kufi yazısının memarlıqda  işlənən növü bənnai və ya məqəli adlanır.

Sonradan kufi əsasında tumari (الطوماري) xətti yaranır. Tumari kufi ilə müqayisədə ucu xüsusi şəkildə yonulmuş qələmlə yazılırdı. Tumari ən çox hömdarların yazışmalarında istifadə olunurdu.

Nəsx məktublaşma, dövlət sənədləri  üçün münasib sayılırdı. İbn Muqlədən sonra nəsx xəttində gözəllik elementlərinə xüsusi diqqət yetirildi və ondan Qur’ani Kərimdə və başqa kitablarda  istifadə edildi.

Muhaqqaq (المحقق) xətti ilkin Abbasilər dövründə kufidən yaranmışdı. İbn Muqlə ilk dəfə bu xətt növünü həndəsi əsaslarla qaydaya salmışdır. Muhaqqaqda hərflər bir-birinə qarışmadığından sözlər daha aydın görsənir. Bu xətt növündə əlif, kəf, ləm, ta, za hərflərinin vertikal hissələri daha da uzadılır. Ayn, ğayn, fə, qaf, vav hərflərinin “göz” hissəsi aydın və açıq olur. Muhaqqaq xəttində hərflərin qalın və nazik hissələri olmur. Bütün yazıda eyni tərz gözlənilir. Muhaqqaqdan, adətən, Qur’anın və digər müqəddəs mətnlərin yazısında istifadə edilirdi.

 

Reyhani  (الريحاني) yazını ibn əl-Bəvvab kəşf etmişdir. Bu yazı muhaqqaq xətti əsasında yaranıb.   Muhaqqaqdan fərqli olaraq, reyhani xətti daha zərifdir. Hərflərin vertikal hissələri çox da uzadılmır. Bu, olduqca gözəl bir xətt növüdür. XII əsrədək muhaqqaqreyhani xətlərindən əsasən Qur’an yazısında istifadə olunub.

Abbasilər dövründə tumari  xəttin daha incə variantı olan sulsi yaranır. Sulsinin əsasında kufi xətti dayanır. Bir sıra dövlət sənədləri, xüsusi əhəmiyyətli yazışmalar bu xəttin əsasında aparılırdı. Adətən bu yazışmalarda cavab məktubları daha xırda sulsi ilə yazılırdı. Sulsi xəttində dairə elementləri daha gözəçarpan verilirdi. Bu xətt növündə qələmin hərəkətində çeviklik nəzərə çarpır. Hərflərin “quyruq” hissəsi olduqca incə yazılır.

 

Hökmdarların rəsmi məktubları üçün bəzən tauqi (خط التوقيع) xətt növündən istifadə olunurdu. Tauqi xətti sulsidən yaranıb. Mənası “imza” olan bu xətt növü Orta əsrlərdə qərar və sərəncamlarda istifadə olunurdu. Bundan əlavə, ölçücə kiçik olduğundan, tauqidən Qur’anın və başqa kitabların haşiyə yazısında istifadə olunurdu.

Ruqi (riqai) yazısı tauqinin asanlaşdırılmış formasıdır. Adətən, qısa məktublarda ruqidən istifadə olunur. Burada hərflər demək olar ki, sulsitauqidəki şəkildədir, ancaq həcmcə daha kiçikdir və ayn, fə, qaf, vav və s. hərflərin “gözləri” nisbətən yumuludur.

Ğubari – qübari (الغباري) xətt növü çox kiçik olub ruqi xəttindən yaranmışdır. Kiçik kağız parçaları üçün yararlıdır. Göyərçin poçt xidməti üçün istifadə olunduğundan, bu xətt növünə “qanad xətti” (قلم الجناح) də deyilirdi. Bu yazı növündə dairə elementi üstünlük təşkil edir. Xüsusi bir əlaməti olmadığından, bəzi katiblər ğubarini ayrıca xətt növü hesab etməyib; belə ki, hər bir xətt növü bu cür kiçik ölçüdə yazıla bilərdi.

Təliq İranda yaranmış xətt növüdür. XIII əsrin ortalarında yaranmış bu xətt növü özündə nəsx, tauqirüqi elementlərini birləşdirir. Bu xətt növündə nəinki birləşməyən hərflər, hətta sözlər belə birləşdirilə bilər ki, bu da yazının sürətini xeyli artırırdı. Təliqdən kitab və divanların yazılışında istifadə olunurdu. Bu xəttdən növündən məktublaşmalarda çox istifadə olunduğundan, ona xətt-i tərəssül (خط الترسل) də deyilirdi.

Sonradan təliqdən nəstəliqşikəstey-i nəstəliq xəttləri yaranır.

Nəstəliq (نستعليق) nəsxtəliqin birləşməsindən yaranıb. Nəsxə nisbətən nəstəliq daha sürətli yazı üçün yararlı idi. Bu xətt növü Mir Əli Təbrizi (مير علي التبريزي v. 1420) tərəfindən yaradılıb.  Ərəb yazısının bir çox uğurlarını Əli ibn Əbi Talibin adı ilə bağlayan ənənəvi  müsəlman ədəbiyyatı bu məsələdə də imamın “rolunu” qeyd edir; o, Mİr Əli Təbrizinin yuxusuna girib ona uçan ördəkləri göstərrir və ördəyə bənzər xətlə yazmağı tapşırır. Beləliklə, Timurilər dövründə nəstəliq xətti çiçəklənir.Baysunqur Mirzənin (v. 1433) sarayında bu xətlə yazan qırx xəttat olması bildirilir; onlar hamısı Mir Əli Təbrizinin tələbələri idi. Mir Əli Təbrizinin oğlu Abdulla Şəkərinqələm də nəstəliqdə misilsiz sənətkar idi. (Schimmel,29).

Ümumiyyətlə, bu xəttin formalaşmasında iki nəfərin böyük xidməti olub. Bunlar “Sultan əl-Xəttatin” (سلطان الخطاطين) ləqəbli  Sultan Əli Məşhəd (v.1519) və Mir Əli Hərəvidir(مير علي الهروي). dır. Bu iki xəttatı ibn Muqlə və ibn əl-Bəvvabla müqayisə edirlər.  Mir Əli Hərəvi demişdir ki, mən bu sənəti daha mükəmməl etdim, o (Sultan Əli Məşhəd- A.Q. ) isə nəstəliqə sanki xüsusi rayihə qatmışdı (Schimmel, 30).

XV əsrdən etibarən fars yazılarında nəstəliq aparıcı yer tutur. Divanlar və antologiyalar bu xətt növü iləyazılırdı.

Nəstəliq xəttini A. Schimmel “asılı xətt” adlandırır. Burada hərflərin sol tərəfi aşağı salınır ki, bu da bir sətirdə daha çox söz yerləşdirməyə imkan verir. Fars və türk mədəniyyətində nəstəliqdən çox istifadə edilib. Nəstəliq xəttinə xüsusi rövnəq verən xəttatlar onu “yazının bəzəkli gəlini” adlandırırdılar (Schimmel, 29-30).

 Şikəstə nəstəliqdə hərflər sankı sıxılır, bərləşməyən hətflər birləşir. Şikəstə nəstəliqdən xvıı əsrdən başlayaraq geniş istifadə olunub.


Kalliqrafiya ilə bağlı maraqlı elementlərdən biri də tuğradır (الطغراء). Tuğra rəsmi sənədlərin başlığında hökmdarın adını, titulunu əks etdirən xüsusi yazı idi. Bu, bir növ möhürü və imzanı əvəz edirdi.  Hökmdarlar əmrlərinin fərqli və yaraşıqlı bir tuğra ilə başlamasında maraqlı idilər. Aşağıdakı şəkildə Oman sultanı Heysəm ibn Tariqin (هيثم بن طارق) xəttat (علي بن درويش بن محمد العجمي) tərəfindən hazırlanmış tuğrasını görürsüz. Tuğrada الواثق بالله المجيد السلطان هيثم بن طارق بن تيمور yazılmışdır.

 

YAZI VASİTƏLƏRİ

 Kağız

 İlk vaxtlar kağız kimi heyvanların dərisindən, hamar kürək sümüyündən, xurma yarpaqlarından, papirusdan, perqamentdən və s. İstifadə edilirdi. Papirus daha çox qədim Misirdə yayılmışdı.  O, zərif olduğundan tez ovulub tökülürdü. Dəri daha münasib olsa da, qurd düşdüyündən, onun da ömrü uzun çəkmirdi. Bəzən dərini zəfəranla rəngləyir, qızıl gülün suyunda saxlayırdılar ki, ətri gözəl olsun.

İslam Şərqində ilk kağızı Səmərqənddə hazırlayıblar. Bu işi kağız sənətində müəyyən təcrübəsi olan çinli əsirlər gördülər. Harun ər-Rəşidin dövründə artıq Bağdadda da kağız istehsal edilirdi. Kağız digər yazı vasitələrini sıradan çıxarır. Bununla belə, X-XI əsrlərədək kağızla yanaşı perqamentdən də istifadə olunurdu. Zaman-zaman bütün Müsəlman Şərqində kağız istehsalı artır, xüsusilə Səmərqənd, Buxara kağızları və Təbrizin rəngli kağızları yüksək qiymətləndirilirdi. Kağızın möhkəm olması üçün onu nişastada saxlayır, hamarlayır, sonra üzərinə xüsusi maddələr çəkirdilər ki, kağız mürəkkəbi canına çəkməsin. Bunun üçün bəzən balıq yağından, yumurtanın ağından və s. hazırlanmış xüsusi maddədən istifadə olunurdu.

Qur’an-i Kərimdə (ət-Tur, 2-3) dəri üzərində yazılmış kitaba and içilir:

وكتاب مسطور في رق منشور

Kitab halında olan ilk Qur’an nüsxəsinin bir-birinin üzərinə qoyulub ortadan bərkidilmiş beş dəri üzərində yazıldığı bildirilir. Əgər bütün Qur’an cəmi on vərəq üzərinə yerləşibsə, bu, həmin dərilərin çox böyük olmasını düşünməyə əsas verir.

Məlumdur ki, İslam dünyasında yazı ilə yanaşı yazı alətlərinə də önəm verilirdi. Xəttatlar ağ vərəqə belə yaxınlaşarkən dəstəmaz alır, təharətə önəm verirdilər. Orta əsr İslam düşüncəsinə görə, Allah vərəqi xəlq edərkən onu söz üçün xəlq etmişdir. Söz, kəlam isə müqəddəs olduğundan, yazı materialı olan kağız da müqəddəs sayılırdı. Xüsusilə, üzərində Qur’an yazısı olan vərəqlərə müqəddəslik verilirdi. Bu vərəqlər atılmaz, çirkaba batmazdı. Lazımsız vərəqlərin yandırılması daha münasib bilinərdi. Qur’an nüsxələri isə, bəzən insan kimi kəfənə bürünmüş halda basdırılırdı. Hürufilikdə insan dərisi özü bir vərəq, üzərində Qur’an yazılmış aşılanmış dəri sayılırdı.

 Mürəkkəb

 Mühüm yazı vasitəsi mürəkkəbdir. Kağız qıtlığı səbəbindən, Orta əsr sənətkarları mürəkkəbin yuyulan növünə üstünlük verirdilər ki, bir kağızı yuyub təmizləyərək bir neçə dəfə istifadə edə bilsinlər. Mürəkkəb üçün, adətən, yandırılmış kətan, qoz qabığı və s. külündən, xna, basma kimi rəngli bitkilərdən istifadə olunurdu. Orta əsrlərdə xəttatlar mürəkkəbin gözəl ətirli olması üçün ona müşk də əlavə edirdilər. Görkəmli xəttat Yaqut mürəkkəbə qızıl və gümüş tozu və zəfəran qatılmasından və qırx gün ağzı bağlı qabda saxlandıqdan sonra istifadəsindən söz açırdı. Azərbaycanlı kalliqraf Mir Əli Təbrizi mürəkkəbə qızıl gülün ətirli suyunun damızdırılmasını lazım bilirdi. Bəzən mürəkkəbin sadə üsulla hazırlanması nəzərə çarpır. Bunun üçün nişastanı qaralanadək qaynadır, sonra üzərinə qızıl suyu əlavə edirdilər.

İslam mistiklərinə görə, mürəkkəb özündə bütün elmləri cəmləyir. Onlar  Qur’andakı “nun va l-qaləm”(نون والقلم)   ifadəsindəki nunla mürəkkəb qabının nəzərdə tutulduğunu, bütün biliklərin nunda cəmləndiyini, sonra yazı prosesində bu biliklərin yayıldlğını söyləyirdilər. Digər tərəfdən, mürəkkəbin asanlıqla yuyula bilməsi də çeşidli mənalar doğurub. Mürəkkəbin pozula bilməsi sufi ədəbiyyatında onun göz yaşları ilə yuyulması ilə bağlı obrazlar doğurmuşdur. İslama görə insan övladının günahları Qiyamət günü onun əlinə veriləcək kitabı qaraldır. Bir kəsin günahları yazılan səhifəni ağartmağın, təmizləməyin yeganə yolu ağlamaqdır. Asket və mistiklər günahlarını, yəni günahları yazılmış səhifələri göz yaşı ilə, ağlamaqla yumağa çalışmışlar. Sufilər arasında camaat arasına çıxıb Allah qarşısında işlətdiyi günahların qorxusundan uca səslə ağlayan xüsusi bir təbəqə də olmuşdur ki, onları “bəkkaun” (ağlayanlar) adlandırmışlar.  Onlar Qiyamət günü Allahın barələrində verə biləcəyi hökmün qorxusundan ağlamaqla günahlarını yumağa çalışır, beləliklə də, müəyyən dərəcədə Allahın mərhəmətini qazanmağa can atırdılar.

Qələm

Qələm bəşər sivilizasiyası tarixində dərin iz buraxmış maddi alətlərdən olsa da, onun dərin ruhi mənası da olmuş, əsrlər boyu insanlar istər mifik, istərsə də dini-mistik sistemlərdə bu alətə çeşidli mənalar vermişlər. Qələmə olan böyük diqqətin bir səbəbi də qələmin Qur’ani-Kərimdə bir neçə dəfə anılmasıdır.( əl-Alaq,4; əl-Qələm,1; Al İmran,44; Loğman,27) Bu ayələrdə qələmin müsəlman kosmoqoniyasındakı və idrak prosesindəki mühüm yeri əks olunub.

Allah Təalanın Qur’anda qələmə and içməsi (Qələm, 1), bədii təxəyyüldə dərin iz buraxmaqla yanaşı, həm də qələm əhlinin Tanrı məqamında xüsusi yerinə işarə idi. Əbu  l-Fəth əl-Busti (  ابو الفتح البستيv. 1010) bu fikri belə ifadə edib:

إذا أقسم الأبطال يوما بسيفهم              و عُّدوه مما يكسب المجد و الكرم
كفى قلم الُكتّاب عزا و رفعة                     مدى الدهر أن الله أقسم بالقلم

 İgidlər bir gün öz qılıncları ilə öyünüb, onunla şərəf və kəramət tapdıqlarına and içərlər.

Ucalıq və qüdrət üçün dünya durduqca katibin qələmi yetər. Allah and içəndə qələmə and içmişdir.

 Qələmin fəzilətləri barədə İbn ən-Nədimin Fihristində deyilir: “Qələm ağlın elçisi və səfiri, onun uzun dili, ən layiqli dilmancıdır. İnsanları ağlı onların qələmlərinin ucundan süzülür.”

İlk dəfə yazıya mağara divarlarından başlayan ibtidai insan, bu məqsədlə iti daş parçalarından istifadə etmişdir. Zaman-zaman mürəkkəb kəşf edilmiş, qələmlər hazırlanmışdır. Orta əsrlərdə qələmin  qamışdan hazırlanan növü geniş yayılmışdı.

Ərəb-islam kalliqrafiyasında hər xətt növünün və yazılan sənədin özünə müvafiq qələmi var idi. Qələmin yonulması ilə yanaşı onların düzülməsi, yazı zamanı katibin qələmi düzgün tutması da böyük önəm kəsb edirdi. Yaqut əl-Haməvi göstərir ki, İshaq ibn İbrahim Bərbərinin atası İbrahim qələmlərini düzərkən birinci tumari  (طوماري)yazısı üçün nəzərdə tutulmuş ağır qələmləri yerləşdirərdi. Bəzən də o, tumari yazısını xurma budağı ilə yazardı. Onun sulsi yazı üçün ayrıca qələmi var idi. O, qeydlər, əhdnamələr, iclas protokolları, əmanətlər, dibaçələr, başsağlıqları və sairənin hər biri üçün ayrıca qələm işlədərdi.

Ümumiyyətlə, xəttatlar arasında belə bir fikir olub ki, qələmi yaxşı yona bilməyən adamdan katib çıxmaz, ona görə də, qələm yonmağı öyrənmək, xəttatlığı öyrənməkdən daha vacib sayılırdı. (تعليم البراية اكبر من تعليم الخط). Eləcə də qələmi düzgün tutmaq da böyük önəm daşıyırdı. Bu zaman baş barmağın, orta və şəhadət barmaqlarının ucları qələmin  üzərində dayanmalı idi. Başı aşağı dayanıb ucundan mürəkkəb damızdıran qələmə müxtəlif vəsflər verilmiş, o, iffət sahibi, rükü edən, səcdə qılan, gözü yaşlı və s. adlandırılmışdır .

Şərqdə qamışdan olan qələmlərin vasiti, misri, mazandarani kimi növləri daha məşhur idi. Qamışın növünə, keyfiyyətinə görə ən yaxşı qələm Vasıt qamışından hazırlanan qələm sayılırdı. Amu-Dərya sahillərində bitən qamışlar da yüksək qiymətləndirilirdi. Qələmin yonulmasına da xüsusi əhəmiyyət verilirdi. Qələmin ucunun ustalıqla kəsilməsinin (شقّ) xüsusi əhəmiyyəti var idi.  Hər bir xətt növü xüsusi yonulma tələb edirdi və qələmin ucu kəsilərkən, bu nəzərə alınırdı. Qələmin məqamı o qədər əziz tutulardı ki, katiblər yazmağa ara verdikdə, qələmi yerə qoymaz, onu qulaqlarının ardına taxardılar. Peyğəmbərin hədisində bu barədə deyilir ki, Rəsulullah, katibinin yazmağı dayandırarkən qələmini yerə qoyduğunu gördükdə, ona qələmi yerə qoymamağı, qulağının ardına taxmağı tapşırmışdır. Aişədən söylənilən bir hədisdə deyilir  ki, Peyğəmbər İsrafilin qələmi qulağının ardına taxdığını söyləmişdir. Ona görə də, hələ qədim zamanlardan katiblər qələmlərini yonarkən yonulmuş qamış qırıntılarını atmaz, onları təmiz bir yerdə basdırardılar.

Klassik şərq poeziyasında qələmə verilən zəngin simvolik mənaların yolu ərəb dilinə yunan dilindən keçmiş “qələm” sözünün ərəb dilindəki çoxmənalılığından keçir.  İbn Mənzurun Lisənul-arab lüğətində qələmin aşağıdakı mənalarının olduğunu görürük: Qələm ilk növbədə bir yazı alətdir. O həm də xətt növünü bildirir. Fal oxuna da bəzən “qələm” demişlər. Fal və püşk vasitəsi olan oxların qələm adlanmasının bir səbəbini də,  bəxt və talenin qələm anlamı ilə sıx bağlılığında görmək olar. Qələmin bir püşk, fal vasitəsi kimi də mənası Qur’an-i Kərimdə də əks olunub: Bənu-İsrail katiblərinin hz. Məryəmi kimin himayəyə götürməsi barədə Allahdan bir buyruq almaq üçün qələmlərini axar suya atdıqları bildirilir (Əl İmran 44). Bu zaman su onların hamısının qələmini aparmış, yalnız Zəkəriyyənin (ə) qələmi suyun qabağında duruş gətirib axmamışdır. Ona görə də, Məryəmi Zəkəriyyə himayəyə götürmüşdür.

Latın və yunan dilində “kalamos” kimi işlənən bu söz qədim yunan mifik qəhrəmanlarından birinin adıdır. Yunan mifologiyasında Məander çayının tanrısı Miyandrosun oglu Kalamosun acı taleyindən qələmin qəm və kədərlə    əlaqələndirilməsini görürük. Karposu sevən Kalamos onunla birlikdə Məander  çayını ötüb keçməyi mərcləşir. Amma Karpos çayda boğulub ölür. Qalan ömrünü peşmançılıq və dərd içərisində çay kənarında keçirən Kalamos qamışa dönüb kədərli mahnılarla  Karposun taleyinə ağlayır. Beləliklə də, qələmin qəmli eşq hekayələrinin, nəğmələrinin tərənnümçüsü olmasının əsası hələ mifik düşüncədən qoyulur. Təsadüfi deyil ki, sufi şerində qamışdan hazırlanmış qələmin və neyin əsas mənalarından biri də haqq aşiqi olmuşdur.

Yazını ruhun həndəsəsi adlandıran Orta əsr müəllifləri qələmi ağlın səfiri, elçisi və dili, onun ən yaxşı şərhçisi adlandırmış, insanların ağlının onların qələmlərinin ucunda olmasını bildirmişlər. Yazı prosesində qələmin ucundan tökülən mürəkkəbi göz yaşlarına bənzədən əl-Attəbi(العتابي)   “qələmlər ağladıqca kitablar gülür”( ببكاء الأقلام تتبسم الكتب) demişdir. Bir az öncə qeyd etdiyimiz kimi, qələmə bu qədər rəngarəng təriflər verilməsi onun Qur’an-i Kərimdə bir neçə ayədə anılması ilə bağlı olmuşdur.

Şərq poeziyasında qələm digər yazı alətləri ilə birlikdə həm aşiqin halının tərənnümündə, həm də Gözəlin üz cizgilərinin təsvirində misilsiz poetik obrazların yaranmasına yol açmışdır. Yaqut əl-Haməvinin Mucəm əl-udəbə əsərində Səd əl-Varraq(سعد الوراق)    adlı bir şairin bir xristian gəncinə həsr etdiyi müzəkkər qəzəldə insan bədəninin yazı alətlərinə bənzədilməsinin mükəmməl nümunəsini görürük:

إجعل فؤادي دواة و المداد دمي…….وهاك فابر عظامي موضع القلم

و صبر اللوح وجهي و امحه بيد…….فإن ذلك برء لي من السقم

 Qəlbimi mürəkkəbqabı, qanımı mürəkkəb etdin.

Buyur sümüklərimi qələm kimi yon!.

Üzümü lövhə edib yaz, sonra yazdığını öz əlinlə poz,

Əgər xəstəliyimin əlacı bunda olsa da.

Bu misralarda yazı alətləri məcazi obraz kimi insan bədənində təsvir edilir. İnsanın bütün duyğuları qəlbdən başladığından qəlbin mürəkkəb qabına, qəlbdən axıb keçən qanın mürəkkəbə bənzədilməsi yazı ləvazimatlarının üçüncü komponentinin — qələmin insan sümüklərində bənzərinin tapılmasına gətirib çıxarır.

Qələmlə bağlı sufi kosmoqoniyası insanın taleyinə yaradılışın lap başlanğıcından eşq yazılmasını bildirir. Füzulinin bir beytində qələm arxetipinin ona çox yaxın anlam olub dairəvi xətt çəkən pərgarla əvəzlənməsini görürük:

Nöqteyi-xalinə bağlanmış idi canü-könül,

Gəzmədən daireyi-dövrdə pərgar hənuz.

 Burada qəribə bir mənzərə canlanır. Pərgarın hərəkətdə olan tərəfi dairə cızmazdan əvvəl, onun digər bir ucu vərəqə batır və bir nöqtə cızır. Qeyd etmək istərdik ki, şərq poeziyasında nöqtənin dərin mistik mənası vardır. Həllaca görə, bütün elmlər nöqtədə cəmlənib. Pərgar dairə çəkməzdən öncə vəhdətin rəmzi olan nöqtəyə bağlanır. Bu əbədi və əzəli eşq anlamına müvafiq aşiqin könlünün yarın vəhdət rəmzi olan xalına bağlanmasına bənzəyir. Pərgarın sabit tərəfi vəhdətə, hərəkət edən tərəfi isə kəsrətə işarədir.

Digər tərəfdən, qələmin öz iradəsinin olmaması da çeşidli mənalar yaratmışdır. Qələm katibin əlindədir, o hara istəsə, qələmi ora da döndərir. Sufinin qəlbi də Allahın iradəsinə tabedir. Hədisdə deyilir:  “Möminin qəlbi Rəhim Allahın iki barmağı arasındadır, O onu hara istəsə, ora da döndərir.” Beləliklə, daim ağlayan, Allah əmrinə tabe, başı kəsik qələm dilsiz haqq aşiqinin simvoluna çevrilmişdir. Təfsirlərdə Əbu Hureyrəyə istinadən deyilir ki, Allah Təalanın əmrlərini yazıb qurtardıqdan sonra, qələmə möhür vurulmuşdur və o, Qiyamətədək danışmayacaqdır. Dilsizlik özü də sufinin əlamətlərindən olduğundan, irfani poeziyada qələmə xüsusi məna çalarları verilmişdir.

Bu qədər…