- Ədəbiyyat

Nurəddin ƏDİLOĞLU. Qərib qadın    

                                                     (hekayə)                         

Dünən axşamdan başlayan xəzri bu gün səhər ertədən daha da gücləndi. Bir qoşun külək cilovsuz at kimi şəhərin canına düşüb, vıyıltıyla hər tərəfi ələk-vələk eləyirdi. Şimaldan əsən soyuq yellər bir anda havalanaraq dəli kimi göydəki bulud topalarını qabağına qatıb qovur, yerdəki ağacların budaqlarını hiddətlə döyəcləyirdi. Böyük çillənin ömrünə sayılı günlər qalmışdı. Havaların soyuq keçməsinə baxmayaraq, qış girəndən bəri Bakıya bircə dəfə də olsun qar yağmamışdı.

Evimizə yaxın dayanacaqda marşrut avtobusunu gözləyən adamların arasında sadə geyimli qarabuğdayı bir qadın həyəcanla dənizə baxıb dodağının altında nəsə pıçıldayırdı. Bilmək olmurdu ki, dua oxuyur, yoxsa dənizin dalğalarını şahə qaldıran küləyin qarasınca deyinir…

Adətən, hər səhər işə gedəndə dayanacaqda eyni adamlarla rastlaşırdım. Amma görkəmindən qəriblik, gözlərindən qəm-qüssə yağan bu qadını isə “bizm dayanacaqda” ilk dəfə görürdüm. Ənliksiz-kirşansız solğun çöhrəsi, başına bağladığı göy güllü yaylıq və ayağındakı alçaqdaban ayaqqabı onu yaşından xeyli qoca göstərirdi. Hərdən o, dənizdən gözlərini çəkib yan-yörəsinə baxır, elə bil kimisə axtarırdı. Avtobus dayanacağa yaxınlaşanda birdən qərib qadın bahalı xəz palto geyinmiş orta boylu gənc bir xanıma yaxınlaşdı:

-Başına dönüm ay qızım,- deyə o, yaşına  uyuşmayan  gümrah səslə hündürdən dilləndi, – Öz biletinlə məni də avtobusa mindirsən, Allaha da xoş gedər…

Bilet deyəndə yəqin o, nəqliyyatda gediş-gəliş kartını nəzərdə tuturdu. Qərib qadın ovcundakı xırda pulu gənc xanıma uzatdı:

– Başına dönüm, götürginən…

-Yox, yox, ay ana, vallah götürmərəm, – deyə gənc xanım nəzakətlə onun əlini geri qaytardı.

Bu məqamda avtobusun ön qapısı açıldı, gənc xanım dönüb qərib qadına:

-Buyurun, anacan, – dedi və onu özündən qabağa buraxdı.

Anası yaşında olan qadın da görünür həm gediş haqqını ödədiyinə, həm də ona ana dediyinə görə gənc xanıma ürəkdən dua edə-edə avtobusa mindi:

-Allah köməyin olsun, qızım, səni görüm, dünyada heç neynim – necəliyim deməyəsən! Ağbaxt olasan, getdiyin qapılar üzünə xeyirliyə açılsın…

Gənc xanım məmnunluqla gülümsədi və avtobusa minən kimi cəld addımlarla salonda arxaya doğru irəliləyərək gözdən itdi. Avtobus yola düşəndə qadın sürücüyə səsləndi:

– Qadan alım, ay oğul, məni irayona gedən avtobus dayanan yerdə düşürərsən!

Sürücüdən səs çıxmadı. Bu zaman salonda səsgücləndirici qurğudan məlahətli qadın səsi eşidildi: “Hörmətli sərnişinlər, avtobus hərəkətdə olarkən sürücünün diqqətini yayaındırmaq, ona  müxtəlif sullar vermək olmaz…”

Qərib qadın əvvəlcə sağa-sola boylandı, səsin hardan gəldiyini ayrıd edə bilməsə də elanı eşidən kimi susdu. Lakin onun qəmli baxışları sanki dil açıb daxilində keçirdiyi  narahatçılıq hissindən  danışırdı.

Sürücü qadının sualını cavabsız qoysa da, güzgüdə salona göz gəzdirib  mikrafonla bildirdi ki,  cavanlardan biri durub yerini ona versin!

Sağ olsun, qadına öz yerini verən cavan bir oğlan həm də gözlənilməz təklifi  ilə onu ruhuna hakim kəsilmiş narahatçılıqdan qurtardı:

-Ay nənə gəl otur, heç darıxma, mən səni aparıb avtovağzaldan rayona gedən   avtobusa mindirərəm.

Qadın nəvazişlə dilli – dilavər oğlanı süzdü.

– Allah köməyin olsun, ay bala, mənə görə işindən-gücündən olacaqsan axı…

– İş-güc nə gəzir ay nənə,- deyə cavan  oğlan çiyinlərini çəkdi, –  elə-belə şəhərə gəzməyə çıxmışam. Gördüm ki, hava soyuqdur mindim bura…

Qərib qadının solğun üzünə birdən-birə işıq gəldi.

-Boyuva qurban olum, ay bala, Allah səni dar-damanda qoymasın!

Soyuqdan daldalanmaq üçün avtobusu özünə sığınacaq seçən cavan oğlanı sanki qərib qadın xoş sözləri, mehriban baxışları ilə isidirdi… Çox çəkmədi oğlan  istilənib dəri gödəkçəsinin zəncirbəndini açdı.

Qadınla üzbəüz oturmuş yaşlı kişi təsbehini çevirə-çevirə həm cavan oğlana, həm də onun “nənə” dediyi qadına baxıb təəssüf hissi ilə başını bulayıb dedi:

– Hə, bu həftə hava çox küləkli olacaq, dənizdə fırtına qopacaq…

Qadın avtobusun pəncərəsindən yenə dəniz tərəfə boylandı. Elə bil küləkli havalarda dənizin necə heybətli, necə müdhiş olduğunu ilk dəfə eşidirdi.

– Hələ bu harasıdır, qarşıdan kiçik çillə gəlir,- deyə kişi sözünə davam etdi,- adı kiçik olsa da hikkəsi böyük, zəhmi ağır olur kiçik çillənin…

Qadın da başını tərpədərək kövrək səslə onun sözünü təsdiq etdi:

-Düz  deyiblər, kiçik çillə haynan gələr, vaynan gedər…

Əli təsbehli kişi də pəncərədən Xəzərə boylandı, dənizin hər üzünə bələd olan təcrübəli adamlar kimi:

– Küləkli havalar bu dənizdə çoxlu canlar alıb… – dedi. Ardınca üç il əvvəl Xəzərdə onlarla neftçinin həyatına son qoyan fırtınadan bəhs etdi.

Qadın kişinin bu sözünə bənd imiş kimi doluxsundu, yaylığının ucuyla göz yaşını sildi. Sonra toxtayıb yanaşı oturduğu qadının rus olduğunun fərqinə varmadan  nəzərlərini  ona  dikib:

-Belə  küləkli havada mənim oğlum  da dənizə  işləməyə gedib, -dedi, – elə bil quruda başına iş qəhət idi…

Nə düşündüsə, ah çəkib yavaşdan dedi:

-Allah hamının balasını qəzadan saxlasın, mənim balam da onların içində…

Rus qadın  başını azca  yana əyib  tərpətdi. “Yəni səni başa düşürəm…”

Qərib qadın özünə yaxşı həmsöhbət tapmış adamlar kimi sözünə davam etdi:

-Heç bircə həftə deyil, rayondan gəldiyim. Oğlum avtovağzalda qabağıma çıxıb, məni bəhbəhlə təzə evinə gətirdi. Sağlığına qismət, ger-geniş ev-eşiyi var.  Mən də əlimə keçən ayın-oyundan pay-puş gətirmişdim nəvələrimə. Bu gün səhər tezdən oğlum dənizə getdi.

Cavan oğlan, yaşlı kişi, rus qadın və mən ona diqqətlə qulaq asırdıq.

Rus qadın yarım əsirdən çox Bakıda  yaşasa da elə rusca soruşdu:

-On neftyanik çto li?

Qərib qadın yalnız indi onun rus olduğun bildi və heyrətlə bizim üzümüzə baxdı.

Çavan oğlan da tələsik xabər aldı:

-Nənəcan sizin oğlunuz neftçidir?

Qərib qadın:

-Hə, bala, oğlum dənizdən nöyüt çıxarır. On beş gün dənizdə olur, on beş gün   evdə. Bu gün işə gedəndə arxasınca su atdım. “İşin avand olsun, oğlum!”- dedim.

Ani susdu, birdən düşündüsə onun yanağından üzü aşağı iki damla göz yaşı yuvarlandı. Mənə elə gəldi indicə o, ağlayıb hönkürəcək. Amma qadın özünü ələ alıb təmkinlə sözünə davam etdi:

-Oğlum gedəndən sonra gəlin mənə tərs üzünü göstərdi, özümə dəyişək gətirdiyim pal-paltarı üstümə atıb, “yır-yığışını elə, get evinə” dedi. Bax, beləcə  dopdoğmaca oğlumun evində beşcə gün qalmağı gəlin mənə çox gördü…

Bayaq dayanacaqda onu ilk dəfə görəndə dənizə baxıb həyəcan keçirdiyinin səbəbi indi mənə aydın oldu. Küləkli havada dənizdə çalışan oğlunun taleyindən nigaran ananın dərdinin üstünə dərd calanmışdı. Şəhərə nabələd olması belə onun  nainsaf gəlnini rəhmə gətirməmişdi. Soruşdum:

-Bəs gəlin sizi evdən qovanda nəvələrin ona  “dur” demədilər?

-Nəvələrimin biri tələbədir, o biri məktəbli. Səhər tezdən dərsə gedirlər.

– Darıxma, ay nənə, vaxt gələr onu da öz oğlunun evindən qovarlar…- deyə cavan oğlan qadına təskinlik verməyə çalışdı. Necə deyərlər, nə tökərsən aşına, o da çıxar qaşığına…

Əli təsbehli kişi də nəzərlərini müdrükcənə oğlana zilləyib sözünə qüvvət verdi, – Allah mütləq beləsinin qabağına özü kimi gəlin çıxaracaq! İndi ailə qurandan sonra çox oğulların evi ata- anaları üçün qadağan olunmuş zonaya dönür…

Qərib qadın çarəsiz halda başını yırğaladı, sonra dərindən köks ötürüb oğlunu qınayırmış  kimi dedi:

-Əslini-kökünü bilmədiyin yerdən qız alan adam, ana üzünə də həsrət qalar, ata ocağına da…

Bu dəfə əli təsbehli kişinin elə bil çiçəyi çırtladı:

-Rəhmətlik Baba Pünhan nahaq yerə demirdi ki:

Əsilli qız gəlin gələr, gələr ocağı yandırar,
Əsilsizin ki, əsli yox, bayır-bacağı yandırar.
Oğul gərək çəpər ola, gəlin-ana arasına,
Əgər çəpər alov tuta, o bağ bu bağı yandırar…

Cavan oğlan yenə hövsələsizcə dilləndi:

–  Bəs  ay  nənə  oğlunun mobil telefonu  yoxmu zəng edəsən?

-Mən belə şeyləri bilmirəm ay bala, ömrüm boyu görüb-götürdüyüm ev telefonu olub. Ona da oğlum özü arada-sırada zəng edir.

…Araya ani sakitlik çökdü. Sanki hamı o qərib, incik qadına təsəlli vermək üçün ürəyinin dərinliyində söz axtarırdı. Mənsə tələbə vaxtlarımda eynən bu yaşda bir dilənçi qadına rast gəldiyim soyuq qış gününü xatırladım. Rayondan qış  imtahan sessiyasına gəlmişdim. Nənəm iki-üç ayın “qocalıq pulunu” qurşağından çıxarıb mənə vermişdi ki, on günlük sessiya müddətində özümə kirayə ev tutum.

Kənarda kirayə ev axtarmağa tənbəllik edirdim. Rast gəldiyim o qadın isə  universitetin yaxınlığında, Kommunist (indiki İstiqlaliyyət) küçəsinin tinində dayanmışdı. Gəlib-gedənlərə bir  kəlmə söz demədən pərişan halda, utana-utana əl açmışdı. Nədənsə, mənə elə gəldi ki, onun evi bura çox yaxındı, bəlkə də İçərişəhərdədir. Bir anlığa zənn elədim ki, ev kirəsi üçün gətirdiyim pulları bu qadına versəm, həm onun  canı soyuq havada dilənçilik etməkdən qurtarar, həm də mən ali məktəbin yaxınlığında özümə kirayə ev taparam…

O, məni dinləyib, sakitcə “yox” dedi, “məni oğlumla-gəlinim evimdən çıxarıblar. Şikayətimə məhəl qoyan olmadı. İndi balaca bir zirzəmidə qalıram. Gündüzlər burda dayanıb gündəlik öz  çörək pulunu birtəhər çıxarıram…”

Mən onun nəmli gözlərinin içinə baxdım. Çox məyus oldum. Əlcəksiz əlləri titrəyirdi, qar kimi bəmbəyaz birçəkləri şalının altindan çıxmışdı. Əgər nənəm  kimi vaxtı-vaxtında  başına xına qoysaydı,  saçları tünd qırmızı rəng alardı.

O gün Bağdagül nənəmin ev kirəsi üçün verdiyi pulları dilənçi qadının ovcuna qoyub tez uzaqlaşdım. Həmin qış günləri Alatavada “gecəqondu” deyilən həyət evində yaşayan qohumumgilə qaldım. Universitetə gəlib-gedəndə o qadını həmişə dayandığı tinində görmürdüm. Düzü, ürəyimdə buna sevinirdim də…

Aradan gör nə qədər illər ötüb keçib. Bağdagül nənəm də, o qadın da çoxdan dünyalarını dəyişiblər.

… İndi isə avtobusda bu ağbirçək qərib qadının hekayəti məni düşüncələrə qərq etmişdi. İlahi, bu qadın necə də mənim Bağdagül nənəmə, bir də o vaxt universitetin yaxınlığındakı küçədə gördüyüm – oğlu və gəlini tərəfindən evindən qovulmuş həmin qarıya oxşayırdı…

Elə dərin fikrə dalmışdım ki, avtobus çoxdan iş yerimə yaxın dayanacaqdan ötüb keçmişdi. Növbəti dayanacaqda düşüb geri piyada geri qayıtmalı oldum.  Dənizdən soyuq küləklər əsirdi. Nədənsə bu soyuq havada qızınmaq üçün avtobusu sığınacaq seçən o cavan oğlanı xatırladım. Əmin idim ki, söz verdiyi kimi o, qərib qadını aparıb avtovağzaldan yola salacaqdı.

…İşə çatanda radioda xəbər verdilər ki, sabah havanın kəskin dəyişməsi ilə bağlı dənizdəki neftçilər təcili sahilə çıxarılacaq. Yenə o qərib ananı, qərib qadını düşündüm. Yəqin neftçi oğlu evə dönüb anasını görməyəndə çox pərt olacaqdı. Görəsən anasını soruşanda, həyat yoldaşı ona nə cavab verəcəkdi? Gözlərimin önündə  qaynanasını  evdən  qovan  o insafsız gəlin canlandı. Çox güman ki, ərinin sualına o, heç nə olmamış kimi: “Anan çox darıxırdı, yır-yığış edib rayona getdi” – deyə biganə cavab verəcəkdi.

Bəs görəsən ananın neftçi oğlu arvadının bu yalanına inanacaqmı?

Xəyalımda canlandırdığım oğul da dərhal anasına zəng edəcəkdi.

Ana da oğlunun, nəvələrinin xatirinə ürəyinə daş basıb titrək səslə:

-Hə, bala gəlin düz deyir, rayondakı ev-eşiyimiz üçün darıxırdım, -deyəcəkdi…

Sonra da dəstəyi qoyub hönkürtüylə ağlayacaqdı…

  Bakı – 2019