- Köşə, Manşet

Aygün ƏZİZ. Bu gün elimizə bahar su ilə gəlir

Suyam – damla-damla daşdan çıxmışam,
Gözəm, göz yaşıyam, yaşdan çıxmışam.
Bir qarlı, boranlı qışdan çıxmışam,
Təzə çiçəklənib yaz olmağım var.
Zəlimxan Yaqub

Təbiətin dörd mühüm ünsüründən biridir SU.
Su həyat mənbəyidir.
İnsan uzun müddət aclığa – təxminən 6 həftə – dözə bilər, amma susuzluq 2 gündən sonra ölümün gəlməsinə səbəb olur.
Bizim orqanizmimizdə su oksigendən sonra ikinci yeri tutur. Qanımızın da 92%-i sudan ibarətdir. Beynimizin 75%-ini, sümüklərimizin isə 22%-ini su təşkil edir.
Biz çox yox, cəmi 2% su itirirksə, susuzluq hissi yaranır.
Bu 6-8% arası olanda əhval-ruhiyyəmiz aşağı düşür, iş qabiliyyətimiz azalır.

İtki 10%-ə çatanda isə bizi qara basır.
Ölüm 12% su itkisində labüd haldır.

Yerin 75%-i su ilə örtülüdür ki, bunun da 97.5%-i okean sularının payına düşür. İçməli su 2.5%-dir. Bu qədər az.
Təmiz suyun 70%-i buzlaqlardadır.
Bizim əldə etdiyimiz 30% suyun vur-tut 1%-i içmək üçün yararlı hesab olunur.
Hesablamalara görə biz orta hesabla 35 ton su istehlak edirik.
Bunun 105 litri, daha müfəssəl desək, təxminən 420 stəkanı duzludur və təmiz deyil.

Qazlı suyun həvəskarları bilməlidirlər ki, orqanizmdəki turşu-qələvi balansının bərpası üçün cəmi-cümlətanı bir stəkan qazlı sudan sonra otuz stəkan adi su içmək lazımdır.

Suyun faydalı olması haqda bu qədər. İndi dünyada və bədəndə olan sudan yox, deyimlərimizdə, ibarələrdə istifadə edilən “su”dan da bir-iki kəlmə deyim xətm edim.

Birinə öyüd-nəsihət verəndə, kimisə misal göstərəndə “gözünə su ver” deyirik.

Çətin bir işdən bizi xilas edənə, ürəyimizə rahatlıq gətirənə “ürəyimə su səpdin” ibarəsini işlədirik.

Peşman olub gedənə “suyu süzülə-süzülə getdi” ifadəmiz var.

Xoşumuza gələnin “suyu şirin” olur bizə.

Kövrələnin “gözü sulanır”.

Can verən su can da ala bilir. Susuzluqdan dodaqları cadar-cadar olanın ürəyinin təşnəsini bir stəkan su söndürür. Amma ehtiyatsızlıq edib dənizdə uzağa üzənin canını ala bilir su.

Su ilə müxtəlif inamlar var:

* Səfərə çıxan olanda arxasınca sağ-salamatlıq üçün su atırlar.

* Su quyusuna tüpürmək olmaz deyirlər.

* Pis yuxunu axar suya danışarlar.

* Yerə qaynar su tökməzlər.

Su ilə bağlı ALQIŞLAR var:

* Su qədər ömrün olsun

* Su kimi duru olasan

* Su kimi pak olasan

Su ilə bağlı xeyli ATALAR SÖZLƏRİmiz var:

* Su kiçiyin, yol böyüyün

* Su axar, çuxurun tapar

* Su gəldiyi arxa bir də gələr

* Su başdan aşanda ya bir qarış, ya yüz qarış

* Su bulandırmaqla balıq tutulmaz

* Su da bir yerdə qalanda iylənər

* Su girdi qaba, oldu içməli

* Su meymunun boğazına çıxanda balasını ayağının altına alar

* Su murdar götürməz

* Su sənəyi suda sınar

* Su yatar, düşmən yatmaz

* Suda boğulan saman çöpündən yapışar

* Sudan ayrılan balığın oddan nə qorxusu

* Suyun lal azanı, adamın yerə baxanı

* Körpünün altından çox sular axıb

Suya bayatı qoşmuşuq:

Su gələr axar, doymaz,
Dağ-daşı yaxar, doymaz.
Gözlərim yar gözünə
Ölüncə baxar, doymaz.

Xalq mahnılarımızda da su üzümüzə “sərpilir”.

Küçələrə su səpirik ki, yar gələndə toz olmasın…

Suyun qəzəbi də ağır olur:
Dərin olmayan Arpa çayının sərin olmayan suyu apardı Saranı…

Bir “Axşam mahnısı”nda suya yaşıl-yaşıl yarpaqların kölgəsi düşür…

Yapon biznesmen və psevdoalim Masaru Emoto çox maraqlı bir eksperiment aparıb. Bu eksperimentin həqiqətən elmi əsasının olub-olmadığını dəqiq deyə bilmərəm, amma onun 2004-cü ildə nəşr olunan “Suda gizli ismarıclar” kitabı bestseller olmuşdur. Bu, hipotez da ola bilər. M.Emotonun iddia etməsinə görə insan şüuru ilə suyun molekulyar strukturunda dəyişiklik edərək onu nikbin və ya bədbin “not”larla “yükləyə” bilər.

Siz iki stəkan su götürərək bir müddət dalbadal birinci stəkana xoş, ikinci stəkana isə pis (söyüş, qarğış) sözlər deyirsiniz. Nəticədə birinci stəkandakı su ilə ikincidəkinin mikroskop altında baxdığınızda molekulyar sistemində fərqlər olduğunu görəcəksiniz. M.Emoto brinci stəkandakı suyun içildiyində məlhəm, ikincidəkinin isə zəhər kimi təsir göstərdiyini iddia edirdi.

Zaman SU kimi axıb keçir, bir daha yaşanan ömür geri qayıtmır. Həyatda əlimizdə olan hər şeyin qədrini bilək, buzlaqlardakı su kimi saf olaq, çirklənməyək. Kiminsə suyumuzu bulandırmasına imkan verməyək. Su içdiyimiz quyuya tüpürməyək.

Suyun da şirini, turşu, acısı, duzlusu olur.

Gözlərimizdən axan su sevinc göz yaşlarından olsun.

Soğan soyarkən su axsın.

Qəhqəhə çəkərsən gözümüzdən su yanağımız boyu axsın.

Amma əsla və əsla ağrı-acıdan, iztirabdan, bədbəxtlikdən, naçar qalmaqdan, acı sözdən, qanmaz adamların münasibətindən, haqsızlıqdan, pərtlikdən su gəlməsin gözümüzdən.

“Sözün də su kimi lətafəti var” deyən dahi Nizamiyə görə “hər sözü az demək daha xoş olar”.

Bulaq suyu qədər saf qalın!

Su qədər ömrünüz olsun!

SU ÇƏRŞƏNBƏNİZ MÜBARƏK!