- Dil, Manşet

Gülyaz ƏLİYEVA. Niyə ana dili?

Ey sudan saf, baldan şirin, nəğmədən ahəngdar, qılıncdan kəskin, tüldən zərif Ana dilim. Bu gün dünyada sənin günündür: 21 Fevral. Hər il bugünkü günü bütün dünya  Beynəlxalq Ana Dili Günü kimi qeyd edir.  Bugünkü gün bütün dünya  1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizədə öldürülən  dörd tələbəni ehtiramla yad edir. Bəli, dil namusdur, qeyrətdur, xalqın mənəviyyatıdır, tarixi, keçmişi, məişəti, ədəbiyyatı, arzuları , hamısı xalqın dilində ehtiva olunur. Ona görə onun yalunda candan keçilir. Dil də doğma ana qədər əzizdir.  Yalnız bu iki məvhum  anaya tən tutulur, ana kimi müqəddəsdir, dəyişdirilməz, pay verilməz. Yalnız bu iki sözün qarşısında “ana” kəlməsi yazılır. Vətən və dilə “ana” deyilir. Zaman-zaman öz doğma ana dillərinin rəsmi dövlət dili olması uğrunda xalqlar mübarizə apardı, bu yolda qanlar töküldü. Bunlardan biri də Benqladeş xalqı oldu. Doğma dili  dövlət dili statusu qazanmamış xalqlar bilir dil dərdinin necə ağır bir dərd olduğunu. Güneydəki dili bir, qanı bir qardaşlarımız kimi…

Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir.  Dünyada 6000-dən çox dil olsa da, onlardan çox az bir qismi dövlət dili statusu qazanmışdır. Nə xoşbəxtik ki, rəsmi dövlət dili olan dillər siyahısında bizim də dilimiz var.  Amma unutmamalıyıq ki, dünyada hər 2 həftədən bir, bir dil sıradan çıxır. Çünki onda danışanların sayı get-gedə azalır. Ona dörə də dilimizi sevmıli, qorumalı, yad dillərin ayağına verməməliyik…

Mənim ana dilim. Sən qədim tarixə malik, keşməkeşlərdən çıxmış, işğallara məruz qalmış, əl-qolu bağlansa da, ayaqda qalmağa çalışmış, özünü dirçəltmiş mətin bir dilsən. Sən dövlət dili statusu alana qədər  necə çətin bir yollardan keçmisən. Bu günədək sənə kimlər dil uzatmadı ki, a mənim başı bəlalı, gözəl dilim?  Səni ərəb, fars nə qədər öz içində boğmağa çalışdısa, bacarmadı, rus əsarətində qaldın, yenə ərimədin…Bu hal hələ də qalmaqdadır. Hələ də səni gözügötürməyənlər, sənə naxələf çıxanlar var. Sələflərinin yolunu davam etdirirlər.

Bəziləri 20-ci əsr “obrozovonnı”larından heç də geri qalmayaraq səndə danışmağı özlərinə sığışdırmırlar. “Molla Nısrəddin” jurnalında çanağından çıxıb ona təpik vuran bir bağa təsviri vardı, onu xatırladırlar. Bir neçə nəfər fars qiyafətli, rus geyimli, türk əlbisəli “obrozovonski”nin bir nəfəri yerə yıxıb ağzına zorla dil pərçim etmək istəmələri ilə bağlı karukatura  da vardı. Bəziləri də onu xatırladır.

Bəziləri, hələ də, səndə danışanları geridəqalmış, özlərini elit sayırlar. Nə qədər cılızdırlar…Səni mən dünyalara,  Şah babam Xətayi demiş, bir kəlmıni bir qızıla dəyişmərəm, mənim rəvan dilim. Sözlərimin səmimiliyinə inanmayanlar da tapılar(neyləsinlər, hər kəs qarşısındakını özü kimi sanır).  C.Məmmədquluzadənin “Anamın kitabı”ndakı  Gülbaharın bəlaları bitməyəcəkmi? Hələ də qardaşların arasındamı qalacaq? Rüstəm bəylər, Mirzə Məhəmmədəlilər, Səməd Vahidlər indi də başqa donda, başqa biçimdə səndən imtina etməyə nə yaman həvəsli imişlər. Bəzi lüğət yazanlarının, kitab nəşr edənlərinin, əlfazı nəzmə çəkənlərinin gözləri yenə də başqa dillərdədir. Sanki onlar doğma ana dilimizin  Konstitutsiya ilə təsbit olunmuş rəsmi dövlət dili olmasından,  Azərbaycan dilinin yiyəsinin yalnız Azərbaycan xalqının olmasından və bu dilin azərbaycanlıların milli-mənəvi sərvəti olmasından xəbərsizdirlər. Amma onlar sənə heç nə edə bilməzlər. Ana dilim.

Sənə olan sevgim mənim ən səmimi sözlərim, içdən, ürəkdən gələn duyğularımdır. Sənə olan məhəbbətimi izhar eməkdən doymuram, sənə sevgimi söyləməkdən yorulmuram, mənim ana dilim. Sənə olan eşqim ana südü kimi saf və təmizdir. Ana məhəbbəti kimi təmənnasızdır. Bala sevgisi kimi içdəndir, qəlbdən, könüldən, ürəkdəndir. Sünilik, göstəriş, kiməsə, nəyəsə xatir danışıq, tərif yaddlr mənə. Ey dilim,  dağ çayları kimi təbiisən, qəlbinə toxunan olanda coşub-çağlamağın var, içdən qaynayanda sularının bulanmağı var, qeyzlənəndə dağ çayı kimi qarşına keçən çör-çöp bir yana, iri ağac kötüklərini belə sularına qərq edib aparmağın var. Amma həmişə elə deyilsən ki.

Hərdən də sularının dibindəki daşı-çınqılı göstərəcək qədər dopduru durulub şəffaflaşmağın, lal, sakit axışın da var. Zümzümə ilə nəğmə deməyin, sularının pıçıldaşması, həzin-həzin ləpələnməsi də var. Mən səndə danışanda  özüməm, sevgimi də açıq, səmimi etiraf edə bilirəm, qəzəbimi, nifrətimi də gizlətmədən,  yasalamadan  ifadə etməyi bacarıram, sənin vasitənlə. Anam belə gətirib dünyaya məni, dünyaya göz açandan ölənədək mənim yanımda olmusan sən də bir ana kimi . Sevincimə də, kədərimə də şərik olmusan. Məni bir ana kimi sən böyütmüsən, sən müşayət etmisən bütün həyatım boyu. Necə? Göz açanda anamdan səndə ifadə etdiyi şirin laylaları eşitmişəm. Ayağım yer tutanda babamın söylədiyi:”balama qurban…” xutablı  oxşamalarla əzizlənmişəm. Uzun qış gecələri nənəmin göydən üç almanın düşməsi ilə sona yetən, devləri ağlı ılə yıxan Cırtdanların, Döşgüvar padşahlara, zalım dərvişlərə qalib gələn Ağ atlı oğlanların, qaranlıq dünyadan Zümrüd quşunun sayəsində qurtaran Məlikməmmədlərin qəhrəman olduğu nağıllarla yuxuya getmişəm. Yaşa dolub gənclik çağına çatanda, bir cüt ulduz kimi baş-başa verib şölə saçan ala gözlərin kəməndinə düşəndə yenə də harayıma sən yetmisən, dadıma sən çatmısan:

Əzizim baxtı yarım,
Baxtımın taxtı yarım.
Üzündə göz izi var,
Sənə kim baxtı yarım ? – demişəm.

Mənim ən incə hisslərimi, zərif duyğularımı, üzdəki göz izini görə biləcək incəliklə ifadə etmisən. Ürəyimin döyüntülərini hiss etdirmisən kəlmələrində. Ağır zəhmətimi sən yüngülləşdirmisən əmək nəğmələrinlə, mənə həyan olmusan.  Vaxt olub vətənimdən gen düşmüşəm, qərib olmuşam, “Nisgil”, “qübar”, “həsrət” sözləri ilə ovutmuşam özümü. Darda qalanda yenə dərdimi səndə ehtiva etmişəm:

Əzizim  vətən yaxşı,
Geyməyə kətan yaxşı.
Gəzməyə qərib ölkə,
Ölməyə vətən yaxşı, – deyib səndə təsəlli tapmışam.

Ürəyimin riqqətini yenə səndə dilləndirmişəm, aləmə səs-səda salmışam:

Əzizinəm Qarabağ,
Şəki, Şirvan, Qarabağ,
Dünya cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ,- demişəm.

Vətənin dar günündə ona dayaq olanlara, uğrunda qılınc-qılınc qan verənlərə nəğmələr qoşmuşam, dastanlar söyləmişəmsə, yenə bunu sənin vasitənlə etmişəm. Dünyanın acısını-şirinini, sevincini-kədərini, ağını-qarasını görüb yaşadıqca hikmətli kəlamlar söyləmişəm, sınaqlardan çıxmış müdrik atalar sözlərimi ifadə etmişəm səndə.

Mən səni hər zaman yanımda görmüşəm, sevəndə səni içdən, ürəkdən sevmişəm. Sənə olunan hörmətsizliyi, bəyənməməni, alçaldılmanı heç cür götürə bilmirəm. Hər adın çəkiləndə, gözlərim yaşla dolur. Adın ucuz tutulanda qanım coşur, məcrama sığmayan dağ çayına dönürəm, ipə-sapa yatmayan, burun pərlərindən buğ çıxan, dırnaqları ilə yeri eşib şahə qalxan, kişnərtisi dağ-daşı lərzəyə salan xam Qarabağ atına dönürəm,  çoxundan fərqli oluram onda. Hər gün sənin haqqında  söhbət açıram. Səni anam qədər sevdiyimi bəyan edirəm gül balalara. Ürəyimdə sənə olan o atəşin sevginin qığılcımlarından onların da ürəyinə düşdüyünü mənə sevgi ilə dikilmiş o  parıldayan gözlərdən oxuyuram. Onların ürəyində sənə sevgi oyatdıqca onlarla bərabər mən də uşaqlaşıram, onlarla bərabər gəncləşirəm, sabaha ümidim, gələcəyə inamım artır. Onların gözündəki sevinc qığılcımları məni qanadlandırıb göylərin ənginliklərinə uçurur. Qanadlarımı səma dolu geniş açıb hey uçur, uçur, ənginlikləri fəth edirəm. Yenilməz qartal kimi uca dağların, qayaların quşqonmaz zirvələrinə qonur, oradan səni seyr edirəm, ana dilim mənim!

Ana  dilim! Adın çəkiləndə bir ömür acısını çəkdiyimiz  itkilərimi, sənin üçün çarpışan-vuruşan şair-yazıçılarımız, ədiblərimiz, zindanlarda çürüyən , güllələnən, həyatına son qoyulan soydaşlarımız gəlir gözümün önünə: Səməd Behrəngi, Behruz Dehqani,  Əlirza Nabdil Oxtay,  Mərziyə Əhmədi Üskülü Dalğa, Behruz Dehqani, C.Məmmədquluzadə,  dərdini Allaha yetirsin deyə Heydərbaba dağına söyləyən Şəhriyar düşür yada.   Əqidəsi yolunda dərisi soyulan Nəsimi, bir əlində qələm, bir əlində qılınc Şah babamız Xətayi, qəlb şairi, dərd əlindən dağlara çıxan, səhralarda Məcnun olan Füzuli,romantiklərin göyə qaldırqıqları gözəli sadə eşqi, xəlqi danışığı ilə, öz reallığı ilə, geyimi, danışığı, şirin ixtilatı, şəkır gülüşü ilə yerə endirib canlı xalq dilində tərənnüm edən Vaqifi, qəm-kədəri şeirlərinə hopmuş Vidadini,  kəskin dili ilə çarizmin müstəmləkə siyasətini dəstəkləyən yerli hakimləri qamçılayan Zakiri, M.Ə.Sabiri, C.Məmmədquluzadəni, S.Vurğunu xatlrlayıram. Səndə ən incə hissləri ifadə edən lirik şeirlər də, ən kəskin satiralar da var.

Bəli, mənim dilim həm də cəsarət dilidir, əyilməzlik simvoludur.
Mənim dilim nə fars dilinə, nə rus, nə ingilis dilinə bənzəməz. Mənim dilim dünyanən ən musiqili, ən ahəngdar, ən mənalı, qulağa xoş gələn ən gözəl dilidir. Çünki bu dil məmim dodağı laylaylı, bayatılı, nağıllı, nəğməli anamın dilidir… Mənim dilim heç bir dilə bənzəməz  mənə görə. Bu dil ən incə mətləblərdən, lirik hisslərdən tutmuş, ən mürəkkəb, fəlsəfi fikirləri belə ifadə edəcək qədər zəngin bir dildir. Onu öyrənmək, onu sevmək, onu işlətmək, onda danışmaq lazımdır ki, o zaman onun gözəlliyini, şirinliyini, musiqililiyini, fəlsəfiliyini, müdrikliyini duya biləsən. Bu dil kimlər üçün ən gözəl ünsiyyət, kimlər üçünsə fikri gizlətmək vasitəsidir. Hər ikisində də özünü gözəl ifadə edəcək qüdrərə malik bir dildir mənim ana dilim.
Bəli ta körpəlikdən bir ana kimi məni qoynunda bəslədi dilim. Öləndə də məni yalqız qoymayacaq bu dil:

Əzizim ulu dağlar,
Çeşməli, sulu dağlar.
Burda bir qərib ölüb,
Göy kişnər , bulud ağlar ,- deyəcık yanğılı dilim, mənim doğma ana ďilim. İndi bildiniz biz niyə doğma dilimizə ana dili deyirik?!

Dünyanın hansı dili bu dediklərimi bir ana kimi bax beləcə ifadə edə bilər ki?!
Dədəm Qorqud nişanlı,
Qüdrətli, ehtişamlı,
Məğrur, ölməz can dilim.
Ey Azərbaycan dilim!
Ey Azərbaycan dilim!