- Dil, Manşet

Fİzzə HEYDƏROVA. Dil şəhidlərinin xatirəsi

1999-cu il noyabrın 17-də UNESCO-nun Baş Konfransı fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edib.

Günün tarixi 1952-ci il fevralın 21-də Dəkkədə (indiki Banqladeşin paytaxtı) baş vermiş hadisələri xatırlamaq üçün seçilib. O zaman Banqladeş Pakistanın tərkibində idi. Onun ərazisində benqal dillilər üstünlük təşkil edirdi, lakin dövlət dili olaraq urdu dili seçilmişdi. Fevralın 21-də Banqladeş Universitetinin tələbələri benqal dilinin dövlət dili kimi tanınmasını tələb etmək üçün Dəkkədə küçələrə çıxıb. Polis etirazçılara atəş açıb, nəticədə bir neçə nəfər ölüb. Bu, qəzəb dalğasına, yeni etirazlara səbəb olub və bir neçə ildən sonra benqal dili dövlət dili statusu alıb. Dəkkədə ana dili uğrunda həlak olan tələbələrə şəhid statusu verilib və abidə qoyulub. Abidə Şahid minar – şəhidlər abidəsi adlanır…

Dillər maddi və mənəvi irsimizin qorunması və inkişafı üçün ən güclü vasitədir. Hazırda dünyada 6000-ə yaxın dil var və onların 43 faizi təhlükə altındadır. Təhsil sistemlərində və ictimai sferada yalnız bir neçə yüz dil mühüm rol oynayır və rəqəmsal dünyada yüzdən azdan dildən istifadə olunur. Hər iki həftədən bir dünyada bir dil bütöv mədəni və intellektual irsi özü ilə apararaq yoxa çıxır.

2003-cü il fevralın 21-də Beynəlxalq Ana Dili Günü münasibətilə UNESCO-nun ovaxtkı Baş direktoru Koişiro Matsuura demişdi: “Ana dilinə niyə bu qədər diqqət yetirilir? Çünki dillər bütün müxtəlifliyi ilə insan yaradıcılığının unikal ifadəsini təşkil edir. Ünsiyyət, qavrayış və düşünmə vasitəsi kimi dil həm də dünyanı necə gördüyümüzü, keçmiş, indiki və gələcək arasındakı əlaqəni əks etdirir. Dillər təsadüfi qarşılaşmaların izlərini, doymuş olduqları müxtəlif mənbələri, hər birinin özünəməxsus tarixinə görə daşıyır.

Ana dilləri doğulduğu andan hər bir insanda iz buraxır, bir insanın sonradan bir çox dillərə yiyələnməsinə baxmayaraq, ona heç vaxt yox olmayacaq şeylər haqqında xüsusi bir baxış bəxş etməsi ilə unikaldır. Xarici dil öyrənmək dünya ilə fərqli baxışla, başqa yanaşmalarla tanış olmaq üsuludur”.

Hər il Ana Dili Gününün qeyd edilməsi çərçivəsində müxtəlif ölkələrdə bütün dillərin (xüsusilə də yox olmaq ərəfəsində olan dillərin) təbliği və qorunmasına yönəlmiş müxtəlif tədbirlər keçirilir. Belə ki, müxtəlif illərdə Ana Dili Günü aşağıdakı mövzulara həsr olunub: ana dili ilə çoxdilliliyin xüsusən də təhsildə qarşılıqlı əlaqəsi; Brayl sistemi və jest dili; bəşəriyyətin qeyri-maddi irsinin və mədəni müxtəlifliyin qorunması; məktəblərdə tədris olunan dilin rolu və s.

Yazı İnternet materialları əsasında hazırlanıb