- Dil, Manşet

Ana dilini öldürənlərlə dili üçün ölənlər

Hərənin bir müqəddəs kitabı olur. Xristianların İncili, müsəlmanların Quranı, yəhudilərin Tövratı var. Peşəmi nəzərə alanda mənim kitabım hamınınkından çoxdur. Həm sevdiyiniz müqəddəs kitabları, həm də sevmədiyiniz kitabxana fondlarında əl dəyməyən kitabları qoruyuram. Kitabının adı Quran olanların arasında oxumamaqla özünün “Aşıran” kitabını yazanlar oldu. İnsanlıq onların güdazına gedir. Kitablardan gen durmaqla özünə, cəmiyyətə cahilliklə zərbə vurub dövlətçiliyi təməlindən aşırmağa çalışanları dindirəndə dilləri dağ aşırır. Əlinə keçəni mədəsinə aşıranlar təkcə maneələri aşa bilmirlər.

Məncə, həm elm, həm də insanı insanlığa səsləyən dəyərli kitabların hamısı müqəddəsdir.  Kitabları hər dildə oxumaq olur. Çox dil bilmək bir neçə xalqın kitabını oxumağa kömək edir. Bir kitab da var- Anamın kitabı. O bütün kitablardan əzizdir. O, anamızın dilində yazılıb. Həmin kitabı oxumadığımızdan Ana dilini küncə qısqalayıblar.

Hər il fevralın iyirmi birində ana dili uğrunda özlərini ölümə atanları ehtiramla yad edirik.

Bilirsiniz 1952-ci il fevralın 21-də Pakistanda benqal dilinin rəsmi dil olması uğrunda mübarizə aparan dörd tələbəni qətlə yetiriblər. Həmin gənclər öldülər ki, dilləri yaşasın. Bizimkilərsə özləri diri qalsınlar deyə ana dilini öldürməyə hazırdırlar.

Dörd gün qabaq bizim ziyalımız da ana dilini dəyişmək təşəbbüsü irəli sürmüşdü. Mətbuatda, sosial şəbəkələrdə dil mövzusunda gedən məyusedici təhlil, müzakirə, tənqidlərdən geriyə qalan çiliklənmiş ümidləri yığıb calamağa çalışırıq. Bəzi ziyalılar xalqın inamını biznes marağına qurban verməyə cəhd göstərir.

Ana dili kitabımızı sevsəydik, yad dilləri mənimsəyib onu hörmətsiz etməsəydik, şirin dilimizdə oxusaydıq bu gün nə yersiz müzakirələrə ehtiyac qalardı, nə də mənim “andiçmə mərasimi təşkil etməyimə”.

Kitablardan yazmağım ilk dəfə deyil, amma bugünkü məqsədim əvvəlkilərdən fərqlidir. —  Tanımayanları inandırmaq üçün and içmək istəyirəm.

— And olsun tanıyıb-tanımadığım, görüb-görmədiyim pak insanların varlığına,  and olsun hər gün tozunu nəfəs kimi ciyərimə çəkdiyim kitablara, MƏNİM HEÇ KƏSLƏ ŞƏXSİ ƏDAVƏTİM YOXDUR. Bundan əmin olun. Kimdənsə giley yazsam, bilin ki, orda incidilən mən deyiləm. Cəmiyyətə aid olan problemlərə laqeyd qala bilmirəm. Neçə gündür yazdıqlarım yalnız Ana dilinə ögey münasibətə görədir.

Dilimizin türk dili ilə əvəz edilməsi mübahisəsində Şahbaz Xuduoğlunu qardaşı Sabir Rüstəmxanlı müdafiə elədi, hörmətli Firidun Ağazadə də canıyananlıqla gözəl üslubu ilə Sabir müəllimin fikirlərinə uyğun yazı yazdı. Yaxşı tutaq ki, deyilənə, yazılana inanıb Şahbaz bəyi yanlış anladığımız üçün üzr istədik, bəs Rasim Qaracanın oxşar fikirləri necə olsun? O da mı ağrıdan doğan kinayə ilə danışır?

Paylaşdığım videoya baxsanız özünüz hər şeyi biləcəksiniz. Münasibətinizin necə olacağı maraqlıdır.

Nəzərinizə çatdırım ki, Rasim Qaracanın bu çıxışı Şahbaz Xuduoğlunun statusundan qabaq yayılmışdı. Nədənsə diqqət çəkməyib. Buyurun, linkə daxil olub baxın.

https://www.youtube.com/watch?v=2bPCdMog3E8&t=1009s