- Ədəbiyyat

Aygün ƏZİZ. Ölümlə görüşü olan döyüşçü-şair haqqında

Alan Siqer amerikalı şair idi. 22 iyun 1888-ci ildə anadan olub. Birinci Dünya Müharibəsi zamanı Fransız xarici legionunda xidmət edib. Tanınmış pasifist və müsiqişünas Çarlz Siqerin qardaşı və keçən əsrin əvvəllərində bu soyadla tanınan üç xalq mahnıları ifaçılarının əmisi idi.

Müharibəyə yollanana qədər Alan bir çox şeirlər yazsa da, “Ölümlə görüşüm var mənim” şeiri daha geniş yayıldı. Bəlkə də, qəlbin daha dərinliyinə nüfuz etdiyinə görə şeir insanların qəlbində özünə yer tapdı. Üstəlik də, müharibə dövrü idi. Müharibələr zamanı isə hər bir xalq həssas olur. Mərhəmət, acıma hissləri insanlara hakim kəsilir. Elə möhtəşəm əsərlər də çox zaman həssas məqamlarda yaranır.

Alan poeziyaya sevgi ilə yanaşan bir gənc idi. Təəssüf ki, onun arzularını amansız müharibə yarımçıq qoydu. İdeallarını şeirlərində tərənnüm edən Alan tənqidçilərin də hədəfinə tuş gəlirdi. Onu əsasən xəyalpərəst olduğuna, misralarında pafosdan istifadə etdiyinə görə qınasalar da, haqsızlıq etməkdən qaçmaq üçün bunu gəncliyin zəifliyinin ayağına yazırdılar.

Alan özü Nyu-Yorkda anadan olub. Atası Meksikada şəkər emalı ilə məşğul olan fabrik sahibi idi. Firavan uşaqlığı olub. Heç nədən korluq çəkməyib. Yeniyetmə yaşlarında da sanballı məktəblərdə təhsil alıb. Lakin sonradan ailəsi bütünlüklə Meksikaya köçdü. Amma Alan qardaşı Çarlz ilə təhsilini daha yaxşı yerdə davam etdirmək üçün yenidən Nyu-Yorka qayıtmalı oldu.

Məktəbi bitirən gınc Alan Harvard Universitetinə daxil olandan sonra poeziya ilə daha ciddi maraqlanmağa başlayır. Dövrünün romantik şairləri ona təsirsiz ötüşmədi. Hətta hələ tələbə ikən Tomas Eliot və bir çox başqa şairlərin öz şeirlərini müasir versiyada yazmaqlarını müşahidə edirdi. Danteni tərcümə edib. Harvard Monthly jurnalında redaktor kimi də fəaliyyəti olub. İstedadlı tələbə Alan 1910-cu ildə Harvard universitetini bakalavr dərəcəsi ilə bitirir.

Universitetdən sonra gənc Nyu-Yorkda Qrinviç Vilicə köçür. Bu yer əsasən bohemiya həyat tərzinin hakim olduğu və əsasən xəyallarla yaşadıqları güman edilən şairlərin, rəssamların və musiqsiçilərun sevdiyi yer idi. Bohemlər deyəndə bu sənətlə məşğul olan və sərgərdan həyat tərzi keçirəcək xəyallar dünyasında yaşayanlar nəzərdə tutulur. Əlbəttə ki, Alanın bu seçimi zəngin sərvət sahibi və tamamilə başqa dünyagörüşə sahib olan atasını məyus etmişdi. Lakin Alan şeirlərini yazmağa davam edirdi. Amma iki il sonra Alan bu yerdən xəyallarında olan zövqü ala bilmədiyinə görə Nyu-Yorku tərk etdi və atasından belə yardım istəməyərək dostalrının maliyyə yardımı ilə Fransaya, daha dəqiq Parisə köçdü.

Bəli, Paris tam onun arzusunda olduğu, ilham pərisinin pərvazlandığı bir yer idi. Burada özünü xoşbəxt hiss edən gənc xəyalpərəst şair “Yadındamı”, “Görüş” kimi şeirlər yazdı. Bu şeirlərdə və hətta atasına vurduğu teleqramda onun aşiq olmasını sezmək olar. Fransa onun sevdiyi yer idi. Bəlkə də özünü burada tapmışdı deyə bu ölkəyə xüsusi rəğbəti vardı. Ona görə də 1914-cü ildə Fransa ilə Almaniya arasında müharibə başlayanda Alan heç düşünmədən, qorxmadan sevdiyi Fransanı müdafiə etmək üçün könüllü olaraq Fransa Xarici Legionuna yazıldı.

Həyəcan, macəra axtaran və bundan həyat eşqi alan gənc Siqeri taleyi də, sən demə, hədəfə alıbmış. Amma görünür, Alanda romantizm o dərəcədə imiş ki, o, hətta ölümün belə gözünə dik baxa bilirmiş. Biz bunu sonra görəcəyik.

Müharibəyə yazılan vaxt onu şəxsən tanıyanlar Alanın emosional cəhətdən ağır vəziyyətdə olduğunu deyirdilər. Döyüşə gedənə qədər Alan məktublarında adamla dolu çirkli məhəllələrdən, soyuqdan şikayətlənirmiş. Amma müharibə haqqında, oxuculara qəribə də gəlsə, romantik düşüncələrə malik imiş. Cəngavərlik dövrü haqqında məlumatlı olan Alan, bəlkə də, bu səbəbdən ölümdən qorxmurdu və ölümün özünü belə öz fikirlərində romantikləşdirmişdi. Onun üçün müharibənin nəticəsi yox, yoldaşlıq şərəfi və qəhrəmanlıq macərası daha çox əhəmiyyət kəsb edirdi.

Onun məşhur “Ölümlə görüşüm var mənim” şeirini oxuyanda insanın qəlbi riqqətə gəlir, ölümlə görüşünü bir şərəf məsələsinə çevirən gənc qəhrəmana rəğbət hissi duymaya bilmirsən. Şeirin müəyyən məqamlarında azca da olsa əlçatmaz keçmiş üçün nisgil hiss olunsa da, döyüşçü-şairin ölümdən qorxmazlığı və bunu ifadə edən misralar heyrətamizdir. O, sanki ölümlə şərt kəsərək mütləq onunla görüşə gələcəyini təsvir edir və bunu qürurla izhar edir. Onun haqqında yazanlardan biri qeyd edir ki, ölümlə bağlı belə bir şeir yazan əsgər heç də hansısa dini inancından belə düşünməyib, əksinə, onun belə ifadə tərzi həyatı sevməsindən, cismani sevginin həzzini necə dərindən duymasından xəbər verir. Həqiqətən də, Alan həyatda dindar olmamışdı. Həyat fəlsəfəsi mübarizə idi. Ümumiyyətlə, yunan filosofu Empedokldan çox təsirlənmişdi. Empedokla görə təbiət iki əks – sevgi və mübarizənin qarşılıqlı təsiri ilə xarakterizə olunurdu. Məlum şeirdə də məhz bu qarşılıqlı təsir vurğulanır.

1916-cı ildə romantik ruhlu, həyat dolu, dünyadan çox şeylər əldə etmək istəyən həssas qəlbli Alan döyüşlərin birində mədəsindən güllə alaraq həlak oldu. Ölümündən sonra fransız hərbçiləri onu Croix de Guerre və Hərbi Medalı ilə təltif olundu. Ölümündən qabaq yazdığı məktubda deyirdi: “Döyüşə gedib qayıtmayanlar üçün axıdılan göz yaşları acı olmamalıdır. Onların ölümü başqaların özlərinə seçdikləri bir ölüm deyil. Onlar bu ölümün gözünə baxaraq gülə-gülə və heç bir peşmançılıq hissi duymadan gediblər.”

Tərcüməsi təqdim olunan şeir ABŞ prezidenti Con F.Kennedinin çox sevdiyi və tez-tez dediyi şeir olub.

ÖLÜMLƏ GÖRÜŞÜM VAR MƏNİM

Ölümlə görüşüm var mənim
Çözmək üçün onunla bəhsi
Bahar da geri qayıdanda
Xışıldayar yarpaq kölgəsi.

Ölümlə görüşüm var mənim
Havada da gül rayihəsi
Bahar özü ilə gətirər
Aydın səma və yaz həvəsi.

Bəlkə də, əlimdən tutub o
Zülmət dünyasına aparar
Və bağlayaraq gözlərimi
Əcəl nəfəsimi daraldar.

Ölümlə görüşüm var mənim,
O döyüş gedən yamaclarda
Bahar gələndə buralara
Orda tumurcuqlar açanda.

Tanrı daha yaxşı bilir ki,
Gül qoxulu ipək döşəkdə
Sevginin şirin ağuşunda
Eşq döyüntüləri ürəkdə.
Səssiz-sözsüz oyanışlarda
Göz-gözə, həm nəfəs-nəfəsə

Amma ölümlə görüşüm var
Gecəyarı yanan şəhərdə.
Söz verirəm, bu il gələcəm
Yaz bir də olanda quzeydə.