- Ədəbiyyat

Cəbrail HƏŞİMOV. Rəcəz bəhri barədə qısa qeydlər

Əruz vəzninin bəhrləri barədə söhbətimiz davam edir. Qəzəl yazan gənc şairlər üçün çox faydalı olacağını düşünürəm.
Rəcəz bəhri klassik Azərbaycan ədəbiyyatında həzəc və rəməl bəhrləri qədər işlənməsə də, hər halda, o da çox işlənən bəhrlərdən hesab olunur. Rəcəz sözü nə deməkdir? Qədim ərəblərdə müharibə zamanı sərkərdə meydana çıxıb rəqib çağırarmış, sonra qısa misralı şeir vasitəsilə həm özünü, həm də nəsil-nəcabətini tərifləyər, düşmənini isə aşağılayarmış. Buna rəcəz deyərmişlər. Ona görə də bu sözün mənası lovğalanmaq, özünü öymək kimi göstərilir. Əkrəm Cəfər bu barədə Qeys Razinin “Əl-Möcəm” kitabına istinad edərək yazırdı: “…Rəcəz sözü, əslində iztirab və sürət mənalarındadır; rəcəz bəhrinə ona görə rəcəz demişlər ki, ərəb vuruşmalarda özünü hifz etməyə çalışarkən sələflərinin fəxrli cəhətlərini, özünün və qəbiləsinin igidliklərini şərh edir; o bu zaman iztirablı avazlar çıxarır və cəld, sürətli hərəkətlər etməyi bacarır”.
Azərbaycan əruzunda rəcəz bəhrinin yeddi növü vardır. Bunlar da həzəc və rəməldə olduğu kimi üç qrupa bölünür:
1. Dördtəfiləli növlər.
2. Üçtəfiləli növlər.
3. İkitəfiləli növlər.
Bu növ və variantlar on üç təfilə üzərində qurulmuşdur. Bunlar müstəf`ilün, müftə`ilün, məf`Ailün, məf`Ailü və digərləridir. Əkrımi modellərlə bunlar müvafiq olaraq didilqələm, pərdəqələm, qələmnüdil və qələmnüvə olacaqlar. Digər təfilələri də bu qayda ilə əkrəmi modellərlə əvəz etmək olar.
Bu dediklərimizi Seyid Əbülqasim Nəbatinin bir misrası ilə izah edək:
Cumdum yenə qəvvas tək dəryayə mən, dəryayə mən.
Müstəf`ilün müstəf`ilün müstəf`ilün müstəf`ilün.
Dildilqələm dildilqələm dildilqələm dildilqələm.
İndi isə misranın tələffüz formasına nəzər yetirək:
Cum-dum-ye-nəə qəv-vaa-sı-tək dər-yaa-yə mən dər-yaa-yə-mən.
Uzun-uzun-qısa-uzun, uzun-uzun-qısa-uzun, uzun-uzun-qısa-uzun, uzun-uzun-qısa-uzun.
Gördüyümüz kimi, tələffüz zamanı uzun və qısa hecaların ardıcıl işlənməsi gözəl bir ahəng yaradır.
İndi də Nəsiminin məşhur “Məndə sığar iki cahan…” qəzəlinin birinci misrasına nəzər salaq:
Məndə sığar iki cahan, mən bu cahana sığmazam
Müftə`ilün məf`Ailün müftə`ilün məf`Ailün
Pərdəqələm qələmnüdil, pərdəqələm qələmnüdil
Mən-də-sı-ğaa ri-kii-ca-han, mən-bu-ca-haa na-sığ-ma-zam.
Uzun-qısa-qısa-uzun, qısa-uzun-qısa-uzun, uzun-qısa-qısa-uzun, qısa-uzun-qısa-uzun
Rəcəz bəhrinə Azərbaycan şairlərindən Nəsimi, Nəbati və Sabir daha çox müraciət etmişlər.

Növbəti yazımda xəfif bəhri barədə yığcam məlumat verəcəyəm.