Çinin nüfuzlu “Xarici dillərin tədrisi və tədqiqi nəşriyyatı”nda “Çin mədəniyyəti Azərbaycan dilində” kitabı çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, Pekin Xarici Dillər Universitetinin (PXDU) Avropa, Asiya və Afrika fakültələrinin birgə həyata keçirdiyi “Çin mədəniyyəti xarici dillərdə’” layihəsinin tərkib hissəsi olan kitabın müəllifi PXDU-nun Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyevdir. Dərslik formatında hazırlanan kitabda Çin mədəniyyətinin tarixi sistemli şəkildə təqdim olunub. Çin mədəniyyəti ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulan nəşr tarix, fəlsəfə və ideoloji düşüncə, Çin dili və ədəbiyyatı, incəsənət və mədəniyyət bölmələrindən ibarətdir. Müxtəlif tarixi hadisələr və yerlər, tarixi şəxsiyyətlər, maddi-mədəni irs nümunələri haqqında daha geniş təsəvvürün formalaşması üçün kitabda rəngli illüstrasiyalardan da istifadə olunub.
Azərbaycan-Çin mədəni əlaqələrinə mühüm töhfə olan kitabın yazılmasında yalnız birinci əl Çin mənbələrinə istinad edilib. Nəşrə Çinin bir çox klassik nəsr, nəzm və fəlsəfi mətinlərindən, o cümlədən Konfutsinin “Söhbətlər və mühakimələr”, Laocının “Dao təliminin əsasları” əsərlərindən, habelə Çin ədəbiyyat tarixində ən qədim şeirlər toplusu olan “Nəğmələr kitabı”ndan ixtisarla tərcümələr də daxil edilib. Bundan başqa, kitabda qədim İpək yolu, Azərbaycan-Çin mədəni əlaqələrinin tarixinə də geniş yer verilib.
Qeyd edək ki, Şanxay Universitetinin magistr məzunu olan Aqşin Əliyev 2013-cü ildə Şərqi Çin Pedaqoji Universitetində “Müasir Çin dilində reduplikativ sifətlərin müvafiq problemləri” doktorluq dissertasiyasını müdafiə edib və Şanxay Pedaqoji Universitetində post-doktorantura təhsil səviyyəsinə daxil olaraq, “Çincə-Azərbaycanca lüğət və onun nəzəri əsasları” elmi işini tamamlayıb. A.Əliyev 2016-cı ildə Azərbaycan dili ixtisası üzrə tədrisin təşkili məqsədilə Pekin Xarici Dillər Universitetinə dəvət olunub. Hazırda PXDU-da Azərbaycan dili kafedrasının müdiri olan gənc alim, bundan başqa universitetin regionşünaslıq kafedrasının tədqiqatçısı, Çin Sosial Elmlər Akademiyasının dəvətli alimi, “Bir kəmər, bir yol” Gənc Çinşünaslar Alyansının sədr müavini, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Çin üzrə əlaqələndiricisi, Çin Tərcümə Şəbəkəsinin aparıcı məsləhətçisi kimi fəaliyyətini davam etdirir. Çin Elm və Texnologiya Nazirliyinin, Çin Qlobal İstedadlar Mübadiləsi Assosiasiyasının və “Beynəlxalq istedadlar” jurnalının birgə qiymətləndirməsi əsasında 2019-cu il üçün Çinin ən yaxşı əcnəbi müəllimi seçilən A.Əliyev 5 kitabın, 20-yə yaxın məqalənin müəllifidir.