Biz TÜRKSOY-un media mükafatçıları ilə birlikdə Şuşadayıq. Vətən müharibəsi dövründə Azərbaycanda yaşanan tarixi hadisələri, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə obyektiv çatdıran və yayımlayan yerli və xarici media təmsilçilərinin Azərbaycana gəlib, bu mükafatı alaraq Şuşaya səfərini təşkil etməmək doğru olmazdı. Biz öz proqramımıza Şuşaya səfər daxil etdik. Ötən il sentyabrın 27-dən başlanan və 44 gün davam edən Vətən müharibəsində Şuşanın azad edilməsi ilə düşmən kapitulyasiya aktını imzalamağa məcbur oldu. Prezident İlham Əliyev Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etdi. Şuşanı gözümüzlə görmək, bir il ərzində burada görülən quruculuq işləri ilə tanış olmaq üçün buradayıq. Türkiyə, Qazaxıstan, Xorvatiya, Azərbaycan, Özbəkistan və Qırğızıstandan olan jurnalistlər azad olunmuş əraziləri, erməni vandalizminin izlərini gördülər.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın Beynəlxalq Türk Mədəniyyəti Təşkilatındakı (TÜRKSOY) təmsilçisi Elçin Qafarlı söyləyib.
Hazırda Şuşada böyük bərpa işlərinin aparıldığını və buranın möhtəşəm mədəniyyət tədbirlərinə ev sahibliyi edəcəyini vurğulayan E.Qafarlı deyib: “Biz TÜRKSOY olaraq Azərbaycanın qədim mədəniyyət ocaqlarından biri olan Şuşa şəhərinin 2023-cü il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan etməyi düşünürük. Bu təklif mədəniyyət naziri Anar Kərimov tərəfindən səsələndirilib. İnanırıq ki, “Türk Dünyasının Mədəniyyət Paytaxtı” ilində Şuşa yeni görkəmi ilə hamını heyran qoyacaq. Şuşanın haqq səsini, mədəniyyət paytaxtı olma şərəfini dünyaya çatdıracağıq. Burada tarixi abidələrimiz, məscidlərimiz və digər mədəniyyət ocaqlarımız bərpa olunaraq əvvəlki görkəminə qaytarılır. Artıq bu istiqamətdə böyük işlərin aparıldığının şahidi olduq. Vaqifin məqbərəsi, Bülbülün ev-muzeyi bərpa olunub, “Xaribülbül” festivalı, Vaqif Poeziya Günləri, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının konserti təşkil edilib. Qarşıdakı illərdə Şuşa neçə-neçə belə möhtəşəm tədbirlərə ev sahibliyi edəcək”.