Pərvanə BAYRAMQIZI
Bir vaxtlar feilin birinci zamanını sevirdim. Keçmişin hər şeyi maraqlı görünürdü mənə. İkinci zamanında da dayanıb, üçüncüsünü arzulayırdım. Vaxt keçdi, dayandığım zaman keçmişə döndü. Arzuladığımsa indiki zaman oldu. Yenə gələcək zamana çata bilmədim. İki zamanın arasında; xəyal qura-qura, olmuşları xatırlaya-xatırlaya gəldim bu ana. Mən yaşadıqca gələcək zaman yerini o birilərinə verib uzaqlaşdı. Bu gün indiki zamanda yaşayıb olub-keçənlərdən yazıram.
Novruz bayramı haqqında ilk təəssüratım təqvimdəki əlində xonça tutmuş milli geyimli qızla başlayıb. Birinci o qızın geyiminin fərqini soruşmuşam, sonra xonçanın nə olduğuna “izah tələb etmişəm”. Qışı sevmədiyim üçün təbiətin yaza hazırlaşmağı ürəyimdən olurdu. Qar əridikcə təqvimdəki şəkil daha çox xoşuma gəlirdi. Qulaq falına çıxmağa anam icazə vermirdi. Düzünü deyim ki, bizdə inanclara əməl edən adam olmayıb. Duzlu kökə, üzük falı söhbətinə də anam pis baxıb. Qızların belə şeylərlə maraqlanmağının əleyhinə idi.
Şirniyyatlardan təkcə İrəvan kətəsini xoşlayırdım. Elə xoşlayırdım ki, stolun üstündəkini bitirəndən sonra da, ehtiyatda olanı yeyirdim və qonaq gələndə şəkərburayla paxlavanın “ümidinə qalırdı”. Bənövşələr torpağı yarıb çıxanda riqqətə gəlir, onu Novruz bayramının tohfəsi bilirdim. Yaz fəslində baş verən yaxşı şeylərin hamısının Novruzun “işi” olduğunu düşünürdüm.
Bayramda anam süfrəni hazırlayanacan atam tonqal qalayıb hərəmizə bir lopa düzəldirdi. Qardaşımla bacım həyətə düşürdülər. Bir il boyunca Novruz bayramını gözləmək onlar üçün asan idi, bilirdilər ki, gəlib yetişəcək, ən çətin işləri məni evdən tonqal başına çıxarmaq idi. İstəyirdilər üçümüz də tonqalın ətrafında əylənək. Atam onları tonqalın üstündən adladırdı, mən yaxın gəlmirdim. Lopanı fırladıb atanda həyəcanlanırdım. Onun düşdüyü yerə hay-küylə qaçırdılar, mənsə yerimdən tərpənmirdim. Heç cür əylənə bilmirdim. Səbəbi özümə bəlli idi. Bilirdim ki, bayram bitəcək, hər kəs əvvəlki sakit həyatına davam edəcək. Mənsə insanların yalnız əlamətdar günlərdə, bayramlarda sevinmələrini istəmirəm. İstədiyim o idi ki, insanlar ilin bütün günlərində sevincli olsunlar. Dincliyin, sevincin ömrünü uzun etməyin yollarını düşünürdüm. Birgünlük sevinci qəbul etməmək xüsusiyyətim mənə necə sadiq qalıbsa, hələ də bayram günlərində heç kəsi təbrik etmirəm.
Bir nəfər qadının (bədbəxt olduğunu bilirdim) könlünü şad etmək üçün Qadınlar Bayramı Günü münasibətilə təbrik etmişdim, dərindən köks ötürüb: (köks ötürmək demək olmazdı, sanki nəfəsindən alov çıxıb dünyanı yandırdı) “Mən qadın deyiləm, qurban olum, bu bayramdan mənə pay düşmür” demişdi. Kobudluq hesab etmədim, elə bil həyatın pəncərəsi açıldı ordan talelərə boylandım.
Ərə gedəndən xoşbəxtlik nə olduğunu bilməyən başqa bir tanış qadın da var. Hansı problemi dilə gətirsəniz: “onda da bu cürdür” deyəcəm.
Onu xoşbəxt etmək istəyən olanda hər dəfə bir səbəb üzündən alınmayıb. Bədbəxtliyi ilə barışıb ömür sürür. Dünyada yaxşı hesab etdiyimiz heç bir nəsnə qisməti olmayıb. İnsan nə qədər talesiz yaradıla ki…
Təbrik etmək üçün növbəti dəfə onun nömrəsini yığdım, bir-iki xoş söz deyib eynini açmaq istəyirdim. Xoşbəxt sandığımız bütün qadınlar telefonu götürdülər, (əslində onlar da bəxtəvər deyillər, sadəcə, ərləri, uşaqları var deyə elə bilirlər yaşamaq budur. Necə yaşayır, uşaqlarını necə böyüdürlər, o ayrıca mövzudur) danışdım, təkcə ondan başqa. Evdə yox idi…
365 gündən qadınlar üçün ayrılmış bircə günün təbriki də ona qismət deyilmiş.
Əlamətdar günlərdə fərəhsiz insanları düşünmək xasiyyətim məni heç cür tərk etmir.
Toy şənlikləri zamanı da içimdə narahatlıq olur. Düşünürəm, görəsən, gənclərin bir-biri ilə davranışı necə olacaq, valideynlər onların işlərinə müdaxilə edəcəklərmi? Toydan sonrakı günlərin ab-havası üzür məni. Bu düşüncələr üzümdəki təbəssümü itələyib, “zəhmi” dəvət edəndə zahirən soyuqqanlı təsiri bağışlayıram. Əslində isə həmin an hamının əvəzinə mən kədərlənirəm.
Tək bircə dəfə bayramda uşaqlara həvəslə qoşulmuşam. Qonşu qızlar anamdan xahiş etdilər ki, onlarla qapı pusmağa getməyimizə icazə versin. Razı oldu. Ürəyimdə arzu tutub çəpər qonşumuzun qapısını dinlədim. İçəridən “Hə! Hə!” sözlərini eşidəndə sevincdən uçundum. Həmin dəqiqə ağlıma gəlməzdi ki, gələcək zamanda “kaş onda “Yox!” “Yox! sözləri eşidəydim deyə təəssüflənəcəm. Bu gün də ona görə qapı dinləməyə getmirəm. Qorxuram ki, arzuma çatıb peşman olaram.
Novruz bayramıdır. Karantin rejiminə görə şəhərdə sakitlikdir. Qəmginəm. Bütün problemlərin mənim olmasını razıyam, təki bu xalq var olsun. İnsanlara, yaxınlarıma təkcə yeni ildə, ad günündə, bayramlarda xoşbəxt olmalarını diləmirəm. Ürəkləri istəyəndə əylənməyin mümkün olmağını arzulayıram.
“Gələn il bu vaxt Novruzu Qarabağda keçirək” deyib tonqal kimi yanmadığımızdan bayramı bu il daha çox sevdim. İşğaldan azad edilən torpaqlarımızda tonqal yandırıldı. Bizim üçün Vətən olan şəhidlərin ruhlarını ehtiramla yad edərək sevincqarışıq kədər hissi ilə keçirdik bayramı. Şəhid ailələrinə hamımız borcluyuq.
Vətən, Ordu, Bayraq naminə sevək bir-birimizi!
Bir də arzu edirəm ki, gələnilki bayramda karantin rejimi olmasın.
Xalqımızın bütün günləri təbrik ediləcək dərəcə xoş keçsin!