- Maraqlı, Xəbərlər

Səhranın mavi adamları: tuareqlər

1000 ildən artıq müddətdir ki, Saxara səhrasında yarımköçəri həyat tərzi yaşamış, təxminən 1-2 milyonluq əhalisi ilə Şimali Afrikada varlığını davam etdirən qəribə bir qəbilə var: Tuareq qəbiləsi

Qədim əfsanələrə görə bu tayfanın əsası Buktu adlı qadın tərəfindən qoyulmuşdur. Bu tayfanı digərlərindən fərqləndirən əsas cəhət isə əksəriyyətinin müsəlman olduğu qəbilədə qadınların deyil, kişilərin örtünməsidir. Oğlanlar yetkinliyə qədəm qoyanda onlara artıq böyüdüklərinin simvolu olaraq mavi şal verilir. Qadınlar üzlərini örtməsələr də, kişilərin yalnız gözləri görünə bilər. Yetkin kişilər qadınların, yad adamların və evlilik yoluyla qohum olduqları insanların yanında mavi çadra taxırlar.  Burada nəsil ana xətti ilə davam edir.

Bütün bu adətlərin formalaşmasının kökündə coğrafi şərait durur. Əsasən tropik iqlimin hakim olduğu bölgələrdə yaşayan bu insanlar günəşin təsirindən qorunmaq üçün bədənlərinin müxtəlif hissələrini örtürlər. Zaman keçdikcə bu adət-ənənə halını alır. Tədricən əlverişsiz şəraitdə yaşamağa uyğunlaşan bu insanların immun sistemi güclənir və həşaratlara qarşı həssaslıqları azalır. Əkinçilik üçün uyğun şərait və daimi yem ehtiyatı olmadığından köçəri maldarlıqla məşğul olurlar. Bu da onların həyat tərzinin formalaşmasında aparıcı rol oynayan amildir.

Tuareqlər boz səhranın digər tayfalarından  geyindikləri rəngarəng çadraları ilə seçilirlər.  Sarğı vasitəsilə üzlərini, alınlarnı bağlayırlar. Hətta, gecələr də çadranı çıxarmırlar. Qadınlar isə əksinə, daha sərbəstdir və  üzü açıq gəzirlər. Əsasən mavi rəngdə çadra geyinən bu kişilər dünyada “Səhranın mavi adamları” kimi tanınırlar. Qədim adətlərə görə Tuareq kişisi üzünü görən yad insanları öldürməli idi. Əgər öldürə bilməsəydi, o zaman intihar etməli idi. Ona görə hələ də, səhrada tuareqlə qarşılaşmaq uğursuzluq hesab edilir.

Tuareq qəbiləsində  qadınlar daha çox azadlığa malikdirlər. Onlar mülkiyyət hüququ ilə yanaşı, ailədə və ağsaqqallar şurasında  böyük hörmət sahibidirlər.  Ailələrin yaşadığı çadırlar və kiçik alaçıqlar  qadının mülkü hesab edilir və burada da qadının sözü keçir. Onlar kişilərə nisbətən daha savadlıdırlar. Tuareq kişiləri ərəb, qadınlar isə həmçinin bərbərlərin qədim əlifbası olan tifinaqı da istifadə edirlər.

Qadınlar həm də, evlənmək istədikləri kişiyə təsirli şeir yazmalıdırlar. Qadınlar üçün evlilik prosesi çox sadədir, çünki boşandıqdan sonra uşaqlar və mülkün hamısı onlara qalır. Həmçinin, qadının ailəsi qızlarının artıq subay və yeni münasibətlərə açıq olduğunu  göstərən yığıncaq edirlər.

Mali, Niger, Liviya, Əlcəzair və Çad kimi Saxara ölkələrində kiçik topluluqlar şəkilində yaşayan tuareqlər artıq buranın daimi sakininə çevriliblər. Onlar çox güman ki, vaxtilə bura ərəbdilli ölkələrdən köç etmiş, sonra Böyük Səhrada məskunlaşmışlar. Səhranın cənubundan Aralıq dənizinə qədər olan ərazidə ticarət və maldarlıqla məşğul olan bu insanlar səhra ölkələrinin iqtisadiyyatında mühüm rol oynayırlar. Çətin həyat şəraiti ilə bağlı güclü və dözümlü olan tuareqlər səhranın hər tərəfinə səyahət edərək ticarətin inkişafına da təkan verirlər.

Yeganə İbadlı