- Köşə

Gülyaz ƏLİYEVA. Ağdamla görüş

Salam, Ağdam…Salam, mənim qazi şəhərim. Kərpic-kərpic, daş-daş sökülən, bağrı yarılan, amma ölməyən, gözü yollarda qalan, bizi gözləyən Prometey şəhərim! Hər gün bağrı deşilən, yandırılan, yandıqca külündən yenidən törəyən Simurq şəhərim! Salam, Ağdam. Bir zamanlar qalın elli, ağban evli Ağdamım. Görüşünə gəlməşəm.

Hanı evlərin, hanı cah-cəlalın? Kimlər qıydı sənə, gözəl şəhərim?! Kimlər talan etdi səni, sinənə çalın-çarpaz dağlar çəkdi?!. Amma səni əyə bilmədi, məğrur şəhərim. Düşmənə göz dağı, bizə şan şəhərim. Göz dağlayan məğrurluğunu mənfur goreşın düşmən əlindən ala bilmədi.Buna gprə hər gün səni asdı, çarmıxa çəkdi, səni yıxdı, sökdü, amma yenə hirsi soyumadı. Hər qarışını minaladı. Bilirsən niyə? Çünki yağı düşmən səndən qorxurdu.

Elə buna görə sənə nifrət edirdi. İtə deyirlər: – Niyə hütürsən? Deyir: – Qorxuduram. – Bəs niyə quyruğunu yelləyirsən? – Çünki qorxuram, – deyir. Alçaq düşmən səndən qorxduğu üçün damını, daş üstə qoymadı. Səni damsız qoydu, amma yenə qorxdu, Qorxduqca da səni qazıyıb yer üzündən silmək istədi. Onun sənə nifrəti qorxusundan doğan nifrət idi deyə səngimək bilmirdi. Qorxduqca elə səni sökdü, taladı, daşıdı…Amma nə etdisə nə qorxusun yenə, nə də səni əyə bildi.

Qoşa minarənlə dimdik qaldın, yıxılmadın. Ayaqlarından Nəsimi kimi soyulduqca, söküldükcə başın göylərə ucaldı… Salam, Ağdamım.Tanıdınmı? Son görüşündə gənc idim. uğruna döyüşürdüm, bədənimdə düşmən gülləsinin qəlpəsini, ürəyimdə yaraların ilə yenidən görüşünə gəldim…. Nə məşhur “Çay evi”n var, nə cah-cəlallı ağ damlı, Dədəm Qorqudun öydüyü, Qazan xanın çıxdığı ağban evlərin! Bircə qoşa minarəli məscidin qalıb! Amma yenə də məğrursan, qürurlusan, dikduruşlusan, düşmənə boyun əyməmisən! Sən beləsən, əziz şəhərim, ağ üzlü, ağ əppəkli Ağdamım…

Elə təkcə bu duruşuna görə, əyilməzliyinə görə üzün ağ olsun! Tezliklə abad, ağgünlü olacaq ağüzlü, Ağdamım… Günün mübarək.
Həm yox olan, həm var olan şəhərim! Həm həqiqət, həm əfsanə şəhərim!