- Ədəbiyyat

Gülyaz ƏLİYEVA. Anam – canım…

Məni qucaqlayan iki isti, yumşaq qol.
Mənə sevgi və məhəbbətlə baxan iki işıqlı göz.
Mənim başıma sığal çəkən iki mehriban əl.
Məni göylərə qaldıran nəvazişli, şirin dilim, şirin sözüm.
Yuxusuz gecələrini mənə həsr edən həzin laylalı, qızılgül ətirli şirin yuxum.
Ağzımın dadı, duzu, gözümün nuru, evimin təmizliyi.
Süd ətrim, isti çörəyim, yağlı plovum,
Novruzumun şəkərbura, paxlava, qoğal ətri.
Xəstələnəndə ən şəfqətli həkimim, uğuruma hamıdan çox sevinənim,
ilk mahnım, ilk eşqim, ilk qibləgahım.
Çətinə düşəndə özümü yanına yetirdiyim ən güvənilən yerim, məbədgahım.
Məni hər cür bəladan qorumağa çalışanım,
məndən ötrü özünü oda-közə vuran ən qayğıkeş qoruyucu mələyim.
Dilimin mahnısı, ürəyimin sevgisi,
qədəmlərimin möhkəmliyi, hər zaman sığındığım ən rahat yerim – isti ana qucağı.
Budur mənim üçün ana – hər şeyim, sonsuz məhəbbətim,
canım, gözüm, ürəyim, şirin dilim, işıqlı, əmin-aman dünyam…
Analı dünyam … Anam… canım…