- Mədəniyyət

Mədəniyyətimizin “Güzgü”sü

Yaxşı ki, bizi birləşdirən Mədəniyyət var. Yaxşı ki, Cavid Əfəndinin “Turana qılıncdan daha kəskin, ulu qüvvət, Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!” misraları “Mədəniyyət” kanalına güzgü tutur. “Güzgü” elə bir nəsnədir ki, onun qarşısından “nəisə” deyib keçmək xətadır. Gərək çəki-düzən verəsən özünə, gərək aynada yaxşı görünmək naminə elə özün də, əməllərin də dürüst olsun. “Güzgü” dedim, “mədəniyyət” dedim “Mədəniyyət” kanalında yayımlanan “Güzgü” verilişini xatırladım. Əslində, mənə özünü xatırlatmağa heç gərək yoxdur. Həftənin dördüncü günü saat 22:00-da izlədiyim verilişin bir ili tamam olur.

Yenə on mart, yenə “Milli Teatr Günü”, yenə “Mədəniyyət” kanalı. Yaxşı yadımdadır, ötən il məhz martın onu yazıçı Elçin Şıxlının iştirakı ilə efirə vəsiqə qazanmışdı “Güzgü”. Əslində, verilişi ərsəyə gətirənləri tanıtmağa ehtiyac yoxdur. Hər biri doğma adamlarımızdır. Çox sevilən “Sətirlər” verilişindən onları əla tanıyırıq. “Sətirlər”in aparıcısı, Xalq artisti Mehriban Zəki “Güzgü”də layihə rəhbəri və aparıcı qismində çıxış edir. Əminliklə deyə bilərik ki, bu verilişlə Mehriban xanımın sevgisinə sevgi qatıldı. Ssenarisini isə həmişəki kimi şair, ssenarist Turan Uğur yazır. Necə deyərlər, Mehriban Zəki-Turan Uğur tandemi varsa, deməli, baxımlı veriliş də var! Verilişin rejissoru Şövkət Fikrətqızı, redaktoru yazıçı Azər Qismətdir.

Bir il ərzində müxtəlif mövzularla izləyicilər qarşısına çıxan “Güzgü” kimləri müsafir etməyib ki? Xalq yazıçısı Anar, Xalq şairi Ramiz Rövşən, Xalq şairi Sabir Rüstəmxanlı, yazıçı Seyran Səxavət, yazıçı-jurnalist Elçin Şıxlı “Güzgü”də qonaq olublar. Hələ bundan sonra sizə deməyə sözü çox olan verilişə bizim də ürək sözümüz var. Tamaşaçı rəğbətini qazanmış “Güzgü” verilişinin müəllifləri, bir yaşınız mübarək. Yeni proqramlar yaradın ki, bizim də yazmağa sözümüz olsun! Axı hər şeydən öncə müqəddəs Söz vardı! Sözünüzün tükənməməsi arzusu ilə…
   

Pərvanə Bayramqızı