- Köşə

Gülyaz ƏLİYEVA. Özün gözəl olunca bəxtin gözəl olsun, aizizim, “Ə ə”

Deyilənə görə, uşaq vaxtı çox qəşəng uşaq olmuşam. Məni görən: “nə qəşəng uşaqdır” , – deməmiş yanımdan keçə bilmirmiş. Ağlım kəsəndə də bu sözü tez-tez eşidərdim. Elə təzəcə bu sözün təsirindən şellənmək istəyərdim ki, nənəm  tezcənə: “özü gözəl olunca, bəxti gözəl olsun”, – deyərdi. Düzü, o zamanlar  bunun  mənasını yetərincə anlamırdım və ona görə də acığım gəlirdi. Axı niyə? Qoy özüm də gözəl  olum də, ay nənə, – deyə düşünərdüm. Amma illər ötdükcə bu ifadənin məna ağırlığının nədən ibarət olduğunu anlamağa başladım. Doğurdan da, bəxti gözəl olmaq ayrı şeymiş… Bəxtin olmadısa, sənə heç yanda yer yoxmuş. İllər keçdikcə bunu anladım. Dərindən düşündükcə gördüm ki, təkcə insana deyil, hətta cansızlara da bəxt lazım imiş.

Götürək elə əlifbanı, əlifbadakı hərfləri. Xalxların (nəsə “xalq” yazanda elə bilirəm sözün mənası dəyişir, odur ki, elə səsləndiyi kimi yazdım) minillik, lap elə olsun beş yüz illik  əlifbaları var, bir hərfinə də qaşın üstə gözün, yox e, gözün üstə qaşın var, deyən yoxdur. Amma bizim xalqın əlifbası, bir neçə dəfə dəyişdirilib. Niyə, nə üçün? Çünki bəxti yoxdur. Qədim dövrü bir yana qoyuram, hansı xalqın əlifbası bir əsrdə üç dəfə dəyişdirilib ki? Əlifba dəyişikliyi sıradan bir hadisə deyil. Xalqın tarixi köklərinə, nəsillər arasındakı əlaqələrə, elminə, mədənyyətinə birbaşa təsir edən, xalqı bir əsr geriyə atan bir hadisədir əlifba dəyişimi. Demək, papağımı qarşıma qoyub dərindən düşünəndə bu qənaətə gəldim ki, əlifbamızın da xalqımız kimi bəxti yoxmuş. Ay başınıza dönüm, indi mənə deyin görüm ki, ya, əgər bizim əlifbanın bəxti olsa idi, başına bu işlər gələrdimi?! Yaxud hələ əlifbanı qoyaq bir kənara,  götürək əlifbadakı hərfləri. Elə bilirsiniz, onlara bəxt lazım deyil? Vallah, billah onlara da bəxt lazımdır. Mən deyim, siz deyin, hə. Əlifbamızda 32 hərf var, düzdür? Deynən, hə. Bu hərflərdən hansı bir-birindən artıq və ya əskikdir ki? Deynən heç biri. Hamısı bir boyda, bir biçimdə, bir sıra ilə düzülüb.

Elə deyil? Deynən hə. Bəs elə isə niyə axı bu “Ə ə” hərfinin bəxti yoxdur? Niyə axı çoxunun onu gözü götürmür? Onu yazıda başqa hərflərlə əvəz edib get-gedə əlifbadan çıxarmaq istəyirlər? “e” kimi tərsinə də durmayıb ki, deyəsən ona görədir. Dümbələndüz dayanıb da öz sırasında, öz yerində. Kimə dəyib-dolaşır ki? Böyük-kiçik yerin də biləndir. “ğ” kimi, “ı” kimi yiyəsiz, böyüksüz də deyil ki, deyəsən ona görədir. Sözün əvvəlində də, ortasında da, axırında da yeri var. Hətta 5 açıq saitdən yalnız 2-si ahəng qanununa əsasən  şəkilçinin tərkibinə düşə bilib ki, onun biri “a”-dırsa, digəri “ə”-dir. Bilirik ki, açıq saitlırdən üçünün, yəni: “e”, “ö” və “o”-nun şəkilçilərin tərkibində işlənməməsinin  səbəbi odur ki, dilimizdə son hecası bu saitlərlə bitən sözlər yoxdur. O da bizə məlumdur ki, Azərbaycan dili iltisaqi dildir və dilimizdəki ahəng qanununa əsasən şəkilçilər sözün son hecasının saitinə görə sözə artırılır. Və bu səbəbdəndir ki, tərkibində qapalı saitlər olan şəkilçilər dördvariantlıdır. Onların dördü də əsl Azərbaycan sözlərinin son hecasında işləndiyi üçündür ki, dördü də leksik və qrammatik şəkilçilərin tərkibində var. Tərkibində açıq saitlər olan şəkilçilər isə ikivariantlıdır. Çünki Azərbaycan dilindəki sözlərin son hecasında bunlardan yalnız ikisi işlənir. Biri “a”, digəri “ə” Axı “ə” olmasa, iki cür yazılan şəkilçilər məcburdur ki, bir cür yazılsın. Yaxud da “-lər”, “-də” və bu qəbildən olan şəkilçilər süni şəkildə”-ler”, “-de” şəklinə salınsın.  Heç elə də şey olar? Bu, dili kökündən dəyişmək deməkdir.

Yaradan dilimizi o qədər mükəmməl yaradıb ki, onda heç nəyi dəyişə bilməzsən. Çünki onda bütün mizan-tərəzi pozular. Bu sadəcə bir səsin dəyişməsidir, – deyib keçməyin. Dil öz məhvərindən oynayar bu bir hərfin dəyişməsi ilə. Niyə axı biz “vətən” dediyimiz halda “veten” yazaq və ya “əl” deyib “el”, “əsir” deyib “esir”, “əmi” deyib niyə “emi” yazaq ki? (Bu siyahını istənilən qədər uzatmaq olar).  Axı “el” başqadır “əl” başqa, “əsir” başqadır, “esir” başqa. Bilirik ki, Azərbaycan dilində 9 sait səsdən 4-ü dilönü, 4-ü dilarxasıdır. Yəni 4-ü  qalın, 4-ü  incə. Hər bir qalın saitin bir incə qarşılığı var. Onlar bir birini tarazlayır, tənzimləyir, dili ləngərlənməyə qoymur sanki. “A” səsi dilin arxasında tələffüz olunursa, dilin önündə onun qarşılığı “ə”-dir. “I”-nınkı “i”, “o”-nunu “ö”, “u”-nunku “ü”-dür . Qaldı bir “e”. “E” nə dilin arxasında ola bilər, nə önündə. Çünki  o zaman dəngə pozula bilər. Odur ki, e dilortası saitdir. O da dilin ortasında tələffüz olunur və beləliklə də, hər şey ilahi bir dəqiqliklə tənzimlənib, ölçülüb-biçilib. İndi ona süni surətdə müdaxilə etmək istəyir, əlifbadan “ə”-ni didərgin salmağa çalışır, onu “e” və ya “a” ilə əvəz etməyi planlayırlar. Bunu necə etmək olar ki?  Axı “a” qalın saitin incə qarşılığı “e” deyil, “ə”-dir. Son zamanlar

Azərbaycan əlifbasında “ə” hərfi sıxışdırılması daha çox nəzər diqqəti cəlb edir. “Ə” hərfini hərifləyib sıradan çıxarmağa çalışırlar. “Əminə” əvəzinə “Amina”, “Səbinə” əvəzinə “Sabina”, “Əmir” əvəzinə “Amir” deyir və yazır, hətta rəsmiləşdirmək üçün aidiyyatı orqanlara üz tuturlar. 1992-ci ildə həyata keçirə bilmədiklərini indi reallaşdırmaq istəyirlər. AMEA Dilçilik İnstitutu isə həmişəki kimi ağzına su alıb oturub. Xocalı faciəsi törədilən zaman Dünya birliyinin oynadığı rolu oynayır.

Ana dilini sevməyən, ana dilində oxumayan axı bu hərfin qədrin hardan bilə bilər ki? Gərək qanında azərbaycanlı qanı ola ki, “Ə” də sənin üçün Şəbnəm Qarslı demiş, bir dəyər daşıya, önəmli ola, hətta onu qucaqlayıb öpmək istəyəsən.

Bilin ki, “ə” təkcə Şəbnəm Qarslı üçün yox, onun kimi düşünən milyonlarla soydaşımız üçün də əzizdir, dəyərlidir. Bilməyənlər üçün isə Şəbnəm Qarslıdan həmin sitatı gətirmək istəyirəm: “Elə ki, Azərbaycandan kitab hədiyyə gəlir, açıram kitabı, gördüyüm bütün “ə” hərflərini qucaqlayıb öpmək istəyirəm. Azərbaycan həm də Ə hərfidir mənim üçün”

“Ə”-ni hansısa bir hərflə əvəz etmək istəyənlər, gözlərini yaxşı-yaxşı açsın, dönə-dönə oxusun və dərin-dərin düşünsünlər. Bilsinlər ki, Vətəni sevmək elə onun dağını, daşını, çınqılını, hər hansı bir hərfini, dilini və bu dilin yaradıcısı, daşıyıcısı, yaşadıcısı olan xalqı sevməkdən başlayır. Bir daşın qədrin bilməyən onun torpağının, hərfinin qədrini bilməyən ana dilinin, ana dilinin qədrin bilməyən isə xalqın qədrin bilməz. İynə oğurlayan inək də oğurlaya bildiyi kimi, bir hərfini güdaza verən bütöv bir xalqın dilini də güdaza verər. Demədi, deməyin. Bəxti olmaq gözəl şeymiş. Nənəm demiş, özün gözəl olunca bəxtin gözəl olsa, yaxşıymış…