- Köşə

Gülyaz ƏLİYEVA. Qızıl saçlı Fet Formos

Bu gün sənin doğum günün… Bir ailəyə dekabrın ilk günündə dünya boyda işıq paylayan, dünyasını isidən günəşin doğduğu gün… Atam: “Mənə soyuq dekabr günündə anadan olmusan”, – deyiblər (o zamanlar çoxu öz doğum günün dəqiq bilməzdi), bu gündən mən də doğum tariximi ayın 1-i hesab edirəm”, – demişdi. “Bütün sevincli günlərim dekabra düşür. Özüm dekabrda anadan olmuşam, dekabrda toyum olub, dekabrda məni məktəb durektoru təyin ediblər və oğlum dekabrda anadan olub…”. O vaxtdan biz də dekabrı sevdik – sənə görə. O vaxtdan dekabrın 1-i buzim üçün toy-bayram oldu – sənə görə. O vaxtdan harda olsaq da, özümüzü çatdırıb dekabrın 1-ni, qeyd etdik – sənə görə. Həmişə zarafat edərdin:”Mən tortu hədiyyə hesab etmirəm. Tortu yeyib gedirsiniz, mənə heç nə qalmır… Mənim hədiyyəm ayrıca olsun”.

Ona görə də həmişə hədiyyən ayrıca olurdu. Ailə üzvlərinin  hamısı istəsən, canını belə, göz qırpmadan sənə verərdi, hədiyə nədir ki?!… Sən ailənin balacası, sevimlisi, gözünün nuru, istəklisi, 6 bacı, bir qardaşın bir qardaşı idin, bizim qucağımızda böyümüşdün. Səni hamımız böyütmüşdük, hamımız sən anadan olandan sonra sənin canına and içirdik. Bu, sənin xoşuna gəlirdi. Çox zarafatcıl idin, deyib-gülməyi sevirdin, amma həm də ciddiliyini qoruyurdun. Zarafatca anama: “Altı qızı tərəzinin bir gözünə, tək məni də bir gözünə qoysan, hansı tərəf ağır gələr?” – deyə soruşardın. Anam da tezcənə”: Sən tərəf”,- deyəndə bizə tərəf baxıb ləzzətlə gülərdin…

Sən hamımızın istəkli balası idin. Bundan əsla cırnamaz, inciməzdik. Çünki özümüz də elə sanırdıq. Sən uşaq vaxtı yatmayanda heç birimiz yatmazdıq. Hələ atam… gecəni səhərədək sənə görə oyaq qalıb, səhər tezdən işə gedərdi. Gecələr ağlayardın… Səni balaca yorğançanın arasına qoyub, yırğalayanda sakitləşirdin. Odur ki, artıq səni rahat olasan deyə, elə yatırtmağa başladıq. Baxmayaraq ki, evdə beşik də vardı, göydən asılma yüyrük də vardı (onu da sənin üçün tapıb evdən asmışdıq) heç birinə qane olmurdun. Gərək  bir nəfər başdan, bir nəfər də ayaq tərəfdən yorğançadan tutub, arasında səni yırğalaya idi ki, sən yatasan. Bunu çox xoşlayardın. Əvvəlcə buna çox sevindik. Səni yırğalamaq və bu anda sənə baxmaq səadətin duyduğumuza görə sıraya durardıq.  Getdikcə bu, səndə vərdişə çevrildi və yırğalanma dayanan kimi oyanıb ağlamağa başladın. Əvvəl-əvvəl bu işin ağırlığı ən çox atamla anama düşürdü. Sonra anamın çox yorulduğun görüb ona vermədik , bu ağırlığı  böyük qardaşım üzərinə götürdü. Təsəvvür edirsiniz, bütün gecəni səhərədək yorğançadan tutub yırğalamaq nə deməkdir? Ayaqüstə dur və barmaqların keyisin. Artıq bir dəfə qardaşımın əli keyidi və bilmədən səni əlindən buraxdı… Bundan sonra növbəyə düzdük. Səni növbə ilə oyaq qalıb yırğalamağa başladıq… bütün uşaqlar bu növbəni sevə-sevə edərdik – sənə görə. Sən rahat olasan deyə… səni beləcə hamımız böyüdürdük. Ən yaxşı şey sənin olmalı idi, sən nə desən, o olmalı idi. İndi də gecələr yatanda sənə nağıl deyilməsini istədin. Əvvəl anam bildiyi bütün nağılları sənə söylədi. Təkrara qayıdanda onu bilirəm, istəmirəm, dedin, yenisini de.  Sonra atam nağıl deməyə başladı. Sonra yenə təzə nağıl istədin, atam özündən nağıl quraşdırmağa başladı, o saat duydun, eləsin yox, doğruçu nağıl… atam evə yeni-yeni nağıl kitabları almağa başladı. İndi də hər gecə birimiz oturub sənə yatanadək nağıl oxumağa başladıq… Azərbaycan nağılları bitdi. Evə xarici ölkə nağıllarından ibarət kitablar alındı. Birinin adı, üstündəki şəkli indiyədək yadımdadır. Nağıl kitabının adı:”Pəhləvan Ageran” idi. Üstündə Əjdahanı qolları arasında tutub boğan bir nağıl qəhrəmanının şəkli vardı – Pəhləvan Ageranın. O kitabdan “Qızıl saçlı Fet Formos” nağılını mən oxumuşdum sənin üçün. Nağıllar oxunduqca sən özünü o nağıl dünyasında hiss edərdin. Sənin də uşaq vaxtı qızıl kimi sarı, qızılı saçların vardı, o qədər gözəl idin ki, Allah bütün gözəllikləri sənə vermişdi. Hərdən zarafatla sənə:”Qızıl saçlı Fet Formos” deyirdim. Bu zarafatı götürmürdün, amma hiss edirdim, xoşun gəlir. Çox ciddi uşaq idin. Hətta bir dəfə uşaq vaxtı atam səni məktəbə  yeni il şənliyinə aparmışdı. Atama xoş getsin deyə məktəbin direktoru( o vaxt artıq atam sovet sədri idi) sənin qarşında oynayıb, səni oynamağa dəvət edəndə oynamamış: “Mən uşağam?”- demişdin. Atam bunu hər dəfə deyib fərəhlənirdi. Sanki tezliklə üzərinə kişilik missiyasının düşəcəyini bilib, özünü saydırırdın.  Səni  hara aparsaq, “nə gözəl uşaqdır” nidası həmişə gizlin və ya aşkar səslənərdi.

Atam anama qadağa qoydu. Sənin 3 yaşın olanadək anam evdən bayıra çıxıb bir nişana, toya, parçabiçdiyə, üçgünlüyə getmədi. Mağaza-bazar tanımadı. 7 il, 7 yaşın olanadək hər il sənə qurban kəsdik – 7 qurban və o qurbanı son tikəsinədək payladıq, özümüz yemədik. Çünki  nənəm elə əhd etmişdi. Nənəm hər il səni özü ilə məscidə apardı, Allaha dualar etdi Allahın evində ki, səni bəd nəzərdən, xəstəliklərdən qorusun. Uşaq idin. Yaşından çox böyük görünürdün, fiziki cəhətdən də, mənən də. Əsl kişi xasiyyəti  qazanmışdın. Bu qədır sevgi, qayğı ilə əhatə olunman, hər şeyin yaxşısının sənə verilməsinə rəğmən, türklər demiş, şımarmadın, tənbəl olmadın, əsl kişi oldun. Çox gözəl bir sevgi dolu dünyamız vardı. Hər gecə oturub atamın yolunu gözləyərdin. O vaxtlar atamız işdən gec gəlırdi. Çünki işdən sonra iclaslar olardı. Atam artıq Sovet sədri idi, həm də təbliğatçı idi. İclaslarda çıxış edirdi. Gecə məktəbinin də direktoru idi.  Gələndə sənə həmişə o vaxtlar qırağı dilikli korjiklər olardı, ondan alardı. İndi də ona öyrəşdin. Sonra onların üstü qozlusu olardı ha, ondan alardı. Bir dəfə atam iclasdan gec çıxıb, korjik satılan yer bağlı imiş, o qədər axtarıb tapmayıb ki, oğluma korjik aparmalıyam, o məndən korjik gözləyir, – deyib. Bu zaman yaxın dostu – Mamed müəllim atamı evə aparıb və həyat yoldaşına – Məlahət xanıma duxovkada, sənin üçün qozlu biskivit bişirtdirmişdi,  qırağı dilikli. Bunu daha çox bəyənmişdin. Ondan sonra atam evimizə duxovka aldı. Anam biskivit bişirmək öyrəndi – sənə görə. O vaxtkı biskivitlərin dadı damağımdan getmir. O necə dad idi, heç cür alındlra bilmirəm indi onu. Bəlkə, o biskivitlər sevgidən yoğrulurdu, ona görə. Bəlkə, içindəki hər şey təbii idi, halal zəhmətlə qazanılırdı , ona görə. Unu əsl buğda unu, yumurtası dustaq edilib qarşısına hər cür süni yemək qoyulan toyuğun yox, çöldə azad gəzib dənlənən toyuğun yumurtası, suyu zəhərləməmiş, şəkəri qatqısız , qatığı göy çəməndə otlayıb, kəhriz siyu içən inək qatığı idi, ona görə,  qozu özü yetişib qərzəyindən aralanıb  düşmüş, saçaqları üstündə olan təmiz qoz idi ona görə , bilmirəm… Nə idisə, o dadı indiyədək ha çalışsam da, alındıra bilmirəm…

Qayğısız, sevinclu, gözəl böyüyürdük. Dərdsiz-qəmsiz… Yay günlərində Şuşada dincəlirdik. Qaranlıq düşənəcən çöldə “Evcik-evcik”, “Əl səndə”, “Yeddi şüşə”, “Yoldaş, səni kim apardı?”, “Çiləmə”, ” Klas-klas”, “Müharibə-müharibə”,  “Gizlənpaç” oynayardıq. Evə yığışmazdıq. Təmiz havada, fiziki hərəkətlə oynanılan bu oyunlar bizi həm cismən, həm də mənən sağlam böyüdürdü. Bu oyunlardan brlik, dostluq, əməkdaşlıq, özünü ümumi iş yolunda fəda etmə, yoldaşa kömək etmə, balacaya qayğı, böyüyə sayğı öyrədirdi. Hələ bu oyunlarda bizim yanımızda olan Pələş itimiz, dovşanımız, pişiyimiz… necə gözəl uşaq dünyamız vardı… və birdən, qəfildən bu dünyamız alt-üst oldu, dağıldı, parça-parça edildi, tikə-tikə doğrandı… Hər şey atamın qəfil vəfatı ilə başlandı… bütün rənglər itdi, hər yan qara boyandı, o yay günü uzun zaman baharı gəlməyən qışımız başladı. İndi hər şey təbiiliyin, gözəlliyin itirdi. Sevinclər saxta oldu, gülüşlər saxta oldu. Sözlərimiz ürəkdə qaldı, göz yaşlarımız görünməsə də, ürəyə axdı… Çünki sən bizə, atam dünyasın dəyişəndə: “ağlamayın!”- demişdin. Özün də ağlamadın heç vaxt.  Atam rəhmətə gedəndə Şuşadan qəfil gətirilmişdin. Hamı sənə baxırdı, nə edəcəyini, nə deyəcəyini gözləyirdi. Gəldin, cənazə götürülmüşdü, bunu başa düşdün, sənə gorə yaşı gözdə qurumuş  gözlərə baxdın, heç nə demədin. Həyətdən çıxıb arxın içi ilə nənəmgilə tərəf getdin, gəldin, özünü ələ aldln və bizə bir kəlmə: “Ağlamayın!”- dedin! İndiki kimi yadımdadır o ürəkqovuran səhnə…Sənin o gəzişmən… Səni o vaxtlar “Kiş haqqında əfsanə”nin qəhrəmanı Kişə bənzədirdim. Ağıllı, dərrakəli, ciddi, uşaq ikən hər şeyi bilən-anlayan, haqq-ədalət tələb edən, özünə hörmət qoyduran Kiş kimi idin sən də. İşin ağırından yapışdın o vaxtdan! Uşaqlığımıza son qoyuldu! Hamı bir gecədə qocaldı. Balacası 1-ci sinifdə oxuyan, böyüyü yenicə institut bitirmiş 8 uşaq başsız qaldı, amma başın itirmədi. Düzgün tərbiyə öz işini gördü. O qədər naz-nemət içində böyüyən uşaqlar daha heç nə istəmədilər. Hələ sən… sən heç nə istəmədin daha! Hər gün atasından pul alan uşaq, ailəyə müəllimliklə pul gətirən böyük bacısından belə bundan sonra bir dəfə də olsun pul almadı. Nə qədər etdik, almadı…”Kişi qızdan pul almaz”, – dedin. “Biz sənin bacınıq, sən uşaqsan, səndən böyüyük”, – dedik. Sən: “Mən uşaq deyiləm və heç zaman qızdan pul almaram”, – dedin!

Sən nə vaxt böyüyüb bir gecədə kişi oldun?! Ailədən xəlvət, dərsdən sonra gedib işlədin, özün pul qazandın. Razı olmadıq, amma səni yolundan döndərə bilmədik. Uşaq ikən qətiyyətli, məğrur, mərd kişi oldun! Ailə  qayğısı çəkən, məktəb yaşlarından çiyinlərinə ağır yük daşıyan əsl kişi qeyrətli oğul, qardaş oldun!… Dinlədiyin nağıllar, oxuduğun kitablar səndə möhkəm bir xarakter əmələ gıtirmişdi. Əsl kişi, ev, el, Vətən qeyrəti çəkən,  mərd kişi xarakteri!…

Yəqin, indi atamla bir yerdəsiniz!  3-cü sinifdən üzünə həsrət qaldığın atamla bir yerdə…Ruhun şad olsun, əziz qardaş! Cənnətdəki doğum günün mübarək! Daha sənə tort hədiyyə etmirik. “Mənə ad günümdə tort hədiyə etməyin”,- deyirdin!  İndi sənin ad günlərinin şirniyyatı halvadır!… Heç birimuz səni unutmadıq! Hamımlzın ürəyindəsən, sən! Nəinki biz, səni tanıyanlardan heç kəs səni unutmadı!…

Sən həyatımıza gec gəldin, tez getdin. Özün də sanki bir əfsanə, bir nağıl idin. Allah bütün cismani və mənəvi gözəlliklıri sənə vermişdi. Sanki səni yanına tez aparacaqdı deyə. Bu namərdliklərlə, ədalətsizliklərə dolu dünyada yaşamaq sənə ağır idimi deyə səni tez apardı yanına?… Həyatımızda oxuduğumuz, tanış olduğumuz ən gözəl nağıl oldun sən… Heç vaxt unutmayacağımız, qəlbimizdə daim daşıyacağımız nağıl…