- Dil, Köşə, Manşet

Gülyaz ƏLİYEVA. Reklamçı, utanma, baldan şirin dilin var…

Qız, nə gözəl telin var,
Dağdan uca elin var.
Türkü danış, utanma,
Baldan şirin dilin var!

Öz ana dilində danışan, türkü söyləyən, bayatı qoşan, nağıl uyduran, söy söyləyən, boy boylayan, dastan danışan, oxşama oxuyan, ağı deyən, “gəlinə ayran, ayrana doyran, iynəyə tikən, tikana sökən” demədiyi üçün peşman olan ulu əcdadlarımız dilimizin baldan şirin olduğunu duyub, bilib. Çünki onu təmiz şəkildə işlədib. Hər sözün, hər kəlmənin qədrini bilib. Ta anadan olandan ölənə kimi, ən şad günündə də, acı günündə də ana dili ilə sevinib, ana dili ilə ovunub. Layla ilə başlanan ömrü ağı ilə başa vurub.  Bəs, görəsən, nəyə görə indiki reklam yazanlar, obyekt və müəssisələrinə ad qoyanlar dilimizin şirinliyin duymur, görmür, o bala zəhər qatırlar? Baldan şirin olan dilimizdə yazmaqdan utanır, “obrazovonski” görünmək üçün yeri gəldi-gəlmədi, lazım oldu-olmadı əcnəbi dildən istifadə edirlər? İstifadə etməklə ürəkləri söyumur, ana dili kəlmələrinin də qol-qabırğasını qırıb eybəcər hala salır, onu Kvazimodoya oxşadırlar. Dildən bu cür istifadə etməzlər axı. Axı dil yalnız ünsiyyət  vasitəsi deyil.  O həm də tarixdir, faktdır,  ətraf aləmi dərk etmə alətidir.  Axı küçə və prospektlərdə hər addımbaşı əcnəbi dilli reklamlara, obyekt adlarına rast gəlmək, ana dilində yazılmış reklam mətnlərindəki norma pozuntuları ilə qarşılaşmaq dilimizi hörmətdən salır, onun gələcəyini təhdid altında qoyur. Şəhərə öz uşaqları ilə gəzməyə çıxan, övladını ətraf aləmlə tanış etmək istəyən sıravi vətəndaş övladına göstərməyə ana dilində bir şey tapmır axı.  Uşağın gözü bir dənə də olsun ana dili kəlməsinə rast gəlmir və onun gözü gördüyünə alışır axı. Bəs o uşağın gördüyü nədir? Ya anlaşılmaz əcnəbidilli adlar, ya da qol-qabırğası qırılıb eybəcər hala salınmış, başqa əlifba ilə yazılmış: “kral dönər”, “yetim dönər”, “avtoş dönər”, “babat dönər”, “N-1 dönər”, “peçat dönər”, “əjdaha dönər”, “talışın dönərı”, “naxadu dönər”, “bomba dönər”, “Dönərzadə” , “dönər ət”, “dönər toyuq”, italyanski “dönəretto”, “chaıkhor”, “modachi”,  “qırğın dönər”, “Puşkin dönər”, “robot dönər”, “eksklüziv dönər”,  “limuzin dönər”, “Seyidin dönər evi”,  “dönər evi”, “sadə dönər”, “dönər dobrıy”, “dönər basdırma”, “dönər lavaş” və s. kimi gülünc və bayağı adlar…

Niyə axı baldan şirin dilimin gözəl kəlmələrin qoyub bu cür bayağı sözlərdən istifadə edirlər? Bunu oxuyan uşağın beyninə o sözlər həkk olunur axı, bunları hər gün görməkdən gözləri yağır olmuş böyük də istər-istəməz leksikonuna o sözləri daxil etməli olur axı. Sonra da deyirlər, valideynlər niyə övladlarını ana dilində məktəblərə qoymur, ana dilində oxutmurlar? Doğrudur, qəlbində ana dilinə sevgisi möhkəm olanlara heç nə təsir edə bilməz… Amma hamı elə deyil axı. Görünüşə aldananlar var axı.

Axı “yüz eşitməkdənsə, bir görmək yaxşıdır”, –  deyib babalarımız. Bunun da ana dilində təhsilə, ana dilinə hörmətə müəyyən təsiri var axı. Gözlər hər gün bu sözləri görürsə, beyinə də, dilə də bu sözlər həkk olunur axı, işləkləşir, dildə sabitləşir axı. Axı reklam təkcə satış üçün gərəkli deyil, o həm də milli mədəniyyətin, dilin göstəricisidir.  Reklam həm də təbliğ, təşviqdir axı. Əcnəbi dilli reklamlar beyinlərə həkk edir ki, ana dili önəmli deyil,  əcnəbi dillər daha hörmətli, daha zəngin, daha qüdrətli və üzdə olan dildir. Biz əcnəbi dildə yazılmış reklamlara etiraz etməklə həm də buna etiraz edirik axı. Buna qarşı, onun şüurlara təsirinə qarşı çıxırıq. Əcnəbi dilli reklamlara qarşı mübarizəmizi kiçiltməyə çalışanlar, onu önəmsiz hesab edənlər, məsələ heç də sizin sandığınız kimi bəsit deyil axı.

Biz nə deyirik? Biz deyirik ki, dövlət dili kimi dilimizin tətbiqi genişləndirilsin, onu hər yanda hörmətli görən vətəndaş da övladına ana dilində təhsil verməkdən sapmasın, fikri dolanmasın, tərəddüddə qalmasın… Şəhərə çıxanda adam özünü vətəndə – Azərbaycanda yox, hansısa bir əcnəbi və ya savadsızlar məskəni olan bir ölkədəki kimi hiss etməsin. Görsün ki, dilimiz öz məkanlarımızın sahibidir, öz yurdunda qonaq qiyafəsində, əcnəbi dillərin qarşısında gözüqıpıq deyil. Görsün ki,  Azərbaycanda  “Azərbaycan dili haqqında Qanun”un tələblərinə əməl olunur. Qanunun 7.1 maddəsinin tələbləri icra olunur. Ə.Xaqani demiş:

İncəldi tük kimi dili,

Hər tükü dönüb bir dil oldu FADMM-in 7.1. deməkdən…

Amma Qanunun 7.1 maddəsinə baxan, ona əməl edən, məhəl qoyan kimdir?! Bakı küçələrində reklam və obyekt adlarının yazılarına baxanda adam özünü o qədər qərib hiss edir ki, bir dənə ana dilində reklam görəndə az qalırasan, gedib onunla qucaqlaşıb-görüşəsən, hal-əhval tutasan. Axşamlar şəhərimizin küçələrində par-par parlayan işıqlarla bəzədilmiş möhtəşəm əcnəbi dilli reklamıarın yazısını görəndə kasıb və ucuzvarı bir-iki kioska qısılmış, kustar üsulla ana dilində səhv-sühv yazılmış reklam və ya adları görəndə adam öz dilini öz ölkəsində qərib hiss edir, adamın beynindən bu bayatı keçir:

Axşamlar, ay axşamlar,
Axşamlar yanar şamlar.
Evli evinə gedər,
Mənim  bu öz ölkəsindəcə qərib olmuş ana dilim harda axşamlar?!

Ürəkağrıdıcı faktdır ki, Bakının İstiqlaliyyət küçəsi və Nizami küçəsində  dolaşarkən  çəkdiyim 50-dək obyekt və müəssisə adları içərisində cəmi bir dənə ana dilində yazılmış obyekt adına rast gəldim ki, o da hansısa bir zirzəmidə yerləşən (ayaq altına yaxın yazılmış)  yeməkxana adı idi: “Xəmir”. Rəsulzadə küçəsində 42 obyektdən yalnız 2-də ana dilindən istifadə olunub. Haqverdiyev küçəsindəki 80%-ədək əcnəbi dilli, hətta hansı dildə olması naməlum olan reklam və obyekt adları içərisində ancaq bəzi yerlərdə ana dilində alt yazılara rast gəlmək olur. Cəmi 4 yerdə ana dilindən istifadə olunub ki, onlar aşağıdakılardır: 1.Telefon və kompyuter aksesuarları  Dərzi. 3 Sərfəli kafe Paltarların Boyanması..DƏRZİ.. Paltarların tikilməsi və təmiri.

O boyda küçədə öz dilimizdə ancaq bu sınıq-salxaq, orfoqrafik və leksik xətalarla “bəzənmiş” yazılara rast gəlmək olar. Azərbaycan prospektində reklam lövhələri, xidmət obyektlərinin adlarında ticarət, ictimai iaşə və digər xidmət obyektlərinin çəkilmiş fotolarında 61 fotodan cəmi 1-də Azərbaycan dilinə rast gəldik. Qalanlarında ya Azərbaycan dilindən istifadə edilməmiş, ya da sadəcə, bəzilərində “açıqdır”, “endirim” kimi sözlərə yer verilmişdir. Xarici dildə yazılmış brend adları, mağaza adları Azərbaycan dilində yazılanlardan daha təmtəraqlı və orfoqrafık cəhətdən daha  düzgün yazılıb.

Bunlardan çoxluğu ingiliscə yazılmış lövhələr tutur (41), hibrid (14),  sonra türk (4) və ən axırıncı yeri isə rus (“Нежный возраст”) və Azərbaycan dili (“Çox sərfəli gün eynəkləri”) tutur.

Bu ərazinin hansı xalqa məxsusə olduğunu yazılara və dilinə əsasən  müəyyən etmək, ilk baxışdan  nəinki tanımayan, hətta mənim kimi tanıyan adam üçün də çox çətindir.

Burada fəaliyyət növünü istehlakçıya azərbaycanca çatdıran yalnız bir “obyekt” var: O da bu par-par parıldayan , yazılarından hökm, zənginlik yağan obyektlərin yanında çox kasıb və gözüqıpıq kimi görünür. Bu onun adından da məlumdur: “Çox sərfəli gün eynəkləri. 5 AZN”.

İş o yerə çatıb  ki, adam şəhərimizdə öz dilimizdə gözəl tərtibatlı, dilimizin  orfoqrafik və qrammatik qayda-qanunlarına riayət olunmaqla yazılan reklam və ya müəssisə adı görəndə nəsə belə birtəhər olur e. Nə təhər yəni, reklam ola, o da dilimizin qayda-qanunlarına uyğun yazıla?! Nəsə adamın ağlı ondan bir şey kəsmir ki, görəsən, burada nə var?!

Bu gün Bakı böyüyür, inkişaf edir, gözəlləşir. Bakıda müasir şəhərə lazım olan hər şey var. Uca, göydələn evlər, gözəl istirahət parkları, bulvar, zəngin restoranlar, mağazalar, klinikalar, və s.-lər,  təkcə ana dilimizə sevgidən başqa, hər şey! Baldan şirin dilimdən başqa hər şey var bu küçələrdə!

Bu düşüncələrlə şəhərin küçələrini dolaşarkən uzaqdan, hardansa yanıqlı bir səslə oxunan bir türkü gəlir qulaqlarıma. Şəhərin küçələrinə baxaraq beynimdə o türkünün sözləri öz-özünə dəyişilir və dodaqlarım onu belə oxuyur:

Reklam yazan, utanma,
Sənin gözəl elin var,
Reklamı dilində yaz,
Baldan şirin dilin var!