- Cəmiyyət

Yazıçı müəllimlə görüş

 Cəlilabad rayonu Üçtəpə kənd 2 nömrəli ümumi orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Cəbrail Həşimov bədii yaradıcılıqla da məşğul olur. Onun indiyədək beş kitabı işıq üzü görmüşdür. Məktəblilər üçün yazdığı hekayə, nağıl və təmsillərdən ibarət “Kimin vətəni gözəldir”, “Bikə nənənin nağılları”, “Köçəri qazlar” kitabları, böyüklər üçün hekayə, şeir və publisistik məqalələrdən ibarət “Mənim yolum” kitabı onun yaradıcılığının rəngarəngliyindən xəbər verir.

Cəbrail müəllimin beşinci kitabı doğma kəndinin dialekt sözlərinə və şivəsinə həsr olunmuşdur və “Azərbaycan dilinin Cəlilabad rayonu Üçtəpə kənd şivəsinin izahlı sözlüyü” adlanır. Kitaba AMEA Nəsimi adına dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Qüdsiyyə xanım Qəmbərova redaktorluq etmiş və ön söz yazmışdır. Cəbrail Həşimov eyni zamanda tərcümə işi ilə də məşğul olur. Onun böyük rus yazıçıları Anton Çexovdan və Maksim Qorkidən etdiyi tərcümələrdən ibarət iki kitabı hazırda nəşriyyatda çapa hazırlanır.

Cəbrail müəllimin yaradıcılığı və müəllimlik fəaliyyəti rayon rəhbərliyi tərəfindən layiqincə qiymətləndirilir. Rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov Cəbrail müəllimi qəbul edərək onun yaradıcılığına və müəllimlik fəaliyyətinə yüksək qiymət verdiyini vurğulamış, gələcək fəaliyyətində ona uğurlar arzulamışdır.

Bu il aprelin 23-də Lənkəran – Astara Regional Təhsil İdarəsi Cəlilabad rayonu üzrə təhsil sektorunun rəhbərliyi rayonun Əsədli kənd tam orta məktəbində Cəbrail müəllimin məktəbin müəllim və şagird kollektivi ilə görüşünü təşkil etmişdir. Beynəlxalq Kitab və Müəllif Hüquqları gününə təsadüf edən bu görüşdə məktəbin şagirdləri yazıçının hekayələri əsasında hazırladıqları səhnəcikləri nümayiş etdirmiş, şeirlərini səsləndirmişlər. Səmimi keçən görüşdə kənd ictimaiyyətinin nümayəndələri də iştirak etmişdir. Habelə Cəlilabad rayonu 1 nömrəli körpələr evi – uşaq bağçasında tərbiyə alan uşaqlar maraqlı rəqsləri ilə qonaqları salamlamışlar.

Rayon təhsil sektorunun müdiri İlkin Zeynalov və sektorun aparıcı məsləhətçisi Rəxşəndə Qasımova Cəbrail müəllimə ürək sözlərini bildirmişlər.

Sonda Cəbrail Həşimov məktəbin ən fəal şagirdlərinə öz kitablarını hədiyyə etmişdir.

 Aygün Əziz