- Dil, Manşet

“Hansı bir təfəkkür sahibi olmalısan ki, öz dilini  belə alçaldasan?”

Zümrüd DADAŞZADƏ,  professor, Əməkdar incəsənət xadimi

Naşir Şahbaz Xuduoğlunun  Azərbaycan dilinin Türkiyə türkcəsi ilə əvəzlənməsi ilə bağlı paylaşımı  bütün cəmiyyətimizi çalxalayıb. Doğrusu, ilk reaksiya təəccüb, sarsıntı və az sonra – məyusluq və pərişanlıq oldu. Məşhur  bir filmin adı yadıma düşdü – “Sevgisizlik”. Bu qədərmi?

Əlbəttə, belə bəyanatların heç bir  hüquqi əsası yoxdur: Azərbaycan dili Azərbaycan Respublikası Konstitusiyasının 21-ci fəslinin 1-ci maddəsinə uyğun olaraq dövlət dilidir.

Onu da qeyd etməyə bilmərəm ki, cənab Xuduoğlunun irəli sürdüyü problemlər mövcuddur və onlara  – Azərbaycan dilində  kitab oxuyanların sayının azalması, tərcümə ədəbiyyatının səviyyəsinin qənaətbəxş olmaması, elit çevrələrin rus dilində danışması, rusdilli tədrisə  üstünlük verilməsi və s.- göz bağlamaq  düzgün olmazdı. Elə bu yaxınlarda  rus  şöbələrinin beşinci siniflərində “Azərbaycan tarixi” fənninin  doğma dildə tədrisinin necə təşviş, narahatlıq və ən əsası da narazılıq doğurduğunu böyük kədərlə xatırlaya bilərəm. Doğrusu, həmin fənnin azərbaycanca  keçirilməsinə etiraz edənlərin  – hiddətlənmiş valideynlərin sayı və onların qaldırdıqları hay-küyün miqyası məni  o zaman çox  karıxdırmışdı.  İndi isə daha  bir karıxdırıcı bəyanat.

Problemlərdən ürək ağrısı ilə danışıb  onların həlli yollarını axtarmaq əvəzinə tanınmış naşir qeyri-konstruktiv bir mövqe sərgiləyir, həm də bir sıra təhqiramiz ifadələrə əl atır: “…dilimizin xüsusi nailiyyətləri yoxdur”, “…əyalətçilikdən azad ola bilmədi”, “…məhəlli  türk şivəsindən həqiqi türkcəyə keçməyin zamanıdır”, “…heç meyxana dili də (?!) ola  bilmədi”. Bəzi kəslər burada bir sarkazm görür. XX əsr simfoniyasını tədris  və tədqiq edərkən dəfələrlə bu bədii fəndin “fəaliyyəti”ni aşkarlayan bir musiqişünas kimi şəxsən mən Xuduoğlunun müddəalarında o sarkazmı sezə bilmədim.  Hansı bir təfəkkür (müvafiq, sərt, amma dəqiq termin-epiteti “təfəkkür” sözünün önündə tətbiq etməkdən vaz keçdim) sahibi olmalısan ki, öz dilini  belə aşağılayasan?

Buradaca deyim ki, araşdırmalarım üzərində çalışarkən vaxtaşırı Türkiyə türkcəsinə üz tuturam – ələlxüsus bəzi Avropa terminlərinin və ya əsər başlıqlarının qarşılığını dəqiqləşdirmək tələb olunanda. Həmin  termin və ifadələr lüğət ehtiyatının zənginləşməsinə xidmət edirsə, niyə də onlardan bəhrələnməyək? Amma oturuşmuş sözlərin Türkiyə türkcəsindən əxz olunanlarla – bolluca, kor-koranə – əvəzlənməsinə də münasibətim birmənalı deyil. Etiraf edim: bəzi belə yazıları oxuyarkən  google-tərcüməçiyə də müraciət etməli oluram.

Yaxınlarda “Azərbaycan” jurnalının 100-illik yubileyi ilə bağlı   “Ruhumuzun mücəssəməsi –“Azərbaycan”” adlı məqaləm işıq üzü görüb. Bu məqalədə  jurnalın  həm də Azərbaycan dilinin  qorunub saxlanmasında, inkişafında müstəsna rolunu qeyd edib, fikrimi əsaslandırmaq məqsədilə  təbrizli jurnalist Ümid Niayeşin “azərbaycandilli kitab və jurnalların mənim və nəslimin təfəkkürünün formalaşmasına güclü təsiri” barədə deyimini sitat gətirmişdim. Siz demə, Bakıdan gətirilən ədəbiyyatı oxumaq üçün təbrizlilər kiril əlifbasını mənimsəyirdilər. Son zamanlaradək Ümid bəyin  özü də, dost-tanışı da kiril qrafikası ilə yazılanları  latınla müqayisədə daha sürətlə oxuyurmuş.  Fikirlərini yekunlaşdırarıq Ümid bəy deyir:  “O kitablar, jurnallar bizim nəsli yetişdirdi, biz isə gələn nəsli”.  Bundan sərf-nəzər etmək olarmı?

Özüm də ailə vəziyyətimlə əlaqədar İranda illər yaşamışam və orda  soydaşlarımızın  Azərbaycan televiziya kanallarını necə diqqətlə izlədiyinin (xüsusən də muğam və aşıq musiqisinə, ədəbiyyata dair verilişləri) şahidi olmuşam. Ən əsası da, ünsiyyətdə olduğum adamlar  elə Azərbaycan türkcəsində  danışıblar. Əlbəttə, onların məşhur  türk seriallarını da  həvəslə izlədiyindən xəbərdaram. Təbrizdə isə Şairlər məqbərəsi yanındakı xudmani bir bağda hər cümə günü müxtəlif nəsillərdən olan şairlərin –   ağsaqqalların da, ortayaşlıların da, gənclərin də- bir araya gəlib doğma Azərbaycan dilində şeirlər qiraət etməsi mənim bəlkə də  ən güclü – göz yaşları doğuracaq qədər emosional təəssüratlarımdandır.

Mən  həm də  Azərbaycan dilində  ilk dəfə nəşr olunmuş  oncildlik   universal ensiklopediyanı da xatırlayır, bu nəşrin türkdilli dünyada, İranda, soydaşlarımız arasında,  doğurduğu rezonansı – heyrəti, qüruru da unuda bilmərəm. Bir də həmin  ensiklopediyanın işıq üzü görməsində böyük əməyi olan atam Araz Dadaşzadənin “Qoy mənim xalqım da dünya haqqında məlumatı öz ana dilində oxusun!”  deməsini. 1988-ci ildə isə universal ensiklopediyanın çapının sona çatması ilə əlaqədar  baş redaktor A.Dadaşzadə fəxrlə yazırdı: “Azərbaycan ensiklopediyasının nəşri həm də Azərbaycan dilinin təntənəsidir. Bu, bir daha onu təsdiq edir ki,  ana dilimiz elmin, texnikanın ən yeni, ən mürəkkəb sahələri haqqında informasiyanı çatdırmağa, ən incə məna çalarlarını ifadə etməyə qadirdir” ( Dadaşzadə A. XVIII əsr Azərbaycan lirikası. Məqalələr. Bakı: 2017. – s.411).

Ş. Xuduoğlunun  hansı bir məqsəd güddüyü mənə, açığı, aydın deyil. Onun təklifinin əsassızlığı  bəlli. Belə tipli çağırışlar  problemləri həll edirmi? Xeyri varmı? Yox, əlbəttə. Onlar həlli zəruri olan neçə-neçə ciddi  problemlərlə üz-üzə duran elm, təhsil  aləmimizdə (mən daha ziddiyyətlər içində boğulan dünyamızı, siyasi fonun gərginliyini və özəlliklərini demirəm)  çaxnaşma yaradır, deməli, tam səmərəsizdir.

Amma  bir cəhət də var və ona laqeyd qalmaq olmaz. Necə etməli ki, rus şöbələrinə axın azalsın? Azərbaycan şöbələrində təhsilin səviyyəsini necə yüksəltməli?  Tərcümə məsələləri də gündəmdə. Mütərcimlik olduqca çətin bir işdir, əslində,  ağır zəhmət tələb edən əsl bədii yaradıcılıqdır. Odur layiqincə dəyərləndirilməsi də vacib.  Terminologiya, termin ixtiraçılığı sahəsində də o qədər iş görülməli!  Son zamanlar orfoqrafiyamızın islahatı ilə bağlı absurd təkliflərin irəli sürülməsi də, orfoepiyaya da ifrat diqqət yetirilməsi də dilin xeyrinə deyil.

Xülasə, yuxarıda qeyd etdiyimiz məsələlərin həllinə – konkret əməllərə hədəflənmək daha yaxşı olardı.  Qısa qeydlərimi isə uşaqlıqda Doktor döngəsindəki evimizdə Emin Sabitoğlunun öz ifasında dəfələrlə eşitdiyim çox doğma və kövrək mahnısından bir misra ilə  bitirmək istərdim: “…nə deyirsə yad desin, öz dilimdir şirin dil”.