- Dil

Afaq YUSİFLİ: “Bu cür bir fikrin səsləndirilməsi milli-mənəvi dəyərlərə xəyanətdir”

Naşir Şahbaz Xuduoğlunun kitab biznesində arzu etdiyi rentabelliliyə nail olmadığı üçün ölkəmizdə Azərbaycan ədəbi dilini türk dili (Türkiyə türkcəsi) ilə əvəz etmək təşəbbüsü (oxu: tənəzzülü – red.) cəmiyyətdə birmənalı hiddət doğurub. Filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Yusifli məsələ ilə bağlı “kamilinfo”ya bunları deyib:

Azərbaycan türkcəsi formalaşma tarixini orta əsrlərdə başa çatdırmış, fonetik və qrammatik quruluşu ən möhkəm türk dillərindən biridir. Mətbuatın inkişafı və fərqli metodlarla ədəbi əsərlərin yarandığı dövrdə, yəni XX əsrdə Azərbaycan türkcəsi qarşısıalınmaz bir şəkildə publisistika, siyasət, hüquq və ədəbiyyat dilinə çevrilərək ən mücərrəd məfhumları ifadə etmək səviyyəsinə yüksəldi.

Canlı bir substansiya olan dil, təbii ki, cəmiyyətlə birlikdə inkişaf edərək dəyişir. Leksikanın daha çox dəyişimə məruz qaldığı danılmaz faktdır, lakin dilimizin zənginliyi və sabitliyi yüzlərlə, hətta minlərlə bədii, elmi publisistik mətnlərlə təsdiqlənir.

Məncə, cəmiyyətin inkişafının fərqli mərhələlərində, müxtəlif ölkələrdə ədəbi dilin inkişafı ilə bağlı polemikalar açılır və açılacaq. Bu polemikada avtoritar fikirlər səsləndirilə bilər, lakin ziyalılar öz obyektiv qiymətləndirmələrini verməkdən çəkinməməlidirlər.

Hansı məqsədlə deyilməsindən asılı olmayaraq bu cür bir fikrin səsləndirilməsi milli-mənəvi dəyərlərə xəyanətdir. Mənim üçün türklüyüm toxunulmaz olduğu qədər də dilim toxunulmazdır. Biz onsuz da hər dəfə əlifbanı dəyişəndə çox dəyərlərimizi itirmişik. İndiki şəraitdə əsrlər boyu formalaşmış, zəngin ənənəsi olan Azərbaycan türkcəsinin “məhvinə” qarşıyam. Yalnız mürəkkəb adların, ixtisarların, əcnəbi soyadların yazılışında ortaqlığı qəbul edə bilərəm. Apostrofun ləğvi ilə yaşadığımız orfoepik çətinlikləri bəzi başabəla “ziyalıların” “ə”, “q”, “x” hərf və səslərinin başına gətirmək istəməsi YOLVERİLMƏZDİR və öz çevrəmdə bacardığım qədər bununla mübarizə aparıram.

Bahar AĞAYEVA