- Dil

İmarət CƏLİLQIZI. Bir sözün uzun səyahəti

Yaşadığımız ərazilərdə elə bir məkan var ki, oraya istər-istəməz hamımızın yolu düşür. Adına “aptek” də deyilir, “əczaxana” da, amma dilimizdə “aptek” sözü daha çox işlənir. Bu söz dilimizə gəlib çatana qədər bir xeyli yol qət edibdir: əvvəlcə yunan dilində “kənara qoyuram, gizlədirəm” mənası verən “apotithemi” feilindən “apotheka” səklində yaranmış söz elə olduğu səkildəcə latın dilinə keçmişdir. Sonra latın dilindən alman dilinə adlamış və bu zaman şəkli bir az dəyişilmiş, “apotheke” formasına düşmüşdür. Avropa ölkələrində səyahətini davam etdirən söz Polşaya catanda formaca yenidən dəyişikliyə uğramış, bu dəfə “apteka” görkəmi ilə tanınmağa başlamışdır. Nəhayət, XV əsrin sonlarında Rusiyaya təşrif buyurmuş sözü ruslar polyaklardan formasını dəyişdirməyərək qəbul edib əczəxanalarının qarşısına asdıqları lövhələrə “APTEKA” sözlərini yazmışlar.

Günlərin bir günü “apteka” Azərbaycana da gəlmiş, lakin bizimkilər dilimizə rus  dilindən keçmiş bir sıra digər sözlərdə olduğu kimi ( məsələn: proqram, rezin, raket, qrup və s.) sözün sonuncu hərfini ixtisar etdikdən sonra ona vətəndaşlıq hüququ vermişlər.

Bəs “aptek(a)” sözünün açması nədir? Sözün ikinci hissəsi “teke” yunanca “qutu, yeşik” mənasındadır(yeri gəlmişkən, bu sözə “biblioteka”, “kartoteka”, “filmoteka”, “fonoteka” sözlərinin tərkibində dəfələrlə rast gəlmişik). Bu söz işləndiyi bütün sözlərin tərkibində “qoruma yeri” mənasına xidmət edir. “Apo” isə sözönüdür və bir mənası da “birlikdə, birgə” deməkdir. “Apoteke” sözü yarandığı dövrdə ümumiyyətlə “anbar, saxlanc yeri” mənası versə də, zaman keçdikcə məna konkretləşmiş, yalnız “dərman anbarı, tibb ləvazimatları köşkü” mənasını ifadə etməyə başlamışdır.

Yazını tamamlamaq istərkən qəfil həftik sözü düşdü yadıma, düşündüm ki, onu bu yazıya daxil etməsəm, inciyər, axı o da, ümumişlək olmasa da, hər halda dilimizin leksikasına aid olan bir sözdür və bədii üsluba kiçicik də olsa, bir  xidməti var.