- Manşet, Müsahibə

Könül BÜNYADZADƏ: “Uşaqlıqda əlimə keçən hər şeyi sökürdüm: zəngli saat, ütü, alışqan…”

“kamilinfo”nun budəfəki qonağı AMEA-nın müxbir üzvü, Amerika Fəlsəfə Assosiasiyasının və UNESKO nəzdində Filosof Qadınlar Cəmiyyətinin üzvü, Asiya Fəlsəfə Assosiasiyasının vitse-prezidenti Könül BÜNYADZADƏdir. 

– Hardan başlayaq?

– Biri var imiş, biri yox imiş…

– “Dava-dava” oyunlarından başlamaq necədi?
– Mən iki böyük qardaş yanında böyümüş biriyəm. Uşaqlığımın ən sevimli oyunu “dava-dava”, “partizan” oyunları olub. Uşaq olanda o qədər “nemes” qırmışam ki…

– Sanki uşaq vaxtından elə də sadəlövh olmamısınız.

– Heç sadəlövh olmamışam. Yalanı hiss eləsəm də, üzə vurmamışam. Məlumatsız olmuşam, sakit, dinməz, özünəqapalı olmuşam, amma sadəlövh yox.

– Fotoaparatdan qorxurdunuz?

– Yox. Uşaqlıqda əlimə keçən hər şeyi sökürdüm: zəngli saat, ütü, alışqan, lampa, patron. Evimizdə bir köhnə fotoaparat var idi. Onu çox hərlədim, imkan vermədilər sökəm. Hələ də ürəyimdə qalıb.

– Fotoqraflar uşaqları obyektivdən quş çıxacağı ilə aldadıb şəkil çəkirdilər. Siz şəkillərdə ya sağa, ya da sola baxırsınız.

– Yəqin, çıxmış quşu axtarmışam da (gülür). Heç vaxt o quş məsələsinə inanmamışam, hətta gülməli gəlib mənə.

Uşaq vaxtı Siz də dondurmasatan olmaq istəmisiniz? Bəzi uşaqlar elə hesab edir ki, daha çox dondurma yeməyə ən real imkanı olan adam dondurmasatanlardır…

Yox, dondurma sevdalısı deyiləm. Mənim üçün daha maraqlı işıq düzəldənlər – montyorlar, ustalar olub. Köhnə şeylərdən nə isə düzəltməyi çox sevmişəm. Özümə bir gecə lampası da düzəltmişdim. Hətta uşaq vaxtı bir ağac parçası tapmışdım, ondan guya quş yonacaqdım. Onun planını cızana qədər anam ağacı tulladı, mənim də həvəsim öldü.

-Deyirlər, insanın iradəsindən kənar olan şeylərdən biri də hansı dövrdə yaşamağıdır. Yəni qədər buna demək olar. Biz yaxşı dövrdəmi yaşayırıq?

– Əlbəttə. Mənə elə gəlir, bəşəriyyət öz inkişaf yolunun düz zirvəsindədi, burdan sonra eniş başlayacaq. Biz də həmin zirvədəyik. Tarixi hadisələrin düz ortasında, iştirakçısıyıq. Dinozavrımız olmasa da, dinozavrdan qorxulu adamlarımız var. Nyutonu da tanıyırıq, Platonu da, hələ bir desəniz, Çikotilonu da. Yerdə oturub kosmosu öyrənirik, kosmosdan videolar izləyirik, eləmə tənbəllik Samanyolu, heç kimin görmədiyi qara dəlik haqqında nəzəriyyələr də irəli sürürük. Əvvəl insanlar elmi kəşflər edirdilər, indi elm insanı kəşf edir. Şikayət eləməyə səbəb yoxdu: insanın potensialının açılması, insan adının təsdiqi üçün bütün imkanlar açıqdır.

– Dinozavrlar dövründə yaşamaq da qədərdir. Bu, cəzadır?

– Tarixin gedişinə baxanda belə qərar vermək olar ki, dinozavrlar üçün cəza olub. İnsanlar: “dünya pəncərədir, hər gələn baxar, gedər”, – deyir. Amma o pəncərədən baxanda içəri nə atır, aranı necə qarışdırır, qısa müddətdə öz qayda-qanunlarını bərqərar etməyə iddialanır, o pəncərənin şüşələrini niyə qırır, soruşan yoxdu. Şüşə qırmaq deyəndə ekologiyanın pozulmasını, ozon qatının zədələnməsini nəzərdə tuturdum.

– Amma adam həyata bir dəfə gəlirsə…

– Yaxşı ki, bir dəfə gəlir. Hələ bu bir dəfədə Allaha bəndəlik eləmək istəməməyi o tərəfə dursun, üstəlik Tanrılıq iddiasına da düşür. İki dəfə gələcəyini bilsə, həyatın özünü monopoliyaya alar, bir vaxt ona səcdə eləməmiş lənətullahı qarşısında diz çökdürərdi.

– Adam həyata bir dəfə gəlir?

– Dediklərim olmadığına görə, deməli, bir dəfə. Amma digər tərəfdən mən Sizdən soruşum, həyat deyəndə nəyi nəzərdə tutursunuz? Bəlkə, Siz deyən həyat təkrar yüklənə bilən batareya kimidir, tükənəndə təkrar şəbəkəyə qoşmaq olur?

– Yalnız Allah əzəlidir, eləmi? Bəs ruhlar necə? Onlarda yaş fərqi varmı? Yəni “ələst əzmi”ndə hələ anadan olmamış insanların ruhları da ilahi andlaşmaya imza atıb?

– Kim deyir ki, Yaradan “ələst aləmində” insanoğlunun ruhuna xitab edir və onun ruhu ilə müqavilə bağlayır? O aləm ruhdan bir boy yuxarıdadır, orada hələ ruh yoxdur. Qurani-Kərimə görə, ruhlar Yaradanın Özü tərəfindən üfürülür, yəni ümumi bir aləmdən məhz həmin bədən üçün nəzərdə tutulur. Bədən öləndə ruh qayıdır ümumi aləmə və bununla da fərdiyyətini itirir. Yəni ruhun yaşı elə insanın yaşı qədərdir.

– Hələ anadan olmamışlar çox gözləməli olmadılar?

– Hələ anadan olmayanlar ən çox 9 ay gözləyir. Var olmaqdan söz gedərsə, burada məsələ başqadır. “Ol” əmri alan hər varlıq varoluş prosesinə başlayır. O, gözləmir, sadəcə maddi forma qazanmaq üçün müəyyən mərhələləri keçir. Son nəticəni yalnız Yaradan bilir. Gözləyən də odur. Məsələn, siz düşünürsünüz ki, ana bətnində uşaq doğulacağı günü gözləyir? Məncə yox, o sadəcə böyüyür, formalaşır. Gözləyən anadır.

Tutalım, bir saleh əməl sahibi olan şumerli 5 min il əvvəl dünyasını dəyişdi. Yaxşı adam idi, təbii ki, xırda-para günahları da vardı. Yəhya bin Müəz kimi “Rəbbim, bilirəm, günah mənə yaraşmır, amma bağışlamaq Sənə çox yaraşır” deyib, Allahın Rəhim sifətindən də faydalandı və müsbət saldo aldı. Bir şoğərib şumerli isə “doğuluruq, ölürük, qalanı nağıldı”, – demişdi, onun isə cəzası cəhənnəmdi. İndi o saleh əməlli şumerli cənnətdə, şoğərib cəhənnəmdədir, yoxsa qiyaməti gözləməlidirlər?

– Siz elə düşünürsünüz ki, bu sualınız yeni bir mötəzili cərəyanının əsasını qoyacaq? Mən cənnət və cəhənnəm məsələsində Rabiə əl-Ədəviyyə tərəfdarıyam: cənnəti yandırar, cəhənnəmi söndürərəm ki, insanlar Allahın Özünü görsünlər. Gözlərini haqq-nahaqq tərəzisinə zilləməsinlər, o tərəzinin Sahibinin nə istədiyini düşünsünlər.

– Əgər qiyaməti gözləyəcəklərsə, neçə min il əvvəl eyni günahı edən bu günün günahkarından daha çox yanacaq, neçə min il əvvəl cənnəti haqq etmiş insan isə indikindən daha çox cənnət zövqü alacaq?

– Cənnət-cəhənnəmin mühasibatı çox qarışıqdır. Hətta burada məncə “qara mühasibat” daha keçərlidir. Yəni bizim bilmədiyimiz, Yaradanın isə bildiyi çox şey var. Biz istəsək də, o gizli hesablamaları kimsə bizə deməyəcək. Heç öz “əmək haqqımızı” bilmirik, başqasınınkını necə hesablaya bilərik? Hamısı gümandı.

– Müsəlmana məktub yazmışdınız… Gileylər də yetərincə. Eşidən oldumu?

– Yazdım, hətta Novruzəli kimi bir müddət poçt qutusunun dibini də kəsdirib oturdum. Nə cavab verən oldu, nə haraya yetən. Sonra ağlıma gəldi ki, dünya o qədər səslərlə dolub ki, yəqin, mənim də səsim onların arasında əriyib itdi. Heç əks-sədası da gəlmədi.

– Guya başqa din mənsubları çox matahdır?

– “Özgə elin halvası hololoyla yeyilər”,  – deyiblər. Amma hər halda biz Usta Zeynalın yerlisiyik. Öz dinimizi hamısından matah bilirik.

– Allaha inanmayan yaxşı adamlar da olur?

İman Allahla bəndə arasında gizli bir müqavilədi. Kimin inanıb, kimin inanmadığını bəndə təyin edə bilməz. Ümumiyyətlə, Allaha aid olan bir şeyi bəndə sorğu-sual etməməlidir. Biz ancaq onun yaxşı-pis adam olduğunu deyə bilərik, orda da çox vaxt meyar öz marağımız olur.

– Amma Ona inanmamaq haqsızlıq deyilmi?
– Ona qarşı haqsızlıq, cahillik, özünə qarşı cinayətdi. Sanki adama səhranın ortasında bir qab su verirlər, o da atır o tərəfə ki, özüm quyu qazıb, su tapacam. Sənə veriləni dəyərləndirsən, lütfün artar, dəyərləndirməsən, olanını da itirərsən. Bir də ki, inam adamı gözəlləşdirir, işıqlandırır, ucaldır. Özünü bunlardan məhrum etmək suisiddir.

– Heç bir səmavi kitab və ya sühufdan xəbəri olmayan bir qövm təsəvvür edək. Onlar Allahı inkar edirsə, cəhənnəmlikdirlər?

– Cəhənnəmə də, cənnətə də buraxılış vərəqini verən Yaradandı. Onun qərarını mən bilmirəm. Sizin dediyinizə nümunə tarixdə var, onu da həm İbn Sina, həm də İbn Tüfeyl qələmə alıblar. Söhbət Hayy bin Yakzandan gedir. İnsan səmavi kitabdan xəbərsiz ola bilər, amma Allahdan yox. Allahı inkar etməyə cürət edən Onu tanıyır, yoxsa necə inkar edərdi? Sadəcə, lütfünü, rəhmini görəcək gözə, duyacaq ürəyə sahib deyil.

– Amma peyğəmbər, kitab, sühuf göndərilənlər daha şanslıdır, deyilmi? Axı bunlar Allahın rəhmətidir.

– Əlbəttə, şanslıdırlar. Həm əllərində gedəcəkləri yolun dəqiq “xəritəsi” var, həm səhradan keçməyə kifayət edəcək “şirin su” ehtiyatları var, həm yıxılanda qolundan tutub qaldıranı var. Başqa nə lazımdı daha?

– Onda belə çıxır ki, Allah bəzi insan birliklərini rəhmətindən məhrum edib.

– Allah heç kimi heç nədən məhrum etmir. Onun rəhmi böyükdü, qıymaz. Məhrum edən insan özüdür. Onun rəhmi də məhduddur, biliyi də. Xeyir qazanacam deyib, ilk zərbəsini özünə vurur.

– Onların (peyğəmbər, kitab, sühuf göndərilməyənlərin) imtahanı daha yüngül olacaq deyə bilərikmi?

– Quranın dediyinə görə, Allah bəndəsinə daşıya biləcəyi qədər yük verir. Kənardan qiymət verib, kimin imtahanının daha ağır, daha yüngül olacağını təyin etmək mümkün deyil. Eyni zərbədən kimsə yıxılır, ölür, bir başqası əksinə həmin zərbədən daha da güclənir.

– Qayıdaq əvvələ. Sadəlövh olmaq pisdir ki? Uşaq kimi…

– Uşaqların inamları çox olur, sevgiləri səmimi olur, etibarları böyük olur, təcrübələri də minimum. Bunların hamısını ümumiləşdirib adına sadəlövh deyirik. İnsanın təcrübəsi artıqca, digər keyfiyyətlər azalmağa doğru gedir. Azalmasa, aradakı nisbəti qoruyub saxlasa, adına yenə sadəlövh deyirlər. Qəribədir, belə insanlar hər kəsdə müsbət emosiya yaratsa da, onun səmimiyyətindən, sevgisindən sui-istifadə etməyə çəkinmirlər. Bu, o vaxta qədər davam edir ki, həmin adamın təcrübəsi ilə digər dediyimiz keyfiyyətləri əks göstəricilərə çatır. Hə, onda həmin adamdan qorxurlar, hörmət edirlər, yeri gələndə söyürlər, əleyhinə danışırlar. Mən daim nisbətin bərabər olmasının tərəfdarı olmuşam.

 Ardı var

Kim BİLİR