- Ədəbiyyat

“Nizami Gəncəvi türk mənşəyini əsərlərində açıq-aşkar söyləyib”

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyeva “525”ə müsahibə verib.

– Zəhra xanım, İran daim böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvini “fars şairi” kimi təqdim etməyə çalışıb. İranın Nizami Gəncəvinin adı ilə manipulyasiya etməkdə məqsədi nədir?

– Dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyatı və mənşəyi haqqında İranın ciddi təhriflərə yol verməsi və onu “fars şairi” kimi təqdim edərək dünyaya yanlış informasiyalar ötürməsinin səbəbləri sırf siyasi xarakter daşıyır. Bu gün elm aləminə tam şəkildə aydın olur ki, Nizami Gəncəvinin milli mənşəyi haqqında yanlış fikirlər təkcə orta əsrlərdə şairin əsərlərinin üzünü köçürən katiblərin xətası üzündən baş verməyib. Bu yanlışlıqların əsası XVII-XVIII əsrlərdən başlayaraq Çar Rusiyası və İran imperiyalarının Qafqazda siyasi maraqlarına uyğun olaraq, bu siyasətdə katalizator rolunu oynayan ermənilərin və onların havadarlarının qərəzli uydurmalarından qaynaqlanır.

Məlumdur ki, aparılan uzunmüddətli məkrli siyasətin nəticəsi olaraq, XIX əsrdə Rusiya və İran arasında bağlanmış Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan-Rusiya və İran arasında bölündü. Şimali Azərbaycanda sonuncu olaraq Dərbənd xanlığı Rusiyaya birləşdiriləndə, işğalçılar və onların erməni nökərləri belə hesab etdilər ki, artıq Azərbaycanda “türk məsələsi” həll olunur. Lakin işğalçının gözlədiyi kimi olmadı. Azərbaycan xalqı həm cənubda, həm də şimalda müstəmləkə şəraitində öz tarixini, mənsub olduğu türk dilini, mədəniyyətini, ədəbiyyatını yaşatdı. 20-ci illərin sonu və 30-cu illərin ortaları, ümumiyyətlə, Azərbaycanın taleyi təhlükə qarşısında idi. Nə idi bu təhlükə? Ermənilərin təhriki ilə Qafqaz regionunun coğrafi-siyasi xəritəsinin dəyişdirilməsi, Şimali Azərbaycanın bir çox ərazilərinin ermənilərə verilməsi, ümumiyyətlə, Azərbaycan adının silinməsi fikri gündəmə gətirilirdi. Oxşar proseslər Cənubi Azərbaycan xanlıqları İrana ilhaq olunandan sonra da başlanmışdı. Amma xalqın güclü müqaviməti işğalçıya imkan vermirdi. 1925-ci ildə türk-Qacarlar nəslinin sonuncu şahı Sultan Əhməd şahı devirərək şovinist fars Pəhləvilər sülaləsinin banisi Rza şah hakimiyyətə gəldikdən sonra bu proses gücləndirildi. Məlumdur ki, fars, yəni Persiya əslində İranın bir əyaləti idi. 1935-ci ildə Rza şah İranı arilərin, yəni hind-irandilli tayfaların torpağı elan etdi və bu məqsədlə bu ərazilərdə yaşayan türklərin, o cümlədən, Azərbaycan türklərinin dillərinin saxtalaşdırılması həyata keçirilməyə başladı. Bu proses onun oğlu Məhəmməd Rza şah dövründə də davam etdirildi. Həmin dövrdən etibarən, Şərqin farsdilli poeziya nümayəndələrinin, o cümlədən, Azərbaycan şairi Nizami Gəncəvinin mənşəyinin saxtalaşdırılması işinə ciddi cəhdlər göstərildi.

– Sizcə, İran nəyə əsaslanıb bu cür iddialar irəli sürür?

– Onlar dil faktorunu əsas gətirərək fars dilində yazan şairlərin mənşəyini İrana bağlayırlar. Amma özlərinə sərf etmədiyi üçün o dövrün əsl həqiqətlərini, əsrlərlə gedən siyasi-ictimai prosesləri nəzərə almaq istəmirlər. X-XI əsrlərdən başlayaraq, Şərq xalqlarının ədəbi inkişafı tarixində müstəsna rolu olan farsdilli ədəbiyyat təkcə iranlılara məxsus deyildir, həm də digər müxtəlif sivil xalqların mühüm iştirakı və fəaliyyətilə yaradılmış müştərək mədəni sərvətdir. Farsdilli poeziyanın həmin dövrlərdə yayılaraq inkişaf etməsi səbəbləri Şərq regionunda baş verən siyasi-ictimai səbəblərlə bağlıdır. Hegemon dövlətlər həmişə mərkəzləşdirilmiş imperiya yaratmaq məqsədi ilə vahid dil birliyi ideyasını irəli sürüblər. Məsələn, ərəb xilafəti bu cür mərkəzləşdirilmiş dövlət və vahid ərəb dili siyasəti yeridib. Ərəb xilafəti zəiflədikdən sonra geniş Şərq regionunda yaranan türk Samanilər dövləti Mavəraünnəhr, Əfqanıstan və İranın böyük bir hissəsini idarə edirdi. Bu hökumətin paytaxtı Buxara şəhəri idi. Samanilər dövləti mərkəzləşdirilmiş idarəçilik sistemi yaratmaq məqsədi ilə öz tərkibinə daxil olan və etnik tərkibi zəngin olan Əfqanıstan və İranın böyük bir hissəsində əsas yerli əhalinin dəri (fars) dilində danışdığını nəzərə alaraq, bu dilin rəsmi dövlət dili və ədəbi dilə çevrilməsinə şərait yaratdılar. Beləliklə, IX əsrdən başlayaraq, farsdilli ədəbiyyatın İran, Hindistan, Orta Asiya, Azərbaycan, Türkiyə və başqa ərazilərdə yayılması prosesinə başlandı.

Samanilər dövründə Buxara, Səmərqənd, Bəlx və Mərvdə yaşayan türk əsilli alim, filosof və şairlərin də fars dilində mühüm əsərləri yarandı. Türk əsilli müəlliflər farsca yaranan bu poeziyaya sadə üslub, xalqın müdrik düşüncə tərzini və çoxsaylı türk sözləri gətiriblər. Amma bu o demək deyildir ki, türk şairləri öz ana dillərində şeirlər yazmırdılar. Bu sənətkarlar həm də öz doğma türkcələrində gözəl şeirlər yazıblar. Samanilər dövləti devrildikdən sonra, 840-1032-ci illərdə Mərkəzi Asiyada hakimiyyətdə olan türk-islam dövləti Qaraxanilər öz milli dil ənənələrini qoruyub saxlamağa üstünlük verdilər. Mərkəzi Asiyada türk sənətkarlarının ana dilində əsərləri yarandı. Yusif Xas Hacibin “Kutadqu-bilik”, Mahmud Kaşqarinin “Divani-lüğət it-Türk”, Əhməd Yüknəginin “Ətəbat əl-həqayiq”əsərləri buna parlaq sübutdur.

XII əsrdə Nizami Gəncəvinin Şirvanşah Axsitandan “Leyli və Məcnun” əsərinin fars dilində yazılması sifarişini alarkən düşdüyü vəziyyət, doğma ana dilinin sıxışdırılması haqqında söylədiyi beytlər danılmaz faktdır. Təsadüfi deyil ki, görkəmli şərqşünas-alim Əbdürrəhman Tahircanov məsələ ətrafında tədqiqat apararkən qeyd edirdi ki, Nizami Gəncəvi ilk öncə özünün türkcə Divanını Şirvanşah Axsitana göndərib və onu “öz Divanının hamisi” adlandırıb. Odur ki, Şirvanşah Nizamiyə “Leyli və Məcnun” əsərini farsca yazmağı sifariş edərkən şair türkcə şeirlərinin yayılmaması qayğısından məyus olub. Bu, bir həqiqətdir. Bizə düşmən kəsilən qüvvələr yazılmış türkcə olan əksər mətnləri də sıradan çıxarıblar.

– Nizami Gəncəvinin türk olduğuna dair çoxsayda faktlar var. İstərdik ki, bu faktları daha detallı sizin dilinizdən eşidək.

– Bəli, Nizami Gəncəvi öz türk mənşəyini əsərlərində açıq-aşkar söyləyib. Nizami Gəncəvinin babası Zəki Müəyyəd-dinəslən Oğuz türklərinin Boz ox qolundan çıxmış adlı-sanlı türk bəyzadələr nəslindən idi. O, Gəncədə din xadimi və Səlcuqlar sarayına yaxın bir şəxs idi və “Müəyyəd-din” (Dində Allah tərəfindən qüvvət verilən, saxlanılan) tituluna layiq görülmüşdü.

Nizami Gəncəvinin anası Azərbaycanda əsil-nəcabətili, zadəgan nəslindən olan bir türk qızı idi. Gəncədə dünyaya göz açmışdı. Nizami Gəncəvinin dayısı, yəni anasının qardaşı Xacə Ömər Gəncə sarayına yaxın, yüksək nüfuza malik bir şəxs idi. O dövrdə “Xacə” titulu şah sarayının mühafizəçilərinin başçısına verilərdi. Diqqəti mənbələrdə dəqiq şəkildə öz əksini tapan bir fakta yönəltmək istəyirəm: Türk sultan saraylarının qaydalarına əsasən, səlcuqlar və atabəylər üç vəzifəni – saray mühafizəçiliyini, silah-sursat anbarını və xəzinəni yalnız türklərə etibar edirdilər. Saray rəisi – Xacə vəzifəsinə cəsurluqda və sədaqətdə ad çıxarmış türk bəyzadələri seçilirdi. Əlimizdə olan mənbəyə əsasən, Xacə Ömər döyüşdə yaralanıb və aldığı yaradan çox cavan – otuz yaşlarında vəfat edib. Onun ölümünə söylənən bir ağıda Ömərin cəsur türk olduğu xatırlanır. Elə bu faktın özü təsdiq edir ki, Nizaminin anası əsil-nəcabətli türk qızı olub.

Nizami Gəncəvi öz adını “Üveys” adlandırıb. “Üveys” adında – türklərin totemlə bağlı kökü və tamğa işarəsi var. Qədim ərəblər Oğuza – “Üveys, yəni “Qurd balası” adını veriblər. Qədim ərəb və fars lüğətlərində “Üveys” qurd adıdır.

Bu faktlardan göründüyü kimi, böyük Azərbaycan şairi Nizami Gəncəvinin həm ata tərəfdən, həm də ana xətti ilə milli mənsubiyyəti türkdür. Şairin öz əsərlərində verdiyi məlumatlar buna parlaq sübutdur.

– Azərbaycan Prezidenti X Qlobal Bakı Forumunda çıxışında Nizami Gəncəvi ilə bağlı xüsusi vurğu etdi. Onun Azərbaycanın qədim şəhərlərindən olan özünün doğma Gəncə şəhərində dünyaya göz açıb, yaşayıb, orada vəfat edib və dəfn olunduğunu dedi. Bu barədə istərdim fikirlərinizi bildirəsiniz.

– Cənab Prezident İlham Əliyev Qlobal Bakı Forumunda öz çıxışında söylədiyi sözlərlə dövlət başçısı olaraq müdrikcəsinə dünyaya bir mesaj verdi. Prezident bu mesajla tarixi faktlara söykənərək Nizami Gəncəvinin vətəni, şəxsiyyəti və milli mənsubiyyəti haqqında dürüst həqiqətləri bütün dünya liderləri və ictimaiyyətinə çatdırdı. Məlumdur ki, Nizami söz sənəti ilə bərabər, vətəni Azərbaycana, doğma torpağı Gəncəyə, mənsub olduğu türk xalqına məhəbbətini də dünyaya car çəkib. Vətən haqqında Qətran Təbrizinin, Xaqani Şirvaninin yanıqlı misraları mütəxəssislərə məlumdur. Nizami də özü haqqında bir çox mətləbləri incə şəkildə söyləyib. Nizaminin doğma Gəncəsinə məhəbbəti ana-bala məhəbbəti kimi təmənnasız və hüdudsuzdur. Ona xəzinələr vəd edilsə belə, öz Gəncəsini heç zaman tərk etməyib. Şair özünün ülvi vətən məhəbbətini – hətta İraqın xəzinələrinə belə dəyişmədiyini elan edib. Dövlət başçısı “Onun müdrikliyi və istedadı Azərbaycan xalqının istedadını və müdrikliyini təcəssüm etdirir” fikri ilə çox mühüm bir məqama toxundu. Nizami Gəncəvi əsərlərində şəxsləndirilmiş hər bir kamil obrazın, mərifət sahibinin, ədalətli hökmdarın arxasında mütəfəkkir, filosof-şair özü və onu yetirən müdrik, sülhsevər Azərbaycan xalqı dayanır. Nizami Gəncəvinin ölməz humanist ideyaları öz doğma xalqının mənəvi dəyərlərindən qaynaqlanıb. O, mənsub olduğu Azərbaycan xalqı kimi həmişə başqa millətlərə böyük məhəbbət və rəğbət bəsləyib, zülm etməməyi təbliğ edib, əsərlərində hər bir xalqın dilinə, tarixinə, mədəniyyətinə hörmət və sayğı ilə yanaşıb. Nizami bütün bəşəriyyəti mənəvi kamillik zirvəsinə, insanlığa xidmət etməyə səsləyib, bu çağırışlarla özünə əbədilik qazanıb.