- Köşə

Pərvanə BAYRAMQIZI. Biri min edək

Arıqdır. Qan azlığı rəngindən bəllidir. Avtobusun qapısından içəri girən kimi hay-küy salmağa başladı. Əyləşəndə ilk gördüyü qadından soruşdu:

– Karonasan?

Qadın gülüb: – Yox. – dedi. Dönüb eyni sualı başqasına da verdi. Dedilər, rahat ol, hamı sağlamdır. Bir qədər gedəndən sonra anasına sabah bağçada yeni il şənliyi olacağını söylədi.

– Hə, lap yaxşı. – Anası könülsüz dilləndi.

-Şaxta baba gələcək, ona deyəcəm ki, ala, sən nə sırtıq adamsan, yenə gəldin?

Sərnişinlər qəşş elədilər. Xoşuna gəldi. Həvəslənib özünü bir az da  müəlliməsinin dili ilə öydü:

– Rus qrupunun müəlliməsi mənə baxıb dedi ki, bu sarış yaman çoxbilmiş uşaqdır.

Soruşdum  neçə yaşın var, “beş” – deyib barmaqlarını gözlərimin qarşısında oynatdı.

– Böyük oğlan olasan.

Alqışa uyğun olaraq başladı saymağa:

-altı, yeddi, səkkiz…

Bu onun aləmində böyük oğlan olmaq deməkdir.

Şeir söyləməyini istədim. Əzbərlədiyi bütün şeirləri danışdı. Alqışladım. Hamıdan bir-bir soruşdu:

-Hara gedirsən? Harda düşəcəksən?

Kimi susdu, kimi də ünvanı söylədi. Papağının bağını çantamın qulpuna bağlayıb qətiyyətlə bildirdi:

– Sən mənimlə gedəcəksən!

– Niyə?

– Elə. Səni qoymayacam ayrı yerə. Bağlamışam papağıma.

– Bağçaya qocaları buraxmırlar axı… – dedim.

-Qoca deyilsən.

Dayanacağa çatanda anası əlindən tutub aparanda papağın bağını açdı. Sağollaşıb getdi. Bundan sonra yenə hamı gözlərini pəncərədən çölə zilləyib qaş-qabaq sallamağa davam etdi. Avtobusun şənliyi getmişdi.

Hərdən tərbiyəçi olmadığıma görə təəssüflənirəm. Bağçada işləsəydim, uşaqları həvəslə öyrədərdim. Təlim-tərbiyə işi mənə həvalə edilsəydi böyüklərə qadağan edəcəyim suallar aşağıdakılar olardı:

“Atanı çox istəyirsən, ya ananı?”

“Atanla anan savaşırmı?”

“Valideynlərin səni çox istəyir, ya qardaşını?” (yaxud bacını)

Uşaqlarda qısqanclıq hissini formalaşdıran heç bir əməl göstərməzdim.

***

Yolun o biri üzündə bir kişi velosipet sürür. Anası ilə gedən uşaq həyəcanla qışqırdı:

– Ona bax, velosiped sürür!

-Sürür, sürür də, nolsun!

Elə bildim uşaq kişinin qəzaya düşəcəyindən qorxub. Sən demə, onu qıcıqlandıran səbəb başqa şeymiş. Anasına cavabı məni məyus etdi:

-Sürməsin! Atamda yoxdur!

Qəribə hisslərdir. Uşaqdır deyə adam dilinə gətirmək istəmir, amma reallıq budur ki, hissin adı paxıllıqdır, insanla bərabər doğulur. Kədərlə deyilsəydi, uşağın keçirdiyi hissləri başqa cür qəbul etmək olardı. “Sürməsin” sözü burda hər şeyi aydın göstərir.

Bu valideynin başqaları ilə özünü, tay-tuşları ilə də uşağı müqayisə etməyinin nəticəsidir. Gen faktoru da var.

Uşaqları həsəd hissindən uzaq böyütməliyik.

***

Sakit-sakit danışır:

– Təsviri-incəsənət dərsində müəllimə kitabdakı şəkli çəkməyi tapşırdı. Hamıdan yaxşı çəkdim, amma yoxlayanda pis rəsmlərə qiymət yazdı, mənə acıqlandı ki, üstündən çəkmisən.

-Bəs nə dedin?

-Dinmədim.

Bu cəhətdə mənə oxşadığı ürəyimdən deyil. Mən də çox vaxt yanlış qərarlara hövsələ ilə yanaşıb, gec-tez gerçəyin ortaya çıxacağına ümid edib susuram. Amma yaxşı cəhət kimi qiymətləndirmirəm. İndi də təəssüfləndim:

– Susmamalı idin, – dedim, – cəmiyyətimiz belədir, qabiliyyəti olanı geri itələyir.

– Uşaqlar müəlliməyə dedilər ki, kitabın üstündən çəkməyib, o, gözəl rəsmlər çəkməyi bacarır.

– Yaxşı ki, belə uşaqlar var, özün susanda əvəzinə lazım olan sözü deyirlər, amma insan birinci özü özünü müdafiə etməli, haqqını tapdatmamalıdır.

– Müəllimə məndən üzr istədi.

Sakitləşdim:

– Bunu bacaran müəllimin olması gözəldir.

Səbir irsidir. O həm də abırın yarısıdır. Qalmaqalı özünə yaraşdırmırsan, ədəbsizə (iraq müəllimdən) görə kobud ifadələr işlədib, nitqini eybəcərləşdirmirsən. Amma çox vaxt həyasıza, haqsıza qoşulmağa utanıb susanda kənardan suçlu təsiri bağışlayırsan. Hər şey öz yerini alanadək çoxu haqqında yanlış şeylər düşünür. Bəzən səbirin yersiz olur. Yenə də ümid gerçəyin görünəcəyinə qalır. Və… əvvəl-axır nəyə qadir olduğun bilinir. Onda ədalətə itən inamının qayıdışı qəlbinin “qırıqlarını” bir-birinə təzədən calayır.

Yaxşı, bəs əvvəlki ürək “düzəlirmi?

Uşaqlar haqqında yanlış qərar vermək onları ruhdan salır, hətta bu psixoloji travma da yaradır. Onları dərindən öyrənmədən suçlamaq böyük səhvdir.

***

Uşağı özündən asılı böyütmək valideynin övladına etdiyi ən birinci pislikdir. Uşaqları qorxuyla böyütmək olmaz! Xüsusilə valideynlərinin öləcəyi qorxusuyla. Onlara: “Mən ölsəm neynəyərsən?” sualı verməyin! “Atan, anan ölə bilər, heç nəyin olmaz, yetim deyərlər sənə” kimi fikirləri təlqin etməyin! Əksinə elə öyrədin ki, itirdikləri insanlardan sonra özlərində yaşamağa güc tapsınlar. Heç kəsdən asılı olub, nədəsə kiminsə köməyini gözləməsinlər. Elə öyrədin ki, tək qalanda nəyi necə etməli olduğunu özləri aydınlaşdırsın, elə öyrədin ki, tamahkar qohumlarının “yem mənbəyinə” çevrilməklərinə etiraz edə bilsinlər.Cəsarətli olub əzazil insanların zülmündən qurtulmağı bacarsınlar.

Siz onları pisliklərə qarşı immunitetli böyüdün,  gözüaçıq olsunlar! İtirdiklərinə heyifsilənməyə alışdırmayın, yeni uğurların ardınca getməyi sevdirin.

Uşaqları sevmək budur.

Onların xoşbəxt günlərinin sayını artıraq.

Onları təkcə iyunun birində deyil, minində də müdafiə edək.