- Köşə, Manşet

Pərvanə BAYRAMQIZI. “Budu gəlir pis yazı…”

Sizdən yaxşı olmasın, bir sayt redaktoru var, yox, sizdən yaxşı olsun, elə siz də yaxşı olun, o da. Hə, bu redaktora yazdım ki, saytınızda pis yazılar görmüşəm, Pərvanə Bayramqızının yazıları həmişə sizdə dərc olunur, ona görə ürəklənib yazı göndərmək istəyirəm. Gözləyirdim ki, yazacaq, sən nə danışırsan, onun yazıları şedevrdir, ədəbiyyatda yeri ayrıdır. Bir də görəm ərinməz-yorulmaz mənə mahnıyla cavab yazıb:

Araz axır qıyqacı,
Ay qız, ay qız, amandır.
Budur gəlir PİS YAZI…

Asan redaktə yolu tapmışam; mətni yazıram, sayta göndərirəm, dərc edilir,  korrektə işi başlayır. Diqqətimdən qaçan səhvləri düzəltməsini həmin yaxşı redaktordan xahiş edirəm. Bezənəcən korrektə edir. O yorulduğu vaxt artıq mətn səhvsiz hala gəlir.

Hamıya yazanda sözləri düzgün yazır, durğu işarələrini yerində işlədirəm. Təkcə ona yazanda heç bir orfoqrafik qaydalara riayət etmirəm. Arxayınam, bilirəm ki, bildiyimi bilir, bir də əlavə vaxt niyə itirim ki? O isə “nervilənir”, səhv yazdığım bütün sözləri təzədən düzəldir. Buna da mən “nervilənirəm”. Beləcə dava göydən yağır.

O bütün problemləri yumorla “həll edir”, həyatla zarafat edə-edə yola gedir. Dişini çəkdirib, vəziyyətini soruşmaq istəyirəm, bilirəm ki, ah-of edən deyil, qəmləndirmək istəmirəm. Xarakterinə uyğun “qayğıkeşliklə” soruşdum:

— Çəkdirdiyiniz dişiniz üçün darıxmırsınız ki?
— Mahnı oxuyuram:

Yerində qalan oyuq,
Səni əvəz eləmir,
Doxtur qoyduğu pambıq
Səni əvəz eləmir.

Mən də “şeirimdən” qalmadım:

– Zarafat eyləmə, qurbanın olum,
Poliklinika zarafat meydanı deyil.
Stomatoloqun işi çətin bir işdi
Hər ağrıyan dişi “apar, at” demir.

Vatsap statusuna amerikalı mütəfəkkirin sözlərini qoymuşam. Baxıb fikir bildirib: necə pinti adamdır. Fikrə münasibət bildirməyib şəklə bu cür yazıb məni cırnatmağına “nerviləndim”. Hirsli-hirsli yazdım ki, özünüzü mətni oxumadan manşetə çıxarılan başlığa rəy yazan sayt izləyiciləri kimi aparırsınız. Cavab gəldi: “Mənə MOMÇBRYSİ dedin”.

–  O da kim?
– Mətni oxumadan manşetə çıxarılan başlığa rəy yazan sayt izləyicisi.

Ondan bunu da öyrəndim.

Kiminsə maskanın altında xısın-xısın güldüyünü görsəniz, dəli olduğundan şübhələnməyin. Yazıq neynəsin ki, yadına gülməli əhvalat düşüb. Durub camaata söyləyəsi deyil ki. Kamilinfo-nun baş redaktoru xaricdə yaşayan professor tanışı ilə virtual söhbət edəndə başları qarışdığından xaricdəkinin bişirəcəyi kartoflar yanıb. “İtkiyə” təəssüflənən redaktor özünü günahkar hiss etdiyindən bilməyib necə kömək etsin. Canı yandığından deyib ki, bir işdir olub, fikir eləmə, Bakıya gələndə gedərik bazara, əlini “lyuboy” kartofun üstünə qoy, onu sənə alacam.

Kələ-kötürlükdə bir-birindən seçilməyən kartoflara “lyuboy kartof” deyilməsi bir az gülməlidir. “Lyuboy” o vaxt olur ki, çeşid çox olur, sən də istədiyinin birini seçirsən. Kartoflarsa bir-birindən fərqlənmir. Adamı güldürən məqam odur ki, redaktor əslində xəsisdir, özünü əliaçıq kimi göstərmək istədiyindən belə deyib.

Gülən olanda baxmayın. Özü bilər nəyə gülər.

Birdən də olar ki, dostuyla küsən olar, onu qanıqara görərsiniz, onda da “nə olub?” deyə sual verməyin. Bəlkə, o, sizə dostundan barışmaq üçün memorandum imzalamaq təklifi aldığını demək istəməyəcək. Sizə necə desin ki, sənəddə “filan şairin şeirlərini ürəyində oxu, paylaşma” əmri yazılıb.

Mən belə dostun nəyindən küsüm? Bu gün də ad günüdür küsmək heç olmaz. Zəhmətkeş redaktor, ana dili təəssübkeşi. Tanıyırsınız, bir adı da Ömər Kamildir (yenə dostlara şikayətlənəcək ki, bilmirəm tənqid edib, ya tərif?)