- Mədəniyyət

Pərvanə BAYRAMQIZI. Koroğlu qalası

Feillər bizimdir deyirik. Deməli, hərəkəti sevən xalqıq. El arasında cəld hərəkətlərilə seçilən adama “vuran-tutan” deyirlər. “Vuran-tutan” sözü də sanki “mən feiləm” deyə “çığır-bağır” salır. “Çığır-bağır” da hərəkətlə bağlı sözdür. Onda qoyun mən də hərəkətə keçib, çığır-bağır salım; qulaqlarınızı batırmaq üçün yox, səsimi lazimi orqanlar eşitsinlər deyə.

Vuran-tutan babalardan bizə çoxlu tarixi abidələr qalıb. Bu gün onlardan Dövlət Əhəmiyyətli Qoruq siyahısına salınanlar da var, təpənin başında baxımsız qalanlar da.

Qala sözünün ərəb mənşəli olması ilə çoxu razılaşmır. Onlar fikirlərini eradan əvvəl ikinci minnilliyin birinci yarısında Azərbaycanda Narınqala, Oranqala kimi yer adlarının olduğunu göstərməklə izah edirlər. Yurdumuzun müxtəlif bölgələrində müxtəlif adlarda qalalar mövcuddur, o cümlədən, Koroğlunun adıyla bağlı Türkiyədən başqa Azərbaycanda da qalalar bu günədək qalmaqdadır. Şəmkir və Tovuzla yanaşı, Gədəbəyin Miskinli ilə Qalakənd kəndləri ərazisində də Koroğlu qalası var.

Sıldırıma qalxdıqca nəfəsimiz təngiyirdi. Çətin idi. Şuşanı azad edən əsgərləri xatırladım. Uşaqlara onları nümunə göstərib irəliləməyə həvəsləndirdim. Əlçatmaz yerdə salınan qalanın başına qalxanda adam özündə məğrurluq hissinin gücləndiyini hiss edir. Yüksəkliyin təsiri budur – “Bu mənim yurdumdur, tarixim qədimdir” deyib düşmənə acıq verirsən. Eyni zamanda adamı məsuliyyət hissi bürüyür: yurdu qorumalıyam! Gəzib diqqət yetirəndə hər daşı sübut edir ki, Gədəbəy Azərbaycanın qədim diyarıdır. (Burdakı mədəniyyət abidələri tariximizə eramızdan əvvəl XII-VII əsrləri əhatə edən Xocalı-Gədəbəy mədəniyyətinin bir hissəsi kimi daxil edilib.) Dağın döşündən qalaya dırmaşanda alt tərəfdə bir xeyli hissəsi görünsə də, daxil olanda xarabalığı andırır. Divarlardan müəyyən hissələr qalıb. Daşların arasında görünən giriş hissə olmasa, adam tarixin dərinliklərinə xəyalən səyahət edə bilməz. Hər tərəfdən işıq düşdüyündən daxil olmaq vahiməli olmur. İçəri girəndə sol tərəfdə dumduru su görünür. O qədər duru ki, dibindəki daşları saymaq mümkündür. Hər tərəfin daşdan, susuz torpaqdan ibarət olduğu bu hündürlükdə yerdə su olması təbiətin hikmətidir. Su anbarını və onun dağılmış divarlarını görəndə qəfildən ayılırsan ki, ilahi, biz bu tarixi abidəmizin məhv olmasına niyə sakitcə tamaşa edirik?

Qalalara doğrudanmı Koroğlunun atının ayağı dəydiyini, yoxsa ozamankı paşalara qan udduran qəhrəmanların qorunduqları sıldırımları xalq özü rəmzi mənadamı bu cür adlandırdığını dəqiq bilmirik. Sovet dövründə Koroğlunun adından təbliğat kimi istifadə edilməsi versiyası da irəli sürülür. Qalada Koroğlunun özünün bir vaxt yaşaması deyilsə də, tədqiqatçılardan bu abidənin tarixinin daha qədimə aid olduğunu bildirənlər də var. Qalanın Girdiman dövlətinin hökmdarı Cavanşirə aid olduğu ehtimal edilir. Bütün ehtimalları, araşdırmaları, əfsanələri kənara qoyub deyim; yeddinci əsrə də aiddirsə, Koroğlunun özü də tikibsə, lap qeybdən yaradılıbsa da, qala bu gün uçub dağılmaq üzrədir. Qalanın quruluşundan çox az görüntü qalıb.

Bəlkə də, yazmağımın xeyiri olmayacaq, çünki quqlda “Gədəbəydəki “Koroğlu qalası” adını axtarışa verəndə qalanın haqqında məlumatla yanaşı, fotoları da çıxır. Həmin fotolarda yeraltı gizli yolu olan qalanın necə dağıldığı aydın görünür. Əgər strateji əhəmiyyətli sıldırım dağın başında yerləşən qala haqqında bir neçə dəfə verilən məlumatın faydası olmayıbsa, yəqin ki, mənim yazım da bir işə yaramayacaq. Yenə də ümidimi üzmürəm. Ən azından borcumu yerinə yetirmiş olaram. Hansı borcu? – Tariximin məhv olmasına laqeyd qalmamaq borcum.

Hazırda alt tərəfdən görünüşündən və su anbarından başqa qaladan iz qalmayıb. Məsuliyyətsizliyə davam edilsə, bir azdan heç bunlar da olmayacaq. Yalnız daşlıq təsiri bağışlayacaq. Bilmirəm, tariximizə niyə belə ögey münasibət bəsləyirik? Gərək ermənilər buranı da otuz il işğalda saxlasın ondan sonramı sevməyə, nəzarət etməyə başlayaq?

Qalaya Gədəbəy rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə pilləkənlərdən ibarət yol salınmasıyla kifayətlənmək olmaz. Tikili dağılır. Bu yerləri bizə ermənilərin sevdirəcəyini gözləməyək!