- Ədəbiyyat, Müsahibə

Seyran Səxavət: “Fantaziyaya qalsa, hamı yazıçı olardı”

Yazıçı Seyran Səxavət Report Media Məktəbinin tələbələrinin suallarını cavablandırıb. “Report” yazıçıya ünvanlanmış sualları və onun cavablarını təqdim edir:

İsmayıl Bakuvi

– Siz Şərqşünaslıq fakültəsini bitirmisiniz. Mən də bu fakültənin tələbəsiyəm, amma jurnalistikaya həvəsim var, orada özümü sınamaq istəyirəm. Həmin fakültəni bitirməyiniz sizin yazıçılıq peşənizdə yardımçı olubmu? Ümumiyyətlə yazıçı olmaq üçün hər hansı bir humanitar və ya qeyri-humanitar peşəyə yiyələnməyə ehtiyac varmı? Yoxsa yazıçı olmaq üçün təkcə istedad kifayət edər?

– Bu, anadangəlmə bir şeydir. Musiqi, jurnalistika, rəssamlıqda istedad önəmlidir. Tək istedadla da iş bitmir. Bunu deməyi özümə borc bilirəm: zəhmət çəkməli, həvəsli, məqsədli olmalısan. Özündən asılıdır, hikkən də olmalıdır. Hikkə gözəl şeydir, amma bəraəti olanda. Sən qorxma, narahat olma. İstedadın varsa, deməli yazıçı olacaqsan. Şərqşünaslığı oxumağımın köməyi olub. Bura çox böyük yerdir.

– Sizin soyadınız Xanlarovdur, amma Seyran Səxavət təxəllüsü ilə tanınmısınız. Bu Səxavət təxəllüsünün mənbəyi haradan gəlir?

– Mənimlə ərəb şöbəsində paralel oxuyan Aydın Abdullayev var idi. Birinci kursda oxuyarkən tanış olmuşdum. Ona dedim ki, şairəm. O vaxtı bizə elə gəlirdi ki, kənddən Bakıya gəlmək ədəbiyyata gəlməkdir. Sən demə bunlar ayrı-ayrı şeylər imiş. Aydın dedi mənim qohumum şairdir, şeirlərindən oxu, xoşuma gəlsə, səni aparacağam onun yanına. Abır-həya da o dövrdə alınmaz qala idi. Necə yəni mən o boyda kişinin yanına gedim deyim ki, mən də şairəm?! Aydına “Sevirəm” şeirini oxudum. 6 ay keçəndən sonra məni zorla apardı Qasım Qasımzadənin yanına. O, məni qarşıladı, haqqımda böyük bir “uğur olsun” yazdı. Şeirlərim qəzetdə çap olundu. O zaman Qasım müəllim mənə dedi ki, “soyadın Xanlarovdur, lap yaxşı, amma ruscadır. Mən belə baxıram səxavətli oğlana oxşayırsan. Bəlkə səni Seyran Səxavət eləyək?” Ad xoşuma gəldi, razılaşdım. Bir var Seyran Xanlarov, bir də var Seyran Səxavət. İkincisi daha yaxşıdır.

Zərintac Mayisqızı

– “Qaçhaqaç” əsərinizdə öz həyatınızdan bəhs etmisiniz, oradakı hər detal həqiqəti əks etdirir?

– Fantaziyaya qalsa, hamı yazıçı olardı. Özündən bir əsər uydurmağa nə var ki… Hər kəs bir həyat yaşayır, elə hamı durub yazar da. Bilirsiniz necədir? Bir texniki süzgəc var, bir də ilahi süzgəc. Məsələn, yazı yazmaq üçün mən heç vaxt qeyd aparmamışam. Nə qalıbsa, hiss etmişəm ki, dolmuşam artıq, bax onda yazıram. Ümumiyyətlə, o süzgəcdə nə qalırsa o gözəldir. Ümumi olaraq poeziya əsərlərimin iki cildini buraxmışam, hələ 13-ü durur. İnşallah, çap etdirərəm. Məndə həmçinin, “Seçilməmiş əsərlər” kitabı da var.

Leyla Səməndər

– Sizi indi də Sarı ləqəbli ilə çağırırlar?

– Mənə Sarı-Sarı deyirdilər kənddə-kəsəkdə. İndi köhnələr Sarı deyir, təzələr hərəsi bir cür.

– “Qaçhaqaç” əsərində bəhs etdiyiniz Anuş obrazına həyatda həqiqətən sevgi duymusunuz?

– Yaxşı sualdır. Bir dəfə indiki Tusi adına Pedaqoji Universitetdə mənimlə görüş təşkil edilmişdi. Sevgi şeirlərindən oxudum. O zaman 32-33 yaşım vardı, şumal oğlan idim belə. Öz-özümdən xoşum gəlirdi, yəni belə yaxşı vaxtlarım idi. Orada şeirlər oxuyuram, vallah, başqa cür çıxmasın, zal dağılır. Axırda bir qız, onu heç vaxt unutmaram, yaxınlaşdı mikrofona, dedi Seyran müəllim, bayaqdan burada sevgi şeirləri oxuyursunuz, o sevgi şeirlərini həsr elədiyiniz xanımla evlənmisiniz, yoxsa üç nöqtə. Çox təhlükəli sualdır, çünki xanım da yanımda, uşaqlar da oturub zalda. Təhlükəli sualdır da. Dedim, qızım, sən hələ cavansan, böyüyərsən, başa düşərsən, bu yazıçılar, şairlər ömrünü iki yerə parçalayır. Birinə şeir həsr edirlər, birinə həyatını. Mən həyatımı həsr elədiyim oturub zalda, yanında da uşaqlar. Gördüm xanım razılıq eləyir, yəni əla.

Abdulla İsmayıloğlu

– Seyran müəllim, çıxışlarınızın birində: “Daş evlər” romanımı yazmaq üçün “Sovetski” evlərində bir-birinin ardınca kirayəlik evlərdə yaşadım” demisiniz. Sizi tez-tez mənzil dəyişməyə nə məcbur edirdi?

– (gülür) Şəxsi mənzilimin olmamasına görə evdən-evə köçürdüm. Ramiz Rövşənlə tələbəlik illərindən tanışıq. Bir dəfə qələm yoldaşım dedi ki, “əgər sən nə vaxtsa məşhur adam olsan, kirayədə qaldığın evlərin qarşısında barelyeflərin qoyulacaq”. Həmçinin məhz “sovetski”dəki köhnə evlərdə yaşayanda “Daş evlər” romanını yazmaq qərarına gəldim.

– “Daş evlər”də Çanko obrazı var. Onu Adolf Hitlerlə müqayisə edərdim. Fürer böyük rəssam, Çanko isə fizika sahəsində böyük alim olmağı arzulayırdı. Amma acı tale hər ikisinə qarşı amansız oldu. Sizə elə gəlmirmi istedadlı insanlar çoxdur, sadəcə onların mütləq çoxluğunun istedadı batırıldığından, oğurlandığından dolayı üzə çıxmır?

-Nə Hitlerə, nə də Çankoya istedadı batmış insanlar demək olmaz. İnsanda istedad varsa, o, yerin deşiyində də olsa, özünü büruzə verir. Sadəcə istedadın forması, məzmunu, istiqaməti dəyişir. Hitlerin rəssam olmağına imkan vermədilər. Əvəzində böyük siyasi lider oldu. Çanko alim olmaq istəyirdi, arzusunu gözündə qoydular. Bunun müqabilində o oğru dünyasında flaqman oldu.

– “Daş evlər” əsərinizdə Rufa obrazı var. Rufanın bədbəxt olmasında anasını günahkar hesab edirsizmi?

– Bir ailədə övlad bədbəxt olursa, mütləq valideynin günahı var. Həzrəti Əli deyir: “İnsanlar valideynlərindən çox mühitinə oxşayır”. Mühitimiz bizi həm yetişdirə, həm də məhv edə bilir. Rufa anasının, qohumlarının, ən əsası mühitinə uyğunlaşmadığına tənhalığa məruz qaldı.

– Seyran müəllim, dövrlərində avanqard olan Əbülhəsən, Mirzə İbrahimov, Hüseyn Abbaszadə, Bayram Bayramov və onlarla adını çəkmədiyim yazıçılarımız niyə unuduldu?

– Bu barədə uzun-uzadı çox danışmaq olar, amma iki əsas səbəbi deyəcəyəm. Birinci, cəmiyyətimizin, xalqımızın laqeydliyi, ikinci, həmin ədiblərimizin özlərinin zəmanəyə uyğunlaşa bilməməyindən dolayı hərəkətsizliyi.

– Sevdiyiniz yazıçılar kimdir?

– Ən çox sevdiyim yazıçı Əbdürrəhman bəy Haqverdiyevdir. Mənə görə bənzəri olmayan yazıçıdır. Öz dövrümün ədiblərindən Yusif Səmədoğlunun qələmini sevirəm. Xaricilərdən Nodar Dumbadzenin əsərlərinin hamısını sevə-sevə təkrar oxumuşam. Xoşbəxtlikdən onunla görüşmüşəm də. Alman yazıçısı Ziqfrid Lenç də heyran olduğum yazıçılardandır. Onun “Gözəgörünməz qonşu” hekayəsi dahiyanədir. O əsəri bütün nobelçi yazıçıların roman-povestlərindən üstün hesab edirəm. Cerom Selincer ilə Edqar Alan Ponun qələmini də xoşlayıram. Gənclərdən Kəramət Böyükçöl, Təranə Vahid, Nuranə Nur, Arzu Nehrəmli və onlara bənzər üslubda yazan yazıçıları izləyirəm.

– Cek Londonun deyir: bütün böyük insanlar sadəcə xoşbəxtliyinin quyruğundan tutmağı bacarıblar. Seyran Səxavət xoşbəxtliyin quyruğundan tuta bilibmi?

-Mən quyruğu ancaq kababda xoşlayıram (gülür). Özü də təpədən dırnağa realistəm. Odur ki, xoşbəxtlik, bədbəxtlik məfhumlarına uydurma kimi baxıram. 77 yaşlı Seyran Səxavətə görə insan iki dəfə xoşbəxt olan bilər: dünyaya göz açanda və dünyadan köçəndə. Bu ikisinin arasında qalan ömürdür, onu da hərə bir cür yaşayır.

– Cek London “Martin İden” əsərində yazır: “Onlar kitabı oxuyub həyatı öyrənəndə, o həyatı yaşayırdı”. Seyran Səxavət həyatı yaşayaraq kitablara müraciət etdi, yoxsa kitabları oxuyub həyata atıldı?

– Həyatı yaşamaq yaradıcılıqla məşğul olmaqdan dəfələrlə çətindir. Bir az da geniş ifadə etsəm, mənim bu vaxta qədər yazdığım bütün külliyyatım sadəcə kserokopiyadır. Orijinal kitabım hazırkı görüşümüzdü. Yəni canlı ünsiyyət, həyatı yaşamaq əsl həqiqi kitabdır.

Arzu Cabbar

– Bayaq dediniz ki, mən çox realist insanam. Amma kitab yazanda heç bir qeyd etmirsiniz və sanki bunlar ancaq təxəyyülünüzün nəzərinə əsasən formalaşır. Bunu necə ayıraq?

– Maraqlı sualdır, adətən sual verənə belə deyirlər, amma doğrudan maraqlı sualdır. Artıq o nazik yerlərdən danışırsınız.

Məsələn, özümdən götürüm, öz təcrübəmdən. Başqasının təcrübəsini deyərəm, yanılaram, yanlış olar, naxış olmaz, bu həm də ayıb olar mənə.

Bəli, mən realistəm. Təpədən dırnağa. Heç o dünyaya da inanmıram. Ancaq Allaha inanıram. Hə, bu kişi var. Yoxsa, bu kişi haqqında mənə nağıl danış, onun mənə dəxili yoxdur.

O reallıq mənim yaradıcılıq mətbəximdədir. Masaya oturana qədər mən realistəm. Özü də əsas birinci cümlədə. İlk cümləni bəzən 10 günə yazmaq olmur. Birinci cümləni yazıçı özü aparmalıdır. Məsələn qalın bir romanda o cümlə səni axıra qədər bunu yazmaq üçün aparmalıdır, söz səni aparmalıdır. Reallıq odu. Bir də son nöqtəni qoyanda son nöqtən olur ki, realdır, qurtardı. Bax, bu reallıqdı.

O son nöqtə ilə birinci cümlənin arasında reallıq gedir, müvəqqəti arxivə gedir. Son nöqtəni qoyan kimi o təzədən qayıdır sənə. Özü də onu təşkil etmək olmaz. O gərək belə alınsın. Özbaşına belə alınmalıdır, yoxsa başqa cür mümkün deyil.

– Bunu onda belə demək olar ki, yaratdığınız personajlar, xarakterlər real olaraq öz-özlərini yazdırırlar?

– Bəli. “Daş Evlər” romanında belə bir yer var. Dünya ədəbiyyatında olmayan bir şeydir. Bax, indi mən bu gün oxucularla görüşmüşəm. Düzdürmü? Yazıçının da öz qəhrəmanları ilə görüşü var burada. Məsələn, bir qəhrəman yazıçının üzünə qarşı deyir ki, “məni niyə belə yaratmısan? Niyə pis yaratmısan”. Digəri deyir ki, “məni nə qəşəng yaratmısan”.

Bu göydə olan şeydir, amma reallığa çevrilib. Mən gec yazıram, amma beyində redaktə edə-edə yazıram. Ola bilsin, haradasa beynimdə ya “ki”, ya vergül qoyam.