- Manşet, Müsahibə

“Sinfə girəndə ayaqqabılarımı çıxarmaq istədim”

Kamilinfo-nun bugünkü qonağı “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi”nin icraçı direktoru Gülyaz Əliyevadır. Onunla… çox şeydən danışdıq.

– Haradan başlayaq?

– Haradan desəniz, oradan.

– Bir az əvvəldən… İlk dəfə məktəbə getdiyiniz günü necə xatırlayırsınız?

– Lap dünən kimi… O günü xatırlamamaq olarmı? İnsan həyatının ən önəmli, yaddaqalan günlərindən biri. O qədər sevincli idim ki… Sevindiyimdən və həyəcandan bilmirdim, nə edim? Karıxdığımdan həyətdə qızıləhmədi alma ağacına asılmış əlüzyuyanda əl-üzümü iki dəfə yudum, iki dəfə dişlərimi fırçaladım. Atam baxıb gülürdü. Ailənin məktəbə gedən dördüncü uşağı idim. Ağ “kolqotka” (biz “finka” deyirdik ona), ağ sandal geyinmişdim, uzun saçlarıma yuxarıda yığıb, ağ, üstündə qırmızı xalları olan bant bağlamışdım. Üç gün əvvəldən ütülədib stulun başına qoyduğum “qarmoşka” yubkamı, ağ, yaxası krujevalı köynəyimi geymişdim. Atam, iki bacım və qardaşımla birgə gedirdim. Məndən iki yaş böyük bacımın əlindən tutmuşdum. Onu da deyim ki, 3-cü sinfə gedən o bacım mənə hərfləri öyrətmişdi, yazmağı və oxumağı bilirdim. Sinfə girəndə ayaqqabılarımı çıxarmaq istədim. Bacım qoymadı və güldü. Bütün sevincim puç oldu (həyatda ən xoşlamadığım şey kiminsə gülməyinə səbəb olacaq bir iş görməyim idi). Birinci partada oturdum və səbrsizliklə müəllimi gözlədim. “Sabir müəllimin qızı”, –  deyib o biri siniflərdən gəlib mənə baxıb gedir, nəsə pıçıldaşırdılar…

– Deyirlər, insanın iradəsindən kənar olan şeylərdən biri də hansı dövrdə yaşamasıdır. Biz yaxşı dövrdəmi yaşayırıq?

– Çox keşməkeşli dövrdə yaşayırıq. Əvvəli Sovet, sonrası”perestroyka”, keçid, müharibə, köçkünlük, 44 günlük şanlı Zəfər dövrü… Yaxşı da demək olar, pis də. Amma ən əsası odur ki, bu pis günlərin içırisində əsrə bərabər sevincli günlər də yaşamışıq. Müstəqiilik sevinci, 44 günlük müharibənin həyəcanlı günləri ömrümüzün ən yaddaqalan günləridir…

– Buğa bürcündən olmağı yaxşı qismət hesab etmək olarmı?

– Əlbəttə. Əvvəla, yaza düşür, ikincisi, yazın ən gözəl ayı – yasəmən ayı – maya düşür, gül-çiçək ayına. Bəlkə, adımı elə ona görə Gülyaz qoyublar. Rayon yerində may ayının gözəlliyi çox qabarıq hiss olunur. Bahar özünün bütün qüdrətini bu ayda səxavətlə göstərir. Buğa bürcü haqqında yazılanlarlar özünü doğruldur.

– Zərdüşt deyirdi ki, çörək bişirəndə nəğmə oxusanız, o daha dadlı olar. Məntiqlə qarabağlıların çörəyi daha dadlı olmalıdır, eləmi?

-Əlbəttə. Anamın bişirdiyi çörəyin dadına hələ ki heç yerdə rast gəlməmişəm.

– Xəlvətdə zümzümə edirsiniz?

-Hərdən…Qəşəng səsim var, 7 illik musiqi təhsili almışam, üstəlik, qarabağlıyam.

– İlk qazancınız necə olub?

– İlk qazancı tələbə təqaüdünü saymasaq, 1-ci kursda oxuyarkən Gənclər Günü ilə bağlı radioda çıxışıma görə aldığım qonorarı hesab edirəm. O qədər yerinə düşmüşdü və elə sevinmişdim ki… Evə getməyə hazırlaşmışdım. Biletimi almışdım. Qayıdanda mağazada çox gözəl kapron şərflər gördüm. Ən sevdiyim rənglərdə, çəhrayı və mavi. Növbə var idi. O zaman yaxşı mallar mağazalara gələn kimi qurtarırdı. İndiki kimi deyildi. Almaq istədim. Baxdım ki, pulum çatmır. Mağazadan könülsüz çıxıb evə gəldim ki, çantamı götürüb çıxım. Gördüm qonorarın bildirişi gəlib. Tez gedib pulu, o pula da şərfi alıb sevincək Ağdama getdim. İnstitutu bitirənədək o çəhrayı şərfi bağladım. Müəllim kimi aldığım ilk maaşın isə hamısını anama vermişdim..

– Müəllimlik yaxşı peşədir?

– Özümü müəllimlikdən kənarda heç cür təsəvvür etmirəm. Yaxşı, ya pis deyə bilmərəm. Sevdiyim peşədir. Övlad üçün atasının sənətin davam etdirmək də bir xoşbəxtlikdir.

– Amma eyni şeyləri hər il yenidən təkrar etmək… usandırıcı deyilmi?

-Hər il fəsillər dəyişir. Qış gedir, yaz gəlir, çiçəklər açır, meyvə verir, yarpaqlar tökülür. Hər gün səhər açılır, gün çıxır, qüruba enir, gecə düşür. Sonra yenə yaz gəlir, çiçəklər açır, meyvə verir… Usandırıcıdırmı?

Hər il 5-cidən başlayırsan, 11-ci sinfi bitirənədək onlara bələdçilik edirsən, şagirdlər məktəbi bitirir, yerlərini yeni 5-cilərə verir… Həyatın özü də eyni şeylərin təkrarından ibarət deyilmi? Dünyanın özü də sanki bir məktəbdir. Həyata gəlirsən, yaşayırsan, həyat müəllimindən dərs aılrsan, sınaqlardan keçirsən, imtahan verirsən, qiymət alırsan və o vəsiqə ilə bu dünyanı tərk edib, yerini yeni nəslə verib gedirsən. Yenilənmə usandırıcıdırmı?

– Səhv etmirəmsə, bir yazar kimi “Qırmızı paltarlı gəlincik…” hekayənizlə debüt etmisiniz…

– Bəli. Elədir. Həyat hadisələri əsasında yazılmış bir hekayə, məni onunla tanıdılar daha çox.  O zamanlar qaçqın və köçkünlərin həyatını, yaşayışını daha çox  yazmaq istəyirdim.

– Deyəsən, Yunus ibn Habibin sözüdür:  “İmruul-Qeys qəzəblənəndə, Nabiğə qorxanda, Zuheyr nə isə arzulayanda,  Əl-Ə`şə isə şənlənəndə yaxşı yazır”. Sizin üçün əlverişli ovqat hansıdır?

– Umruul-Qeyslə eyni xasiyyətdəyəm, qəzəblənəndə daha yaxşı yazıram. Qəzəblənmək məni məcburən yazdırır. Həmin anda  sözüm tükənmir, elə hey yazıb ürəyimi boşaltmaq istəyirəm..

– Hansı meyvəni daha çox xoşlayırsınız? (“hərəsinin öz yeri var” tipli cavab verəcəksinizsə, əlavə sual: Evdə hərəsindən bir səbət olsa, hansı tez qurtarar?)

– Ərik…

– Deyilənə görə, əriyi şirindilli və mərhəmətli insanlar sevir. Belə adamlar ətrafdakılarda inam və etibar yaradır. Lakin kim onları utancaq və bağışlayan hesab edirsə, səhvə yol verir. Əriksevən insanların azadlığını əlindən almağa çalışan ciddi maneə ilə üzləşəcək. Əriksevərlər yaxşı dost, düşmənlər üçün isə barışmaz rəqibdir. Təbiətcə yaradıcı olan bu insanlar, adətən, şeir və hekayələr yazır. Beləsiniz?

– “Şirindil” hissəsindən başqa qalan şeylər uyğun gəlir.

– Nəhayət, ad gününüz işğaldan azad edildi. İşğal illərindəki Gülyaz xanımla Qələbədən sonrakı Gülyaz xanım eyni insandırmı?

– Əvvəla, “Nəhayət, ad gününüz işğaldan azad edildi”.  Bu ifadə  bir əhvalatı yadıma saldı. İlk dəfə bacım məni bu ifadə ilə təbrik edib və mən bunu “skrin” edib feysbukda paylaşmışdım… Çox şey dəyişib…Dəyişməyən tək şey zahirən olmasa da, daxilən necə varamsa, elə qalmağımdır.

– Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin icraçı direktorusunuz. Nəyə nail olmusunuz?

– Nəyə nail olmuşuq? İctimai fikri ana dilinə yönəltmişik. Bir sıra hallarda “Dövlət dili haqqında” qanuna əməl edilməməsi ilə bağlı müvafiq qurumlara müraciət etmişik, qloballaşma şəraitində ədəbi dilimizin yad təsirlərdən qorunması üçün bəzi qərarların qəbul olunmasında bizim fəaliyyətimiz danılmazdır. Xarici ölkələrdə yaşayan soydaşlarımızla əlaqələr qurmuşuq, onları Azərbaycan diliniın tədrisi üçün kurslar açmağa təşviq edirik…

– “Cərimə xəzinəsi”nə neçə qəpik yığa bilmisiniz?

– “Cərimə xəzinəsi”ni – bankanı hələ açmamışıq (bu arada “bank” sözünün etimologiyasın araşdırsaq, bəlkə də, kökü gedib “banka”ya çıxar). Dərs ilinin sonunda açacağıq. Xeyli sərvətimiz var. O zaman məbləği deyərəm.

– Əcnəbi dilləri Bakı küçələrindən didərgin salmaq istəyirsiniz. Bu, Azərbaycan xalqının qonaqpərvərliyi haqda təsəvvürləri alt-üst etməyəcək?

– Azərbaycan xalqına bircə bu sahədə qonaqpərvər olmamağı arzu edirəm.

 – Azərbaycan dili təkcə FADMM üzvlərinindir?

– Deyəsən, hə. Əlbəttə bu, bir zarafatdır. Dilimizi qorumağa çalışan çoxlu dostlarımız var.

– Kömək edən çoxdur, yoxsa ağıl öyrədən?

– Ağıl öyrədən. Bernard Şounun sözüdür gərək ki: “İş görə bilən iş görür. İş görə bilməyən (ağıl) öyrədir.”

– Arzu olunan, amma vermədiyim sual varmı? Varsa, hansıdır?

– Elə var.  1.Hədiyyə almağı xoşlayırsınız? 2.Sizə nə hədiyyə edim? (gülür). Bunu gözləyirdim. Di yeri…

 

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova