- Mədəniyyət

Tbilisidə “Şuşa ili”nə həsr edilən “Cənnətim Qarabağ” konsert proqramı keçirilir

Gürcüstanın paytaxtı Tbilisidə Vaxtanq Saralidze adına Musiqi Zalında “Cənnətim Qarabağ” adlı musiqi proqramı keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyi, Mədəniyyət Nazirliyi və Tbilisidəki Mirzə Fətəli Axundzadə adına Mədəniyyət Muzeyinin birgə təşkil etdiyi musiqili gecə “Şuşa ili”nə həsr olunub.

Proqramda Azərbaycan Milli Konservatoriyasının (AMK) tərkibindəki Respublika İncəsənət Gimnaziyasının şagirdləri, məzunları, əməkdar artist Firuzə İbadova müxtəlif musiqi nömrələri ilə çıxış edəcəklər.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Türkiyənin Gürcüstandakı səfirinin müavini Onur Sevim, Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin sədi Nəriman Qurbanov, diplomatik korpusun nümayəndələri, Qarabağ müharibəsində şəhid olanların, Xocalı qurbanlarının yaxınları, SOCAR şirkətinin əməkdaşları, azərbaycanlı icmanın üzvləri, gənclər, ziyalılar, Gürcüstanın mədəniyyət və ictimai xadimləri iştirak edirlər.
Öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən F.Quliyev bildirib ki, bugünkü konsert “Şuşa ili” çərçivəsində Gürcüstanda təşkil olunan ilk tədbirdir.