- Köşə, Manşet

Sviss avenyüdə “Novruz bayramı”

ABŞ-dakı ailələr və yerli icmalarla Azərbaycandakı icmalar arasında mədəni əlaqələrin yaradılması, mədəni dəyərlərin mübadiləsi vasitəsi ilə ictimai diplomatiyanın yaradılmasından ibarət səfər proqramımız çərçivəsində Asiya İncəsənt Muzeyi, Fort Vort şəhərindəki rəsm qalereyası ilə tanışlıqla yanaşı Amerikada, xüsusən Dallasda çox sevilən bayramlardan olan Həluveyndə da iştirak edə bildik. Bu bayram ABŞ-da Miladdan sonra ən kütləvi bayramdır. Hesablamalara görə, amerikalılar hər il Həluveyndə 2,5 milyard dollar pul xərcləyirlər.

Ən qədim bayramlardan biri

Yazılanlara görə, Həluveyn dünyanın ən qədim bayramlarından biridir. Onun kökü çox qədimlərə gedib çıxır və sonradan bir sıra inanclarla qovuşaraq yeni əlamət və keyfiyyətlər qazanıb. Çox qədim zamanlarda indiki Böyük Britaniya və Şimali Fransa ərazisində kelt tayfaları yaşayıb. Onlar bütpərəst imişlər və Günəş “«allah»”ına tapınırlarmış. Keltlər ili iki yerə bölürlərmiş: işıqlı və məhsullu hissə,  qaranlıq və qeyri-məhsuldar dönəm. Hesab edirmişlər ki, qış mövsümündə Günəş “«allah»ı” Samxeynin – yeraltı dünyanın və qaranlıqlar “«allah»”ının əsiri olur. Onlar bu dönəmi – qışın başlanğıcını yeni il adlandırırdılar. Novruzdan fərqli olaraq, ölümlə başlayan yeni il şər olaraq qavranmırdı. Keltlər inanırdılar ki, ağacların qışda köhnə yarpaqlarını tökməsi təbiidir. Yazda yenidən yarpaq açılması üçün bu, labüddür. Qış da elə yeni ilə olan bi qapıdır. Yəni qaranlıqdan yeni ilə yol var. Əfsanəyə görə, oktyabrın 31-dən noyanrın 1-ə keçən gecə Samxeyn (qaranlıq dünya və qışın rəmzi) keçmişə və gələcəyə qapı açır. Ona görə həmin gecə müxtəlif aləmlərə daxil olmaq imkanı yaranır. Bu keçidi isə zaman toru ilə etmək olar. (İndinin özündə Həluveyn dünyəvi bayrama çevrilsə də, tor bayramın rəmzlərindən biridir, o, mağazalarda satılır və bayrama bir ay qalmış evlərin bayır hissəsində tor qurulduğunu görmək olar). Keltlərin qədim inancına görə, başqa aləmlərə qapı açılasa da, bir çətinlik də var: bu qapılar yaxşıca qorunur. Qoruyanlar isə ifritə və iblislərdir. Ona görə həmin gecə müxtəlif libaslara girmək və qarışıqlıqda itib-batmaq lazım gəlir. Bundan başqa, onlar düşünürdülər ki, həmin gecə cəhənnəmin qapısı da açılır və oradakılar da bu dünyaya gələ bilir. Ölən digər adamların ruhu da öz ocağına, törəmələrinin yaşadığı evə gələ bilər. Şər ruhlar da eləcə. Onlar daha çox heyvan və ya qara pişik cildində olur. Sonralar romalılar bu torpaqları işğal edəndə bu bayram onların Pomona günü ilə çulğalaşıb.

Həluveynin ikinci dəyişməsi doqquzuncu əsrdə olub. İngiltərə xristianlaşanda papa III Qriqori bu populyar bayramın xalq arasında nüfuzunu nəzərə alıb və iki dəfə yeni il bayramı olmasın deyə xristiamlıqdakı Müqəddəslər gününü may ayının 13-dən noyabrın 1-ə keçirib. Bundan sonra yeni il xristian qaydası ilə keçirilib, Həluveyn isə müqəddəs ruhların anımı günü olaraq qeyd olunub. 9-cu əsrdən bu bayramın mistik hissəsi arxaya atılıb və o, əsasən, dünyəvi bir bayram kimi qeyd olunmağa başlayıb. “Həlu veyn” müqəddəslər axşamı mənası verir. Əskidən qalma anlamda bu bayramdakı yarasa, pişik, hörümçək, vampirlər, skeletlər, qarabasmalar – hamısı pis ruhları təmsil edir. İçində şam yandırılan balqabaq isə bəzi araşdırıcılara görə, əzilmiş günahkar ruhların rəmzidir.

Həluveyn bayramı da bir sıra məqamlara görə Novruz kimidir. Onu bütün il boyu gözləyirlər. Bir ay qalmış isə artıq bayram havası hər yeri əhatə edir. Evlər bayram libasına bürünür, binaların bayırında, mağazalarda, idarələrdə, kilsələrdə Həluveyn bayramının nəfəsi duyulur. Getdiyimiz Dallas birinci Unitar kilsəsində, Prosviterian kilsəsində, müxtəlif idarələrdə balqabaq, narıncı rəng və müxtəlif Həluveyn atributları ilə rastlaşırdıq.

İndiki Həluveyn şən bayramdır. Qorxutma hissəsi də bu bayrama bir gözəllik gətirir. Son illər bu bayram daha da populyarlaşıb. Bir çox amerikalılar toylarını da bu bayrama salırlar. Bundan başqa, hər il Baltimorda balqabaq atmaq üzrə yarış keçirilir. Tələbə-fiziklər müxtəlif ixtiralarını nümayiş etdirirlər: necə etmək olar ki, balqabağı onuncu mərtəbədən atasan, amma o dağılmaya. Həluveyn xeyriyyəçilik üçün də fürsətdir. Adamlar həmin bayramda konfet almaq imkanı olmayanlar üçün “karamel bankları”na konfet alıb verirlər, əlil uşaqlar üçün xüsusi kostyumlar hazırlayıb paylayırlar. Kasıblara yardımlar edilir.

Odla bağlılıq

Həluveyndə odla bağlı bir sıra məqamlar da diqqəti cəlb edir. Kelt tarixinin tədqiqatçıları yazırlar ki, Samxeyn günündə keltlər evlərində odu söndürür, sonra onu yenidən druidlərin ocağından gətirilmiş odla yandırırmışlar. Druidlər kahin olmaqla yanaşı, həm də şair, alim və ruhani rəhbər idilər. Bir başqa mənbədə isə druidlərin mistik ordeninin olduğunu və onların kelt xalqının həyatının bütün aspektlərini nəzarətə götürüklərini yazırlar…

Ümumiyyətlə, dünya xalqları arasında yeni il bayramının bir sıra bənzər nöqtələri var. Bir vaxtlar antik Yunanıstanda Novruza bənzər yeni il keçirilməsi ilə bağlı faktlarla rastlaşmışdıq. Belə ki, yunanlar da astronomik yeni ilin başlanğıcında Novruzda olduğu kimi, köhnə ilin rəmzi olan uyuğu ya odda yandırar, ya da suda batırarmışlar (bizdəki kosa kimi, onlarda keçən ilin rəmzi özü yıxılıb ölmür, onu “öldürürlər”). Həluveyndə də Novruz bayramına bənzər cəhətlər var. Belə ki, bizdə olduğu kimi, Həluveyndə də qızlar bəxtlərini yoxlamaq üçün fala baxırlar. Burada da odun öz yeri var. Azərbaycanda Novruz bayramı zamanı iynəlik adlanan mərasimdə iki iynənin ortasına pambıq keçirib bir oğlan və bir qızı nəzərdə tutaraq suya atır, sonra suyu qarışdırırlar. İynələr qovuşsa, sevənlərin qovuşacağı düşünülür. Həluveyndə sevgililərin qovuşub-qovuşmayacağı haqda “qərarı” su yox, od verir. Belə ki, gənc qızlar iki şabalıdı oda atırlar. Əgər onlar yanaşı düşüb yanarsa, demək, sevgililər qoşa yaşayacaqlar, aralı düşərlərsə, bu, ayrılıq kimi yozulur. İndinin özündə Həluveyn həm də od bayramıdır. Adamlar bu bayramda benqal şamları yandırır, atəşfəşanlıq olur. Bundan başqa, hərə bir balqabaq götürüb orada göz, burun, ağız düzəldəndən sonra onun içini oyur və şam yandırırlar. Balqabaq məhsul rəmzi olmaqla yanaşı, həm də kütlük rəmzidir. Biz onun içində yandırılan şamı şərin başlardan qovulması, işığa, düşünməyə nura dəvət kimi yozmaq istərdik.

“Ya qov, ya qəbul et”

Sonralar bu bayram mistik anlamını itirərək kasıblar günü olub. Artıq maskaları da pis ruhları qovmaqdan daha çox tanınmamaq üçün geyməyə başlayıblar. Həluveyn axşamı kasıblar maska geyinərək gedib dövlətlilərin qapısını döyür, yemək, yardım istəyirmişlər. Bu zaman “ya qov, ya qəbul et” deyərmişlər. İndi Həluveyn kasıblar üçün yox, hamı üçündür. Biz bu bayramı Dallasın mərkəzinə yaxın yerləşən Sviss avenyüdə qeyd etdik. Bu küçədə ilk dəfə İsveçrdən gələn mühacirlər məskunlaşdığından bura belə adlanır. Dallasda evində qaldığımız qonaqpərvər və mehriban Smitlər ailəsi yaşadıqları evi bir ay əvvəldən bayramsayağı bəzəmişdilər. Evin qabağına skeletlər, uyuqlar, tüstülənən qurğu, içəridən qorxu yaradan daha nələr, nələr. Sviss avenyüdə Həluveyn, həqiqətən, qeyri-adidir. Bezə dedilər ki, Texasda bu bayram ən çox Dallasda, Dallasda isə Sviss küçəsində möhtəşəm keçirilir. Şəhərin hər yerindən camaat Sviss küçəsinə axışır. Azərbaycandan gedən nümayəndə heyətini öz evində qonaq edən cənab Darvin Smit bizə bunları danışır: “Biz bu küçədə Həluveynə görə yaşayırıq. 18 ildir mənim həyat yoldaşın ifritə paltarında əlində dəryaz bu qapının ağzında oturur. Dəryazın üstünə yazılıb: “Xoş gəlmisiniz”. Həluveyndə “papaq atmağa” gələnlərin sayı barədə xanım Mayra Smit izə bunları danışırdı: “Buraya köçəndə evin keçmiş sahibi mənə dedi: “Qarşıdan Həluveyn gəlir. Burada bayram günü çoxlu qonağınız olacaq. İşinizi möhkəm tutun”. Biz bayram üçün çoxlu şirniyyat aldıq. Amma gələnlərin bu qədər olacağını gözləmirdik. Hesabımıza görə, min iki yüz nəfəri yola saldıq. Bundan sonra mən işıqları söndürüb ikinci mərtəbəyə çıxdım (bayram günü veriləcək sovqatı qalmayan adam belə edir). Qaranlıq otaqda pəncərədən bayıra baxır, insan selini seyr edirdim. Mən ev sahibinin dediklərini nəzərə almışdım, amma bu qədər çox olacağını gözləmirdim”.

Bu bayram da çox əzəmətli keçdi. Çikaqodan Smitlər ailəsinin əziz qonağı, Çikaqo Universitetinin professoru, ABŞ televiziyasının ən böyük mükafatı olan “Emi” mükafatı laureatı xanım Tendeyka məhz bu bayramı keçirmək üçün gəlmişdi. O, əyninə qədim Misir çariçalarının libasını geyinmişdi. Cənab Smit beş nəfər koreyalı tələbəsini köməyə gətirdi. O özü 25 il “Bank of Amerika”da çalışıb, vitse-prezident vəzifəsinə kimi yüksəlib. Amma hamı kimi Həluveyn paltarı geyinmişdi. Biz də xüsusi olaraq bu bayram üçün aldınmış ninza paltarı geyindik. Yeddi nəfər üç saata yaxın konfet payladıq. Sviss avenyu küçəsinə on minlərlə adam gəlmişdi. Bələkdəki körpədən tutmuş ahıllara qədər hər yaşda adam vardı. Kasıb, varlı, ağ, qara… Adamlar bahalı “Şevrolet”lərdən düşüb bayram təbriki söyləyir, “Ya qov, ya qəbul et” deyib torbalarını uzadırdılar. Biz onların haradasa 6-8 mininə sovqat verə bildik.

Sviss avenyuda daha bir bayram gecəsi sona çatdı. Smitlər ailəsi bu bayramı da könül xoşluğu ilə keçirdi. Bizim – okeanın bu tayından olan qonaqların iştirakı bu bayramı daha da sevimli etmişdi. Belə gözəl insanlarla təmasda olduğumuza və Azərbaycandan on min kilometrlərlə uzaqda xatirimizdən heç vaxt silinməyəcək bir bayram – növədənkənar Novruz keçirdiyimizə görə biz də duyğulanmışdıq.

Vasif SADIQLI, Dallas şəhərinin fəxri vətəndaşı

Bakı-Dallas-Bakı