- Dil, Manşet

Vasif SADIQLI. Suyu sovrulmuş dəyirman, yoxsa suyu sovulmuş/soğulmuş dəyirman?

Dəyirmanın suyu sovrulur, yoxsa sovulur/soğulur? “Bunu nənəm də bilir” deməyə tələsməyin. Bayaq bir kitabı vərəqləyirdim. Birinci varianta orada rast gəldim və təəccübləndim. Sonra baxdım ki, istər bədii ədəbiyyatda, istərsə də mətbuatda bu yanlış variant geniş yayılıb:

“İşləmir dəyirman, suyu sovrulub,
Dişəkdən düşübdü, daşı ovulub.
Çax-çaxı, pəri muzeyə qoyulub,
Ta yoxdu nobatı bil, Məmməd Araz” (http://www.anl.az/down/meqale/xalqqazeti/2011/sentyabr/197978.htm);
“Suyu sovrulmuş dəyirman”(yazı başlığı, https://www.adalet.az/az/writers/detail/suyu-sovrulmush-deyirman-76453);

“Ürəyində öz-özünə dedi ki, suyu sovrulmuş dəyirmana oxşayır” (Seyran Səxavət, “Daş evlər”).
“Bir az aralıda tarixi Şuşa bazarı var. Vaxtilə ətraf kəndlərin, rayonların camaatının da ən çox üz tutduğu alış-veriş məkanı olan ikimərtəbəli bu bazar indi suyu sovrulmuş dəyirman kimi bomboşdur” (“525.az”).

Doğrudanmı, dəyirmanın suyu sovrulur? Gəlin izahlı lüğətdə “sovurmaq” sözünün (məchul növdə “sovrulmaq”) mənalarına baxaq:

SOVURMAQ 1. Havaya atmaq, sovurucu maşın vasitəsilə dəni samandan, zibildən təmizləmək. “Bir azdan Dəmirov şana ilə taxılı sovurmağa başladı” (S.Rəhimov);  “Döyülən taxılı sovururdular” (Ə.Əbülhəsən).
2.Havaya qaldırmaq, səpələmək, dağıtmaq.

“Hərdən külək qalxır, yerdən qarı qapıya sovurur; Gəlib-gedən insanların üz-gözünü qovurur” (A.Səhhət);

“Biz şəhərə girdiyimiz zaman şiddətli xəzri əsir, küçələrin tozunu havaya sovurur, göydən başımıza torpaq yağırdı” (A.Şaiq).

“Sovurmaq” məcazi mənada yağdırmaq, demək, israfçılıq etmək və s.  mənasında işlənir: “Bir gün böyük bir izdihamın səni söyərək, lənətlər sovuraraq, səni daşladığını gördüm” (C.Cabbarlı); “Evi [vaxtında] boşaltmadığı üçün biçarəni alçaqcasına təhqir etmiş, ağzına gələni sovurmuş” (H.Cavid).

Göründüyü kimi, “sovurmaq” sözünün qurumaq, “sovrulmağ”ın isə qurudulmaq mənası yoxdur. Halbuki deyilən müəlliflər suyu sovrulmuş dəyirman”ı məhz quruyan dəyirman mənasında işlədir.

“Sovulmaq” sözü isə nədənsə izahlı lüğətdə olmasa da, azərbaycanca-rusca lüğətdə var və qurumaq mənasındadır: SOVULMAQ глаг. идти к концу, кончаться сезону (о фруктах и овощах). Qarpız sovulur кончается сезон арбуза (в огороде)

Həmin söz dastanlarımızda da gücünü itirmək, qurtarmaq mənasında işlənilib. (“Kitabi-Dədə Qorqud” leksikası).

Eyni mənada – qurumaq mənasında “soğulmaq” sözünün də işlədildiyi məlumdur: SOĞULMAQ 1. kəsilmək. – Də:rmanın suyu soğuldu (Basarkeçər)
2. qurumaq (suya aiddir). – Mən səni bir el bilerəm, soğulmamış göl bilerəm (Borçalı) (“Azərbaycan dilinin dialektoloji lüğəti”).

“Soğulmaq” bədii ədəbiyyatda da qurumaq mənasında işlənib: “Tələbəsiz məktəb suyu soğulmuş dəyirman kimi yaman qüssəli  olur, deyilmi, Aleksey Osipoviç?” (İ.Şıxlı, “Dəli Kür”); “Suyu soğulmuş dəyirmana dönürdük. Hamı ümidsiz, pərişan, nigaran” (T.Bünyadov, “Göz yaşları”).

Nəhayət, sonuncunun etimologiyası barədə: “Soğ feili “qurumaq” deməkdir. Soğ sifət kimi də işlədilir (soğ pendiri…), meyvə soyulur, heyvan soğulur, çiçək soluxur və s. Bütün hallarda soğ (sol) qurumaqla bağlıdır (Bəşir Əhmədov. Etimologiya lüğəti).

Xeyirli şənbələr…