- Ədəbiyyat

Əhmədağa Əhmədovun yubileyinə ən  gözəl töhfə 

21 sentyabr 2022-ci il tarixində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Dövlətşah Səmərqəndinin “Təzkirətüş-şüəra” kitabının təqdimatı və müzakirəsi keçirilib. Təqdimatda Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirliyinin əməkdaşları, Milli Məclisin komitə sədri Eldar İbrahimov, “Təzkirətüs-şüəra”nın uzun illər üzərində çalışıb, çapa hazırlayan, lakin müxtəlif səbəblərdən çap etdirə bilməyən Əhmədağa Əhmədovun bacıları və digər ziyalılar iştirak ediblər.  Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açıb.

O bildirib ki, təzkirirəşünaslıq özü elmdə mühüm bir sahədir. Təzkirələr təkcə Azərbaycan elminin, ədəbiyyatının öyrənilməsi üçün yox, həmçinin bütün türk dünyası, Yaxın Şərq ədəbiyyatının öyrənilməsində də mühüm əhəmiyyət kəsb edir. O, türk dünyasında təzkirəşünaslığın zirvəsini fəth etmiş Dövlətşah Səmərqəndinin Azərbaycanda çap olunan “Təzkirətüş-şüəra” kitabını böyük ictimaiyyətə təqdim etməkdən məmnun olduğunu deyərək  qeyd edib: “Dövlətşah Səmərqəndinin kitabının Bakıda çap olunması, akademiyada onun təqdimatının keçirilməsi də ölkələrimizdə gedən indiki proseslərin daha da dərinləşməsinə özünün böyük töhfəsini verir. Hesab edirəm ki, bugünki tədbir Azərbaycan – Özbəkistan əlaqələrinin müstəqillik dövründə daha da inkişaf etdirilməsi istiqamətində möhkəm körpülərdən biridir.

Bu təzkirə Özbəkistandan Anadoluya qədər böyük bir coğrafiyada türk dünyasının və ümumiyyətlə, şərqşünaslığın ədəbi-tarixi mənbəyidir. Təzkirə klassik poemaların başlanğıcının prinsiplərinə uyğun olaraq yazılıb.Təzkirə elmi əsərdir, burada isə dibaçə, padşahın, peyğəmbərin, müəllifin tərifi də var. Sonda xatimə də verilib. Əslində bu təzkirənin sədlərini aşan mükəmməl bir ədəbiyyat ensiklopediyasıdır. Dövlətşah Səmərqəndinin Nizami Gəncəvi haqqında yazdıqlarını xüsusi qiymətləndirirəm. İndiki tədqiqatlarda bu təzkirəyə istinad olunur və artıq daha rahatlıqla istinad olunacaq. Hazırladığımız “Nizami Gəncəvi ensiklopediyası” üçün ən mötəbər mənbələrdən biri olacaq”.

İ.Həbibbəyli əsəri nəşrə hazırlayanların: təzkirəni tərcümə edib, çapa hazırlayan mərhum Əhmədağa Əhmədovun, bu əsərə yeni həyat gətirən Lalə Sultanovanın, kitabın elmi redaktoru Tərlan Quliyevin  zəhmətini də xüsusi qeyd edib.

Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müşaviri Bəhramcan Qayıbov çıxış edərək Azərbaycan – Özbəkistan əlaqələrinin son dövrlər yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli çıxışında  təzkirəçiliyin türk təfəkkürünün məhsulu olduğunu qeyd edib. O bunu  qədim dünyada təzkirələrin olmaması ilə əsaslandırıb. Təzkirəçilik ənənəsi İlk dəfə XIII əsrdə türk alimin təzkirəsi ilə başlayıb ki, Dövlətşah Səmərqəndi də bir türk alimidir.  Təqdimatda kitabın elmi redaktoru filologiya elmləri doktoru, professorTərlan Quliyev və filologiya elmləri doktoru, professor  İmamverdi Həmidov nəşr barəsində fikirlərini bölüşüblər.

Özbəkistanlı alimlər, filologiya elmləri doktorları, professorlar Diloram Salahi və Nurbay Cabbarovun mövzu ilə bağlı onlayn məruzələri tədbirə xüsusi rəng qatıb.  Sonda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi, Əhmədağa Əhmədovun ailə üzvü, əsəri çapa hazırlayan, ön söz və bəzi qeydlərin müəllifi Lalə Sultanova çıxış edərək kitab haqqında geniş məlumat verib. O bildirib: “XV əsrin görkəmli ədəbiyyatşünaslarından biri Dövlətşah Səmərqəndinin  “Təzkirətüş-şüəra” kitabı VII-XV əsrlərdə yaşamış ən məşhur şairlərin həyat və yaradıcılığına həsr edilmişdir. Təzkirədə həmin şairlərin yaşadığı siyasi dövr, tarixi hadisələr, müasirləri və digər tarixi şəxsiyyətlər haqqında geniş məlumatlar verilmişdir.

Əhmədağa Əhmədovun şəxsi arxivindən əldə etdiyimiz bu tərcüməni lazımi araşdırmalar aparmaqla yenidən redaktə edib nəşrə hazırlamaqda iki məqsədimiz vardır. Əvvəlincisi budur ki, belə dəyərli kitabın Azərbaycan elm mühitinin istifadəsinə verilməsi, elmi mühitin oradakı məlumatlardan məqsədəuyğun yararlanmasıdır.

Kitab bir çox xalqlar tərəfindən tərcümə edildiyi halda, ana dilimizə 35 ildən artıq bir müddət ərzində tərcümə edilməsinə baxmayaraq bu vaxta qədər işıq üzü görməmişdir. Halbuki, bu kitabda Azərbaycan əsilli şairlərdən və tarixi şəxsiyyətlərdən, həmçinin Azərbaycan tarixinə aid bəzi tarixi məqamlardan da bəhs edildiyinə görə onun nəşr olunaraq oxuculara təqdim edilməsi vacibdir. Çünki bu mənbədən istifadə etməklə ədəbiyyat və tarix elmləri sahəsinə aid bir çox dəyərli məlumata rast gəlmək olar. İkinci məqsədimiz isə mərhum alimin zəhmətinin hədər getməməsini istəyimizdir. Həqiqətən də, bu həcmdə və elmi miqyasda əsəri tərcümə etmək, həmçinin ona qeyd və şərhlər yazmaq olduqca böyük zəhmət, peşəkarlıq və işinə sevgi tələb edir. Ümid edirik ki, bu tərcüməni nəşr etməklə böyük alimimizin ruhunu şad edir, bu kitabı ana dilimizdə görmək istəyən oxucuları da sevindiririk. Həmçinin qeyd etmək istərdik ki, kitab Əhmədağa müəllimin yüz illiyinə həsr edilmişdir”.

Gülyaz ƏLİYEVA