- Cəmiyyət

Avropa günəş tutulmasından təxminən 10 QVt elektrik enerjisi itirə bilər

Avqustun 12-də baş verəcək Günəş tutulması Avropanın böyük hissəsində günəş enerjisi istehsalının müvəqqəti azalmasına səbəb olacaq.

APA-Economics” Avropanın Elektrik Ötürücü Sistemləri Operatorları Şəbəkəsinə (ENTSO-E) istinadən xəbər verir ki, Ayın Günəşin qarşısından keçməsi nəticəsində Günəş tutulması zamanı fotovoltaik (PV) elektrik enerjisi istehsalında əhəmiyyətli azalma gözlənilir.

ENTSO-E-nin məlumatına görə, hava şəraiti açıq olduğu halda Avropada PV elektrik enerjisi istehsalı 9,7 QVt-a qədər azala bilər. Bu, elektrik enerjisi istehsalında sürətli, lakin əvvəlcədən proqnozlaşdırıla bilən dəyişiklik yaradacaq.

Bildirilir ki, dəyişiklik Mərkəzi Avropa yay vaxtı ilə saat 19:15-dən 21:30-dək, yəni Bakı vaxtı ilə saat 21:15-dən 23:30-dək müşahidə ediləcək.

ENTSO-E qeyd edir ki, Avropanın elektrik enerjisi sisteminin təhlükəsiz və sabit fəaliyyətini təmin etmək üçün ötürücü sistem operatorları qabaqlayıcı tədbirlər həyata keçirib.

Belə ki, elektrik enerjisi sistemlərinin idarəetmə mərkəzlərində çalışan operatorlar əvvəlcədən məlumatlandırılıb, bazar iştirakçılarına günəş enerjisi istehsalında gözlənilən azalma barədə məlumat verilib. Günəş enerjisi istehsalının azalmasının ən böyük təsirinin İspaniya və Almaniyada olacağı gözlənilir.

Qeyd edək ki, 12 avqust 2026-cı ildə baş verəcək Günəş tutulması Azərbaycanda müşahidə olunmayacaq.

Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, tutulma Bakı vaxtı ilə saat 19:34-də başlayacaq və 23:57-də başa çatacaq. Tutulmanın maksimum fazası isə saat 21:46-da baş verəcək.