Sima CƏFƏROVA
Söz– heç vaxt sənə yük olmayan, ağırlıq gətirməyən, lakin daim sənin tabeçiliyində olan bir silahdır. Bəzən bu silaha sarilaraq həyatını xilas edirsən. Bəzən bu silaha sarılaraq atom dünyasının ən ağır xətalarından bəşəriyyəti qurtara bilirsən.
Bəzən söz səni ali mərtəbələrə çəkib aparır, bəzən də göylərdən yerə çirpa bilir.Söz körpələrin qəlbini oxşayan, ahıllara təsəlli olan elə bir anlamdır ki, bitkilər, quşlar, heyvanlar belə sənin dilində ondan xoşlana bilir, zövq alir, hətta sənə mehrləşir,səni sevir.
Güllə qarşısına keçə bilən qeyrətlilərimiz SÖZ qarşısına keçə bilməmişlər, keçməmişlər. SÖZ kişilərin qeyrətini, bütövlüyünü, kamilliyini müəyyənləşdirən amildir. Zaman-zaman heç bir KİŞİyə tənə etməmişlər ki,tüfəngini atıb getdi.Amma SÖZünü çeynəyənlərin hörmətsiz olduğu, sayılmadığı danılmazdır.
Sözlər milli dilimizin köküdür, dil sözdən pöhrələnır.Sözun saflığı dilin saflığıdır.Yetər ki,biz bu saflığı qoruya bilək.Bunun üçün hər cür imkanlarımız var: radio,televiziya kanalları, saysız qəzet və jurnallar, ən əsası isə təhsilli mütəxəssislər, aidiyyatı qurumlar. Amma bir jurnalistin nitqindəki uyğunsuzluğa diqqət edəndə və aidiyyatı qurumların susqunluğunu ğördükdə adam təəccüblənməyə bilmir.
Nitq aydın,səlis, saf olanda dinləyənin zövqünü oxşayır,zövqsüzə züvq aşılayır, tərbiyəvi mövqedə dayanır. Əksinə olanda isə cəmiyyətin zövqünü,danışıq məsuliyyətini, yazı texnikasına münasıbətini korlayır. Bu səbəbdən yerli telekanallarla ünsiyyət saxlamırdım. “EVDƏQAL” çağırışı həyatımın bu qaydasını pozdu. Vəziyyətlə əlaqədar yerli kanallara müraciət etməli oldum.
….Və şahidi olduğum bayağılığın, ədəbi dil normalarının pozuimasının adi hal alması məni bu yazını yazmağa vadar etdi. Atv kanalını açdım ….
Atv kanalında Zaur Baxşəliyevin leksikasından:
*bir an öncə – yəni bir az bundan əvvəl (Türkiyə türkcəsində ən yaxın gələcəkdə )
*ertələmək – tezləşdirmək, (Türkiyə türkcəsində gecikdirmək)
*bir şeylər – dilimizdə sayla işlənən isimlər cəm şəkilçisi qəbul etmir,
*ayaqda durdu – ayaq tərəfdə,(Türkiyə türkcəsində dəyanət göstərdi)
*mutlu – xoşbəxt,
*həpüvöz ey tuyuu – ad günün mübarək,
*bu konu -bu söhbət, bu məsələ
*bu üzdən – buna görə,
nə yazıqlar – heyf, təəssüf
*aynən – eynilə,
*uğraşdım – çalışdım
Baxşəliyev hamısını Türkiyə türkcəsində ifadə olunan mənada işlədir. (Məs.:Banklar kreditləri bir ay ertələdilər.?????)
Bu bir aparıcı-jurnalistin iki verilişində seçdiyim sözlərdir. Bu dilə yeni sözlər gətirmək deyil, dili, sözün əsil mənasında, zibilləməkdir. Hər bir dilin özünə məxsus qanunauyğunluğu, fikri ifadə etmək üçün ümumişlək kəlmələri varsa, başqa dillərdən söz gətirmək, işlətmək nəyə lazımdır? Bununla biz dilimizi, bərabər olaraq da milliliyimizi, millətimizi YOXa doğru sürükləmirikmi?
REAL/tv-yə keçdim. Operativ məlumat aparıcısı sevinə-sevinə deyirdi:”Dördüncü mikrorayon dairəsində avtomobil qəzası baş verdi.Qəza zamanı bir nəfər xəstəxanalıq
oldu.” (17.03.2020, saat 10:00)
Arsen adlı bir erməninin adının altında yazırlar(erməni əsiri), bilmirsən bu “erməni əsir” dir yoxsa erməninin əsiridir. (Arb/tv,31.03.2020)
“Xəzər səhər”də verilişarası reklam:Yeni Nəsil Şirniyyatlar – nəsl artırmaq əşyalara da aiddir məgər??? , Bütün sözlərin böyük hərflə başlaması da bir tərəfdən….
Yenə Atv kanalda: 103 və ya 15-42 qaynar xətTlərə zəng vurun. Bəs bu “samitlə başlanan şəkilçi qəbul edəndə sonu qoşa samitli təkhecalı sözlərdə samitin biri düşür” qaydası necə oldu?
Biz bir çox şeyləri xırdaçılıq adlandıra bilərik. Amma dilimizin saflığını qorumaq, xirdalardan böyük səhvlərin yaranıb dilimizi bərbad vəziyyətə düşməsindən qaçmaq yolunu tutmalıyıq. Qibtəediləcək qədər saf ədəbi dilimizi nəinki korlamayaq, həffa onun əvvəlki saflığını özünə qaytaraq. Biz məhz buradan başlasaq, dilimiz öz milliliyini qoruyacaq qədər güclü olar, yaxasını ləhcələşməkdən qurtarar, regionların yox, AZƏRBAYCANIN DİLİ olar.