- Köşə

Pərvanə O-NURLU. Bu çətini, çətin də olsa, Həsən bəy Zərdabi asan etdi

22 iyul. Bu günün sanbalı, bu günün mahiyyəti, çəkisi.
22 iyul deyəndə O yada düşür, mətbuat deyəndə, Milli Mətbuat Günü deyəndə, maariflənmək, maarifləndirmək deyəndə və nəhayət, “Əkinçi” deyəndə o böyük insan, o böyük kişi  –  Zərdabi yada düşür.

Mətbuat anlayışının başqa ölkələr üçün artıq mövcud olduğu bu dövrdə bir Azərbaycan vətəndaşı, maarifpərvər kimi Həsən bəy bizim ölkəmizdə bu anlayışın mövcud olmamasına səssiz qala bilməzdi, bilmədi. Əslində bəzi məsələlər, ictimai-siyasi həyatda baş verən hadisələr milli mətbuatın yaranmasına təkan verirdi. Lakin bu yol o qədər də asan deyildi. “Hər çətin asan olur, amma çətin asan olur”. Bu çətini, çətin də olsa, Həsən bəy Zərdabi asan etdi və 1875-ci ilin 22 iyulunda Milli Mətbuatımızın əsasının qoyulmasına nail oldu, eyni zamanda,  kol-kos basmış yollarda yeniləri üçün bir cığır salmış oldu. Həsən bəy “Əkinçi” qəzetində bu barədə belə yazırdı: “Biz müsəlmanların cəmi dünyadan xəbərimiz yoxdur. Səbəbi budur ki, bizim dilimizdə qəzet yoxdur… Qəzet camaat üçündür, camaat qəzet üçün deyildir”. (P.S. Bu deyimi indiki saytlarla müqayisə etsək, görərik ki, bəzisində (ya da əksəriyyətində) əksinədir: sayt camaat üçün deyil, camaat sayt üçündür) ;

“Ey bizlərə diqqət edənlər, bu qəzetin kəsirini görəndə gülməyin. Gülmək yeri deyil, siz ağlayın ki, bizim müsəlmanın bircə qəzeti də basdırmağa adamı yoxdur”.

Bu gün haqda, “Əkinçi” barəsində – nəşri, fəaliyyəti, bağlanması haqqında çox yazılıb, çox deyilib. Qəzetin cəmi 56 nömrəsi işıq üzü görsə də,  bu işıq illərdir ki, sönmür,  bu yolu gedənlərin yolunu aydınladır, onların yoluna çıraq tutur.

“Əkinçi” qəzeti haqqında məlumatım olmadığı zamanlar, hələ uşaq ikən yadımdadır ki, atam bir neçə qəzetə abunə idi  və o qəzetlərin arasında “Əkinçi” də vardı. Bu qəzet Zərdabinin “Əkinçi”sinin davamçısı olan “Əkinçi” idi.  Zərdab rayonunun mətbu orqanına aid olan bu qəzet 1935-ci ildən təsis olunmuş, lakin 1983-cü ilə qədər müxtəlif adlar altında –  “Kolxozçu”, “Zərdab kolxozçusu”, “Pambıqçı” və b. adlarla buraxılmışdır. Nəhayət, 1983-cü ildə (1 fevral) Həsən bəy Zərdabinin irsinə və mətbuat tariximizə ehtiram əlaməti olaraq qəzetə rəsmən “Əkinçi” adı verilmişdir. Hazırda qəzetin nəşri davam edir. Ayda 4 dəfə olmaqla nəşr olunan bu davamçı “Əkinçi” qəzetinin redaktoru vəzifəsini  Bakı Dövlət Universitetinin məzunu olmuş və illərdir ki, Zərdab rayonunda mətbuat ənənələrinin yaşadılmasında mühüm rol oynayan  İsaməddin Əhmədov icra edir.

İsaməddin Əhmədov qəzetin  redaktorluğu ilə yanaşı, Zərdabi irsinə, şəxsiyyətinə, fəaliyyətinə ehtiramının göstəricisi olaraq, həm də Həsən bəy Zərdabinin 25 il ərzində qələmə aldığı məqalə və məktublarını  ana dilimizə tərcümə etmiş insandır. Həm İsaməddin Əhmədova, həm də “Əkinçi” qəzetinə uzun ömür arzulayıram.

Sonda bu günün yaradıcısı “Həsən bəy Zərdabiyə Allah rəhmət eləsin, ruhu şad olsun”  deyərək, o böyük insanın bir neçə fikrini diqqətinizə çatdırmaq istəyirəm:

“Ancaq elmli, savadlı ana öz övladının tərbiyəsi ilə layiqincə məşğul olar”.

“Bizim mətbuatımız və qəzetimiz elə bir dildə danışmalıdır ki, onu oxuyan hər bir kəs, hətta ən sadə əkinçi belə anlaya bilsin”.

“Uşaqlara elmi öz ana dillərində öyrətmək lazımdır. Öz dilində oxumayan uşaq elmin mahiyyətini qavraya bilməz, sadəcə kor-koranə əzbərləyər”.