- Mədəniyyət

“Füyuzat” jurnalının nəşr olunmasından 115 il ötür

XX əsrin əvvəllərində ictimai-siyasi fikrin təşkili və tənzimlənməsində, informasiya mühitinin formalaşmasında milli mətbuat nümunələri əhəmiyyətli rol oynayıb. Jurnalistikanın ictimai fikir tribunasına çevrilməsi də həmin tarixi mərhələnin məhsuludur. “Füyuzat” jurnalı və onun redaksiya heyətinin xidmətləri bu mənada diqqətəlayiqdir. Çünki onlar yalnız bir jurnal nümunəsi nəşr etməklə məhdudlaşmayıblar, füyuzatçılıq xətti-hərəkatını, “Füyuzat” jurnalistikası məktəbini yaratmaqla tarix səhifələrinə öz imzalarını həkk ediblər.

AZƏRTAC xəbər verir ki, bu gün milli mətbuat tariximizdə özünəməxsus yeri olan “Füyuzat” jurnalının nəşr olunmasından 115 il ötür.

Jurnal böyük Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadənin baş redaktorluğu və maarifpərvər, milyonçu-mesenat hacı Zeynalabdin Tağıyevin maddi vəsaiti hesabına 1906-cı ilin noyabrın 1-dən Bakıda nəşr olunmağa başlayıb. “Füyuzat” kəlməsi mənşəcə ərəb sözü olub, mənası həyat gerçəklərini duymaq, dərk etmək, onlardan həzz almaq, feyzyab olmaq deməkdir.

“Füyuzat” Ə.Hüseynzadənin “Həyat” qəzetinin sonuncu nömrəsində “Vidanamə” başlıqlı məqaləsində göstərdiyi kimi “qüdrətli, ədəbi qələm sahiblərinin cəm” olduğu nəşr kimi diqqəti çəkib. Ətrafında Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Abdulla Şaiq, Həsən Səbri Eyvazov kimi dövrün tanınmış ziyalılarını toplamış “Füyuzat”ın xalqımızın ictimai fikir tarixindəki önəmli rolu danılmazdır. Lakin “Füyuzat” jurnalının o vaxt yalnız 32 sayı işıq üzü görüb, mütərəqqi və milli fikirləri təbliğ etdiyindən çar hökuməti tərəfindən çapı dayandırılıb.

Tədqiqatçıların, ədəbiyyatşünasların bəziləri 1905-1910-cu illər arasında Azərbaycan ədəbiyyatı barəsindəki fikirlərini cəmləşdirərək bu dövrü “Əli bəy və “Füyuzat” dövrü adlandırırlar. Jurnalist yaradıcı heyətinə daxil olan Abdulla Şaiq “Füyuzat”ı “İslam aləmində görünməmiş ən möhtəşəm mətbuat orqanı” kimi dəyərləndirirdi. Mətbuat və ədəbiyyat tarixinin araşdırıcısı, AMEA-nın müxbir üzvü, professor Əziz Mirəhmədov XX əsrin əvvəllərində yaranan ictimai, siyasi və mədəni hərəkatı öyrənmək zərurətini lakonik şəkildə belə ifadə edir: “XX əsr ədəbiyyatını nəinki Molla Nəsrəddinsiz, habelə “Füyuzat”sız təsəvvür etmək çətindir”.

Füyuzatçılıq, ilk növbədə, çarizmə, əsarətə, istibdada qarşı çevrilmiş və türk xalqlarının mənəvi birliyinin təcəssümü olan Turançılıq ideologiyasının daşıyıcısıdır. Bu ideologiya utopik düşüncələrdən, fikirlərdən qaynaqlanmayıb, tarixin reallıqlarından, milli özünüdərk prosesindən doğurub. Bu ideologiyanın məqsədi milli istiqlal uğrunda mübarizə aparan türk xalqlarının milli şüurunu “türkləşmək, islamlaşmaq, avropalaşmaq” istiqamətində oyatmaq, inkişaf etdirməkdən ibarət idi. Füyuzatçılıq, həmçinin ədəbiyyatda romantizmin, ortaq türk dilinin, ümumi ədəbi dil siyasətinin, islamçılığın, milli məsələlərdə türkçülük ideologiyasının təbliği demək idi.

“Füyuzat” jurnalı füyuzatçılıq jurnalistika məktəbindən əlavə, Azərbaycanda müstəqil dövlətçilik ideyasını, konstitusiyalı azad vətəndaş cəmiyyətini yaratmaqda mühüm rol oynayıb.

Qısa zaman ərzində fəaliyyət göstərən jurnalın təbliğ etdiyi fikirlər, vətənpərvərlik duyğuları, füyuzatın – yəni, gözəlliklər, feyzlər axtarışının şüası, nuru yeni bir yüzilliyə də işıq saçıb. “Füyuzat” qısa ömründə tarixə əsrlərlə öz dəyərini itirməyəcək düşüncələr sistemi bəxş edib.