Həyatda çox insanlarla rastlaşırsan. Bu insanlar sənin ömür qatarının sərnişini olur, onları da bu qatara mindirib, birlikdə mənzil başına getmək istəyirsən. Lakin bu sərnişinlərdən səninlə mənzil başına gedəcək əzmdə olanlar çox az olur. Yolboyu onların daim yaxşı və ya pis hərəkətlərini görür, müşahidə edirsən.
Kimisi etdiyi pislikləri, kimisi yaxşılıqları, kimisi nakamlığı, məsumluğu, diribaşlığı, namərdliyi, mərdliyi ilə yadda qalaraq sənə həyat dərsi keçmiş olur, onlardan təcrübə qazanırsan. Kimisi ilə tanışlıq ömrür kutabına yeni səhifə yazar, ömrünə rəng qatar, həyat axarını dəyişır, sənə müsbət enerji verər, varlığı ilə həyatını gözəlləşdirər, dəyərli olduğunu hər gün hiss elətdirər. Kimisi ilə tanışlığın vaxt itkisi olduğunu düşünərsən, varlığı ilə yoxluğu o dərəcədə bilinməz ki, bircə gün üzdə olmayan, görünməyən kimi unudarsan. Elə insanlar da var ki, onları tanıdığına şükr edərsən. Nə yaxşı ki, bu insanı tanıdım, deyərsən.
Gəlişi ilə həyatında yaxşılığa doğru nələrisə dəyişər, ondan faydalanar, çox şey öyrənmiş olarsan. Hətta, bəlkə də, həyatında heç kəsdən eşitmədiyin ağır sözləri belə ondan eşidərsən, ancaq bunun sənin xeyrinə olduğunu düşünüb, ondan ürəyin qırılmaz, onunla dostluğu kəsməzsən. Bəzən yaşıdlarınla, yaxın qohumlarınla belə paylaşmadığını o insanla bölüşərsən. Nəinki biliyindən yararlanarsan, bircə sözü, fikri ilə ürəyinə rahatlıq, gərgin fikirlərinə məlhəm gələr. Sədaqət, sadiqlik, dürüstlük, insanlıq, dostluq rəmzinə çevrilər həmin adamlar, doğmalaşarsan…
Ömür qatarı irəli getdikcə bu qatara mindirib dost sandığın adamlardan çoxları səninlə mənzil başına gedib çatmaz. Bir gün dönüb arxaya baxarsan ki, bu adamlardan çoxları yol boyu stansiyalarda düşüb, hətta bəzilərini stansiyaya çatmamış özün düşürmüsən, çox az adam qalıb bu sərnişinlərdən səninlə axıradək gedə bilən. Amna o axıra qalanlar sənin üçün çox dəyərli və sınaqlardan keçmiş, xəlbirdə qalmış, etibar etdiyin, arxanı çevirə bildiyin, güvəndiyin adamlardır.
Həyat qatarınız bu cür insanlardan əskik olmasın, yolu axıradək elələri ilə gedəsiniz. Nə yaxşı ki, dünyamız bu cür insanlardan xali deyil və nə yaxşı ki, bu ömür yolunda bizim də qatarımızda belələri var…