- Mədəniyyət

“Leypsiq kitab yarmarkası” artıq üçüncü ildir təxirə salınır

Ənənəvi “Leypsiq kitab yarmarkası” 2023-cü ilin mart ayına təxirə salınıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu il keçirilməsi nəzərdə tutulan yarmarka bundan əvvəl artıq iki dəfə koronavirus pandemiyası səbəbindən ləğv edilib.

“2022-ci ildə kitab sərgisi olmayacaq. Əsas səbəb pandemiya ilə bağlı qeyri-sabit vəziyyətə görə bir çox kitab nəşriyyatının kitab festivalında iştirak etmək üçün Leypsiqə gəlməkdən imtina etməsidir”, – yarmarkanın təşkilatçıları bildiriblər.

Almaniya Kitab Həmkarlar İttifaqında yarmarkanın ləğv olunmasını kitab nəşri sənayesinə və bu sahədə çalışanlara ciddi zərbə kimi qiymətləndirilib.

İndi “Leypsiq kitab yarmarkası”nın təşkilatçılarının növbəti ədəbiyyat festivalına hazırlaşmaqdan başqa çarəsi qalmır. Tarixlər artıq bəllidir – 23-26 mart 2023-cü il.

Qeyd edək ki, əsası XVII əsrdə qoyulmuş “Leypsiq kitab yarmarkası” öz əhəmiyyətinə görə Frankfurt yarmarkasından sonra Almaniyada ikinci yeri tutur. Yarmarkada Almaniyadan və dünyanın başqa ölkələrindən çoxsaylı naşirlər müxtəlif növün (nəsilin) ədəbiyyatını, məktəb dərsliklərini, qəzetləri və jurnalları, təqvimlər, bədii albomlar, audiokitablar təqdim edirlər.