İordaniya Krallığının Mədəniyyət Nazirliyinin “Əfkar” ədəbiyyat jurnalı Azərbaycan Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli nasirlərimiz İsa Muğannanın “Qalın palto”, İsmayıl Şıxlının “Namərd gülləsi”, Fərman Kərimzadənin “Bir ürək yanmalıdır” və Nəriman Əbdülrəhmanlının “Kəpənək” hekayəsini nəşr edib.
Dövlət Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, tanınmış İordaniya yazıçısı Samih əl-Məhariqin Azərbaycan ədəbiyyatı haqqında “Azərbaycan ədəbiyyatı ilə tanışlıq” məqaləsi ilə təqdim edilən hekayələrin ərəb dilinə tərcümə müəllifi tanınmış Misir tərcüməçisi Əhməd Sami Elaydidir.
Qeyd edək ki, 1966-cı ildən nəşr olunan jurnal mütəmadi olaraq səhifələrində Aleksandr Düma, Qabriel Qarsia Markes, Xorxe Luis Borxes, Mario Varqas Lyosa kimi dünya şöhrətli yazıçıların yaradıcılığını işıqlandırır.