- Köşə

Həsrət – elə həsrətdir!…

Gülyaz ƏLİYEVA

Əzizim, düyün eylər,
Dərd qəlbdə düyün eylər.
İki həsrət qovuşsa,

Bayramın o gün eylər ….

Həsrət – sahib olub da qeyb etdiklərinədir ən çox!… Həsrət – sahib olduqlarıına qovuşamamaqdan doğar! Həsrət- ən yaxınında olduqlarına əlinin yetə bilməməsidir! Həsrət – uzun zaman axtardıqlarını tapa bilməməkdir! Həsrət – için-içun qovrulmaqdır, korun-korun yanmaqdır, öz tüstündə özünün boğulmağındır! Həsrət – yanğıdır, bir içim suya olan ehtiyac kimi…. Həsrət burnunun ucunun göynəməsidir, ananın körpəsinin iyinə möhtaclığı kimi… Həsrət – qışdan sonra yağan qardan vaxtsız açmış bir bənövşənin Günəşə boylanmasıdır. Həsrət- intəhasız ənginliklərə, uca zirvəli qayalara öyrənmiş bir qartalın bir qəfəsdə həbs olunub, dağlara baxa-baxa qalmasıdır! Həsrət geniş düzlərə öyrənmiş azad bir mustanqın tövlədə zəncirlənməsidir, geniş düzənlikləri göz önünə gətirərək dar məngənədə sıxılmasıdır!… Həsrət – ölüm ayağında olan yaralı bir ana ceyranın son nəfəsində onu əmən körpəsinə baxan əlacsız baxışlarıdır!… Həsrət- gözünün görüb dilinin lal olması kimidir, sevdiyinə ürəyini aça bilməmək kimi…. Həsrət – əzizinin döyülməsinə, təhqirinə göz görə-görə baxıb , əl-ayaqlarının olmamadığından kömək edə bilməməkgən doğan ağrı kimidir!….
Həsrət – uşaqlığını keçirdiyin evə bir daha dönə bilməməndir! Həsrət – səndə əziz, toxunulmaz xatirəsi olan yerləri bir daha görə bilməməndir! Həsrət – əl uzadıb ən sevdiyin gülə quruduğuna baxa-baxa su verə bilməməndir! Həsrət – duyub, görə bilməmək, anlayıb, anladamamaq, sevib, qovuşa bilməmək , dərdi bilib, əlac edə bilməmək, eşidib, dillənə bilməməkdir! Həsrət – qərib axşamlar, qəmgin gündüzlərdir. Yalqız qalmış məzardır! Qayğısız gülüşünün tən ortasında qəfildən hansısa xatirədən gülüşünün elə dodağındaca sırsıra bağlayıb donmasıdır! Həsrət – bir addımlıqda olan evinə, yurd-yuvana, torpağına, məskəninə, mədfəninə yetişə bilməməkdir! Həsrət – hər gün az-az ölüb – dirilməkdir! Həsrət Prometey əzabıdır! Həsrət bir qarabağlının yaz gələndə duyduğu hisslərdir, ürək göynərtisi, qəlb ağrıları, könül fəryadıdır!….
Həsrət – ürəkdən asılmış.ağır daşdır!
Bilmirəm, həsrəti duyduğum kimi anlada bildimmi?!
Bitdi…. Ta nə ?
Həsrət – elə həsrətdir!….