- Köşə

Nə yaxşı ki, sən varsan

Gülyaz ƏLİYEVA

Dünən axşam bir xanımın messencerə atdığı həyəcan dolu səsi məni 3 il bundan öncəyə – onunla ilk tanışlığımızın tarixinə apardı. Bu illər ərzində onunla necə isnişib dostlaşdığımızın, əməkdaşlığımızın, necə  doğma olduğumuzun yoluna nəzər saldım. İlk tanışlığımızda yola qorxa-qorxa çıxmışdım. Əcəba, məni necə qarşılayacaqlar? – deyə. Bu yolun məni hara aparacağını düşünmədən diqqəti doğma yurd-yuvalarından qovulmuş insanların çəkdiklərinin ağırlığını, yaşadıqlarının bir anını göstərmək istədim insanlara… biganələşən, unudan, sərtləşən, daşlaşan insanlara…  “Qırmızı paltarlı gəlincik və ya zaman və vaxt qatarı” ilə başladı bu yol… O vaxtdan bugünəcən  uzun, əvvəli daşlı-kəsəkli, nahamar,  sonrası cilalana-cilalana hamarlanan, rahat relsə dönən bir yola çıxdıq. Nə yaxşı ki, mən də bu qatarın sərnişinlərindən biri oldum. Nə yaxşı ki, bu yolda mənim  də izim var. Geriyə baxanda sevindim. Gərəkli olmaq, kiminsə dadına yetə bilmək çox gözəldir… O məhz belədir. Doğru-dürüst , qərəzsiz xəbərlər carçısı. Odur ki, onun müvəqqəti yoxluğu hər gün, hər an görünməkdə idi …

“Mənə erməni vandalizmi ilə bağlı yazılar lazım idi. Çox vacib. Siz paylaşmışdınız. Səhifənizə baxdım, heç biri açılmadı. Məgər “İlkxəbər” işləmir?! Ay aman, bu, necə ola bilər axı? Orada bizə lazım olan yazılar gedirdi. Erməni vandalizmi ilə bağli silsilə yazılar vardı. “Mədəniyyət ” səhifəsində, çox maraqlı köşə yazıları – Vasif Sadlqlının qələmindən çıxan bütün yazıları maraqla oxuyurdum. Hələ qələbə xəbərlərini demirəm! Qələbənin ilk xəbərlərini “İlkxəbər”dən alırdıq. Ən maraqlı müsahiblərin müsahibələri, ana dilimizin saflığı uğrunda gedən mübarizəni özündə əks etdirən silsilə müsahibələr məhz “ilkxəbər”in özəlliyi idi. Pərvanə Bayramqızının “Ədəbiyyat” səhifəsindəki yazıları da maraqla oxuduğum yazılardan idi. “Siyasət”, “İqtisadiyyat” , “Media”, “İdman xəbərləri”, tərəfsiz, döğru-dürüst, qərəzsiz yazıları ilə fərqlənirdi ilk xəbərlərin ünvanı olan “İlkxəbər””…

Messencerə səs atan xanımın təlaşına son qoymaq üçün tez-tələsik “İlkxəbər”in 7 yanvar tarixindən fəaliyyətini davam etdirdiyini, işə başladığını, hazırda onun axtardığı yazıların sayta yükləndiyini və bir azdan saytın açılacağı xəbərini özüm də qeyri-iradi bir sevinclə  çatdırdım. Oxucumuzun saytımız haqqında dediyi xoş sözlərdən, nə gizlədim, qürur duydum. Saytın baş redaktoru Xanoğlan Əhmədovun və Vasif Sadıqlının saytı ayaqda tutmaq üçün çəkdikləri zəhmətin boşa getmədiyinə, əməklərinin oxucular tərəfindən qiymətləndirildiyinə  sevindim.

Nə yaxşı ki, dekabrın 1-dən  texniki səbəbdən müvəqqəti olaraq bağlanan “İlkxəbər” saytı artıq fəaliyyətin davam etdirir. Nə yaxşı ki, hələ də H.Zərdabi ənənəsinə sadiq, sözü qiymətdən salmayan, sözün dəyərini bilən, onu ucuzlaşdırmayan, həqiqətə sadiq redaktorlarımız var. Nə yaxşı ki, mən də bu dəryada bir damlayam. Nə yaxşı ki, saytlar içərisində öz dəsti-xətti, imzası olan “İlkxəbər” var və o , fəaliyyətini yenidən davam etdirir!