- Köşə, Manşet

Əziz Əliyev küçəsi əcnəbicə danışdırılır, azərbaycanca susur

“Burda Azərbaycan dili süqut edib, burda Azərbaycan dili dəyər deyil. Burda hər şey pul qazanma qayəsinə xidmət edir. Burda hər şey mədə və udlaq sahiblərinin sərəncamındadır. Burda Azərbaycan dilinin hülqumu da onların əlindədir. Boğub, kənara atıblar. Burda Azərbay­can ruhu yoxdur. Burda Azərbaycan Respublikası­nın Azərbaycan dili haqqında qanunları işləmir, prezidentin fərmanına etina edilmir. Harda olduğunu unudursan. Əgər bu gün həmin küçə­dən görüntülər çəkib gələcəyə saxlasaq, kimsə bu ərazinin nəinki hansı şəhər, hətta hansı ölkə olması barədə qərar verə bilməz”.
Bunu keçən il bu vaxtlar Rəsulzadə küçəsində monitorinq aparandan sonra yazmışdıq. Əziz Əliyev küçəsinin dil mənzərəsi ondan da betərmiş. Hətta ana dilinə asi olmaqda onu da keçib. Rəsulzadə küçəsində heç olmasa üzərinə azərbaycanca “şabalıd” sözü yazılmış kiçik bir köşk və “Vyana şirniyyat evi” adlı ticarət obyekti var. Rəsulzadə küçəsi 40 dəfə ingiliscə, rusca, Türkiyə türkcəsi ilə danışanda, heç olmasa, iki dəfə də azərbaycanca danışır. Əziz Əliyev küçəsi istisnasız olaraq əcnəbicə danışdırılır, azərbaycanca susur. Bakı küçələrinin mühüm əksəriyyətinin vecinə deyil. Nəmi? Deməzsənmi, dil müxtəlifliyi mədəni müxtəlifliyin fundamental elementi imiş. Deməzsənmi, dil “mədəniyyətin mövcudluğunun şərti” imiş. Deməzsənmi, “dil mədəniyyətin yaşamasının spesifik üsulu, mədəni kodların formalaşması faktoru” imiş. Deməzsənmi, bu ölkənin Konstitusiyası varmış, orda dövlət dilinin Azərbaycan dili olması təsbit edilibmiş. Deməzsənmi, həmin Konstitusiyanın 18.1. maddəsinə görə, Azərbaycan Respublikasında dövlət dilinə qarşı gizli, yaxud açıq təbliğat aparmaq, bu dilin işlənməsinə müqavimət göstərmək, onun tarixən müəyyənləşmiş hüquqlarını məhdudlaşdırmağa cəhd etmək qadağan imiş…

Özünüz baxın:

“Shakespeare”
“Karabakh Historical Scent”
“Bomond” restaurant & Lounge
“Rafa” Jewellery
“B&G” store
“Optic gallery”
“Guess”
“”… Goddess Jewelry”
“Cinemaplus premium kinoteatr”
“Etage”
“Shaurma 1”
“By künefe”
“Mosaik fashion club”

və s…

Allah hər kəsi öz dilinə, mədəniyyətinə bu qədər biganə, etinasız, paytaxtının küçələri əcnəbi dillər tərəfindən işğal ediləndə vəzifə borcunu yerinə yetirmək əvəzinə şəxsi komfortunu düşünəcək qədər zavallı olmaqdan qorusun.

P.S. Yapon sadist yazarı Yukio Misima deyirdi ki, sadist öldürdüyü hamilə qadının meyidini ayaqlayanda kama çatır. Azərbaycan dilinin qətlinə fərman verən gizli əl artıq Bakının ortasında Azərbaycan dilini beləcə qətlə yetirərək kamına çatıb.