- Cəmiyyət, Manşet

XİN: “İranın Azərbaycanın 4 diplomatını arzuolunmaz şəxs elan etməsi ikitərəfli münasibətlərə xələl gətirir”

Rəsmi Bakı bəyan edib ki, İranın Azərbaycanın Tehran və Təbrizdə işləyən 4 diplomatını arzuolunmaz şəxs elan etməsi iki ölkə arasındakı əlaqələrə xələl gətirir.

“Report”un xəbərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib ki, İranın bu qərarı tamamilə əsassızdır.

Onun sözlərinə görə, Tehran bu əsassız qərarı Azərbaycanın İranın 4 diplomatı ilə bağlı addımına cavab olaraq qəbul edib.

“İran tərəfi heç bir əsas olmadan və yalnız qarşılılıq prinsipini bəhanə gətirərək, ölkəmizin İrandakı səfirliyindən hələ yanvar ayında təxliyə olunmuş 2 nəfər əməkdaşı və Baş Konsulluğun 2 nəfər əməkdaşını arzuolunmaz şəxs elan edib”, – A.Hacızadə vurğulayıb.

O deyib ki, İranın Azərbaycanın 4 diplomatını arzuolunmaz şəxs elan etməsi bir sıra problemlərin mövcud olduğu ikitərəfli münasibətlərə xələl gətirir.

Qeyd edək ki, cari ilin aprel ayının əvvəlində İranın Azərbaycandakı səfirliyinin 4 əməkdaşı diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan edilmişdi.