- Mədəniyyət

Bu gün Xalq rəssamı Toğrul Nərimanbəyovun xatirə günüdür

Xalq rəssamı Toğrul Nərimanbəyov çağdaş Azərbaycan təsviri sənətinin yetişdirdiyi, böyük şəxsiyyətlərdən biridir.

AZƏRTAC xəbər verir ki, bu gün bənzərsiz fırça ustası Toğrul Nərimanbəyovun vəfatından 10 il ötür. O bütün ömrü boyu Azərbaycan təsviri sənətinin inkişafına və təbliğinə çalışıb, yaratdığı bənzərsiz sənət nümunələri ilə milli sənət dünyamıza dəyərli töhfələr verib.

Nar onun rəsmlərində Göyçaydan Bakıya, oradan da Parisə, Nyu-Yorka, İstanbula, Londona, Moskvaya və neçə-neçə uzaq şəhərlərə gedib çıxıb. Qəribə və qeyri-adi yaradıcılıq qabiliyyətinə malik Xalq rəssamı Toğrul Nərimanbəyov təkcə doğma vətənində deyil, dünyanın əksər ölkələrində yaxşı tanınır. Onun əsərləri dünyanın bir çox incəsənət muzeylərində, fondlarda saxlanılır. Çexiya, Rusiya, Hindistan, Fransa, Litva, ABŞ və digər ölkələrdə görkəmli rəssamın fərdi sərgiləri keçirilib.

Toğrul Nərimanbəyov təkcə rəssam deyil, həm də opera ifaçısı idi. Onun gözəl, məxməri bariton səsi var idi. Klassik operalardan, xüsusilə İtaliya bəstəkarlarının əsərlərindən ariyaları peşəkar səviyyədə ifa edirdi.

T.Nərimanbəyovun zəhməti, sənəti hər zaman qiymətləndirilib. O, 30 yaşında Əməkdar, 33 yaşında isə Xalq rəssamı adına layiq görülüb. 1974-cü ildə dünya şöhrətli bəstəkar Fikrət Əmirovun “Nəsimi dastanı”, 1980-ci ildə isə “Min bir gecə” əsərlərinə verdiyi səhnə tərtibatına görə Dövlət mükafatı alıb. 2000-ci ilin avqustunda T.Nərimanbəyov Azərbaycanın “İstiqlal” ordeni, 2010-cu ilin avqustunda isə “Şərəf” ordeni ilə təltif edilib. Rəssamın müstəqil Azərbaycanın bu ali mükafatlarına layiq görülməsi doğma vətənində onun sənətinə və şəxsiyyətinə ehtiramın ifadəsidir.

Prezident İlham Əliyevin 2010-cu il 22 iyun tarixli Sərəncamı ilə görkəmli rəssamın yubileyi dövlət səviyyəsində keçirilib. Yubiley tədbirləri nəinki doğma vətənində, hətta ölkəmizin sərhədlərindən kənarda da qeyd edilib.

Toğrul Nərimanbəyov Fransa Müasir İncəsənət Ensiklopediyasında haqqında məlumat verilən yeganə azərbaycanlıdır.

Dünya şöhrətli fırça ustası 2013-cü il iyunun 2-də Parisdə vəfat edib, Passi qəbiristanlığında dəfn olunub.

Toğrul Nərimanbəyov bənzərsiz yaradıcılığı ilə ən yüksək zirvələri fəth edərək mənsub olduğu xalqın ürəyində özünə əbədi heykəl ucaldıb. O, fitri istedadı və böyük zəhməti sayəsində Azərbaycan rəssamlıq məktəbində yeni yol açmaqla çoxlarının qibtə etdiyi səviyyəyə ucalıb, sənətsevərlərin rəğbətini, kiçikdən-böyüyədək müxtəlif zövqlü insanların məhəbbətini qazanıb, onlarda rəssamlığa sonsuz sevgi və maraq oyadıb. Rənglərin ahəngini qəlbinin, ruhunun ayrılmaz hissəsinə çevirən Toğrul Nərimanbəyov mənalı ömür yaşayaraq üzərinə düşən missiyanı şərəflə yerinə yetirib. Bu böyük sənətkar ömrü boyu fırçanı yalnız şəkil çəkmək xatirinə əlinə götürməyib. Yaratmaq duyğusu ilə ürəyinin dərin qatlarından gələnləri kətana köçürüb. İçindəkiləri solmayan rənglər dünyasına danışıb. Dünyaya Buzovnadan, İçərişəhərdən, Abşerondan boylanıb, Göyçay narına əbədi xoşbəxtlik gətirib, harada olubsa Azərbaycanı düşünüb, Vətəni təmsil edib. Bu sevgi ilə dünyanı dolaşıb, mərd, məğrur, qürurlu bir insan ömrü yaşayıb, sənəti ilə şəxsiyyətini tamamlamağa nail olub, kamillik zirvəsinə ucala bilib.