Azərbaycanın tanınmış xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevdən bəhs edən “100 il şərəfli ömür” filmi Böyük Britaniya “Ramsgate International Film & TV” film festivalında seçilmiş filmlər siyahısında yer alıb. Ekran əsəri iyunun 20-də beynəlxalq festivalda nümayiş ediləcək.
Bu barədə AZƏRTAC-a filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.
Onun sözlərinə görə, festival müxtəlif sivilizasiyalara və mədəniyyətlərə yönəlmiş keyfiyyətli ekran əsərlərini tanıtmaq məqsədi daşıyır.
Filmin çəkilmə səbəbləri ilə bağlı fikirlərini bölüşən C.Qasımov deyib: “Hacı Zeynalabdin Tağıyev harada yaşamasından asılı olmayaraq soydaşlarının imdadına çatıb, Azərbaycan xalqının maariflənməsi, istedadlı insanların yüksək təhsil alması, kütləvi savadsızlığın aradan qaldırılması, ölkədə iqtisadiyyatın hərtərəfli inkişafının təmin olunması, habelə milli kadrların hazırlanması üçün zəruri tarixi missiya həyata keçirib. Hələ Bakı Dövlət Universitetində oxuduğum illərdən başlayaraq, bu görkəmli sahibkar və xeyriyyəçi haqqında çoxlu məlumatlar əldə etmişdim, bir sözlə, onunla bağlı çap olunan bütün materialları yığmışdım. Amma ağlıma da gəlməzdi ki, nə vaxtsa bu sənədlər, kitablar, fotoşəkillər mənim sənədli filmimin qəhrəmanına çevriləcək”.
Redaktoru Əkbər Qoşalı olan sənədli filmdə mətni Xalq artisti Eldost Bayram oxuyub.