M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində “Musiqi körpüsü” (ABŞ – Azərbaycan) adlı konsert proqramı təqdim edilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan-Amerika Musiqi Fondunun təsisçisi və sədri, tanınmış orqan ifaçısı Cəmilə Cavadova-Spitsberq “Musiqi körpüsü” layihəsi haqda tamaşaçılara ətraflı məlumat verib.
Sonra tanınmış dirijor Fərhad Xudiyevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri dinləyicilərin qarşısında zəngin proqramla çıxış edib. Proqramda G.Chadwick “Simfonik eskizlər”dən “Jubilee”, Q.Qarayev “İldırımlı yollarla” baletindən 2 saylı Süita, A.Copland “Rodeo” baletindən “Hoe – Down” və P.İ.Çaykovskinin “Romeo və Cülyetta” uvertyura – fantaziyası səslənib.
Qeyd edək ki, istedadlı azərbaycanlı dirijor Farhad Xudiyev ABŞ, Almaniya, Danimarka, Tayvanda beynəlxalq müsabiqələrinin qalibi olub. ABŞ-da beynəlxalq kamera musiqi festivalında qızıl medala, Tayvanda keçirilən dirijorların beynəlxalq müsabiqəsində mükafata layiq görülüb. Sietl, San Diyeqo, Nyu-York, Nyu-Cersi, Manhetten, Frankfurt, London, Çin, Tayvan, Danimarka simfonik orkestrlərinə dirijorluq edib. Kaliforniyada Monterey Hidden Valley simfonik orkestrinin bədii rəhbəri olub. Onu podiumdaki sehrbaz adlandırır, onun çıxışlarını “görünməyən dünya ilə əlaqə” kimi şərh edirlər.
F.Xudiyev ABŞ-ın ən yaxşı 5 dirijorundan biri seçilib. Hazırda Texas Universiteti simfonik orkestrinin musiqi direktorudur.