- Mədəniyyət

Xəzər Universitetində beynəlxalq elmi simpozium keçiriləcək

Xəzər Universitetində 14-15 oktyabr 2024-cü il tarixlərində “Füzuli poeziyası irfan və  ümumbəşəri mənəvi dəyərlər işığında” mövzusunda beynəlxalq elmi simpozium keçiriləcək. Bu barədə kamilinfo-a universitetin mətbuat xidmətindən məlumat verilib. 

Press-relizdə deyilir: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinin qeyd olunması haqqında 25 yanvar 2024-cü il tarixli Sərəncamına əsasən, Xəzər Universitetində “Füzuli poeziyası irfan və  ümumbəşəri mənəvi dəyərlər işığında” mövzusunda beynəlxalq elmi simpozium keçiriləcək. 14-15 oktyabr 2024-cü il tarixində baş tutacaq tədbir Universitetin Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutu və Dillər və Ədəbiyyatlar Departamenti tərəfindən təşkil olunacaq.

Konfransın məqsədi dünya mədəni irsinə dəyərli töhfələr vermiş türkdilli ədəbiyyatımızın ən qüdrətli söz ustadlarından biri olan Füzuli Bağdadinin ədəbi-fəlsəfi məktəbinin hərtərəfli müzakirəsidir. Şairin  türkcə divanı,  “Hədiqətüs-Süəda”, “Leyli və Məcnun”, “Bəngü Badə”, Şikayətnamə”, “Söhbətül-əsmar” əsərləri, farsca divanı, “Həft cam”, “Səhhət və Mərəz”, “Rindü Zahid” əsərləri, ərəbcə “Mətləül-etiqad” əsəri və qəsidələri onun üç dildə ölməz ədəbi nümunələr yaradan qüdrətli bir sənətkar olduğunu sübut edir. Əsrlər keçsə də Füzuli poeziyası öz təravətini, aktuallığını itirmir.  Dərin irfani mənası, yüksək poetik xüsusiyyətləri ilə seçilən bu əsərlər geniş coğrafi arealda yayılmış, ədəbi və fəlsəfi mühitə güclü təsir göstərmişdir. Əsrlərin sınağından uğurla çıxan Füzuli yaradıcılığı, insanlığa, xüsusilə də gənc nəslin yüksək mənəvi dəyərlər işığında, bütün dünyaya və insanlığa sevgi atmosferində yetişməsinə xidmət edir.

Füzuli irsinin öyrənilməsi, beynəlxalq ədəbi ictimaiyyətə daha yaxından tanıdılması bu gün mənəvi dəyərlərin arxa plana keçdiyi, dünyada müharibələrin, terrorun, ictimai duyarsızlığın və laqeydliyin hökm sürdüyü bir zamanda çox gərəkli və önəmlidir.

Simpoziumda “Füzulinin sələfləri və xələfləri”, “Füzuli yaradıcılığının sənətkarlıq xüsusiyyətləri”, “Füzuli yaradıcılığında milli və ümumbəşəri mənəvi dəyərlər”, “Füzuli yaradıcılığında irfan və təsəvvüf”, “Füzuli yaradıcılığında eşq”, “Füzuli şeirlərinə yazılan nəzirələr və təxmislər”, “Füzuli əsərlərinin  dünya dillərinə tərcüməsi”, “Azərbaycan füzulişünaslığı dünən və bugün: problemlər və perspektivlər”, “Füzuli əsərlərinin tədrisi metodikası”, “Dünya ədəbiyyatşünaslığında Füzuli yaradıcılığı” kimi mövzularda 7 ölkədən 68 məruzəçinin çıxışı dinləniləcək.

Qeyd edək ki, konfransın ilk günü (14 oktyabr) Xəzər Universitetinin Neftçilər kampusunda əyani olaraq baş tutacaq, ikinci gün (15 oktyabr) yalnız onlayn formatda iştirakçılar dinləniləcək. Onlayn hissə zoom platformasında təşkil olunacaq. Azərbaycan, Türkiyə, İran, İraq, Qazaxıstan, Hindistan, Macarıstandan olan məruzəçilər iki gün ərzində dahi Füzuli işığında elmi müzakirələr aparacaqlar. Simpoziumdan sonra tezislər və məruzələr toplu şəklində nəşr olunacaq”.