- Mədəniyyət

Azərbaycan hindistanlı rejissor və prodüserlər üçün ilin çəkiliş məkanı seçilib

Mumbay şəhərində XI Hindistan Beynəlxalq Film Turizmi Konqresi (IIFTC – India International Film Tourism Conclave) keçirilib.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirin mükafatlandırma mərasimində ilin nəticələrinə əsasən, Azərbaycan Hindistandan olan rejissor və prodüserlər üçün ən populyar çəkiliş məkanı elan edilib.

IIFTC konqresinin rəhbəri Harşad Bhaqvat çıxış edərək vurğulayıb ki, son illərdə Azərbaycan ən çox tələb görən çəkiliş məkanlarından birinə çevrilib.

Azərbaycan nümayəndə heyəti tədbirdə ölkə mədəniyyətinin təbliği, yaradıcılıq sahələrinin inkişafına dəstək, həmçinin kino potensialımızın beynəlxalq səviyyədə tanıdılması və yerli kino sənayesinin inkişafına xarici mütəxəssislərin cəlb edilməsi məqsədilə bir sıra görüşlər keçirib. Görüşlərdə Azərbaycanın həm film çəkilişi məkanı olması, həm də birgə film istehsalı ilə bağlı müzakirələr aparılıb.

Son iki ildə ölkəmizdə həyata keçirilən “Yaradıcı Azərbaycan” proqramı çərçivəsində müxtəlif layihələrin icrası, Film komissiyasının fəaliyyətinin canlandırılması, xarici istehsalçıların Azərbaycanda çəkilişlərə cəlb olunması yerli kino sənayesinin də inkişafı ilə bağlı əhəmiyyət kəsb edir.

Qeyd edək ki, Türkiyə, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Polşa, İspaniya, Slovakiya, Norveç və digər ölkələrdən film komissiyalarının yer aldığı tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) də iştirak edib. Ölkəmizdən “Filmlab.az”, “Filmbridge Azerbaijan”, “CNF” və “Ultra Production” şirkətləri IIFTC-də tədbirə qatılıb.