“Kəraçi 2024” Ümumdünya Mədəniyyət Festivalı (Pakistan) çərçivəsində Əhməd Pərviz İncəsənət Qalereyasında “Azərbaycanın Qeyri-Maddi Mədəni İrs” sərgisi keçirilib. Tədbir “Arts Council Azerbaijan” və “Arts Council Pakistan” tərəfindən təşkil olunub.
AZƏRTAC xəbər verir ki, sərgidə Eldar Babazadə, Nailə Aslanova, Məryəm Qibləyeva, Röya Həsən, Nailə Məhərəmova, Nigar Əliyeva, Sürayə Məmmədli, Leyla Orucova, Nərminə Uluxanova, Leyla Muradova, Aynurə Mustafayeva, Elşən Rıza kimi azərbaycanlı rəssamların əsərləri təqdim olunub. Bundan əlavə, sərgidə Azərbaycanın mədəni irsinin nadir elementləri: kəlağayı, Qarabağ xalçaları və rəsm əsərləri nümayiş etdirilib. Azərbaycan nümayəndə heyətinin tərkibində muğam ustaları Sahib Paşazadə və Kamran Kərimov da yer alıblar.
Bu il sərgidə Konsepsiyasını Sona Quliyevanın hazırladığı “Arts Council Azerbaijan” layihəsinin “İkinci həyat: Dirçəliş sənəti” adlı eksponatlar yer alıb. Layihə köhnə xalçaları sənət nümunələrinə çevirmək, orijinal naxışları qorumaq və onlara bədii elementlər əlavə etmək məqsədi daşıyan təşəbbüsdür.
Tədbir çoxlu sayda sənət biliciləri, rəssamlar, yaradıcı peşələrin nümayəndələri və rəsmiləri bir araya toplayıb.
“Arts Council Azerbaijan”ın rəhbəri Dadaş Məmmədov AZƏRTAC-a müsahibəsində nümayəndələrimizin festivalda iştirakından daha ətraflı danışıb.
“Bizim gözəl təəssüratlarımız oldu. Festival 38 gün davam etdi və bu, həqiqətən də heyrətamizdir! Bu müddət ərzində konsertlər, tamaşalar, sərgilər, müxtəlif bədii tədbirlər keçirilib. Bizi çox mehriban qarşıladılar. Azərbaycan sərgisinə xüsusi münasibət var idi. Festivala xalçalarla bağlı orijinal layihə gətirdik və işimiz yaxşı qarşılandı. Bundan əlavə, açılışda muğam ifa edən Azərbaycan musiqiçilərinin çıxışı olub və bu, sərginin ziyarətçilərində böyük təəssürat yaradıb”, – deyə Dadaş Məmmədov qeyd edib.
Festival çərçivəsində Kəraçi qubernatoru incəsənət və mədəniyyət vasitəsilə əməkdaşlıq və qarşılıqlı anlaşmanın vacibliyini vurğulayaraq, “Arts Council Azerbaijan”ın rəhbərinə ölkələr arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfəyə görə mükafat təqdim edib.
“Pakistanda qardaşlıq münasibətlərimiz yüksək qiymətləndirilir. Festival zamanı hər fürsətdə, istənilən çıxışda Azərbaycanın adı çəkilirdi. Azərbaycanın belə genişmiqyaslı beynəlxalq festivalda iştirak etməsi bizim üçün çox vacib idi”, -deyə agentliyin həmsöhbəti vurğulayıb.
Ümumdünya Mədəniyyət Festivalı – “Kəraçi 2024” müxtəlif ölkələrdən olan rəssamları, musiqiçiləri və yaradıcı nümayəndələri vahid platformada bir araya gətirdi. Festivalın məqsədi mədəni əlaqələri gücləndirmək və ənənələr mübadiləsi aparmaq, dünya mədəniyyəti və incəsənətinin zənginliyini araşdırmaq üçün platforma yaratmaqdır.